2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın sığorta bazarında yığımlar artsa da, sığorta ödənişlərinin artım tempi yığımları xeyli üstələyib.
Sığorta şirkətlərinin ödəniş/yığım nisbəti üzrə - RENKİNQİ – (YANVAR-AVQUST, 2026)
FED,az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Bankın açıqladığı statistikaya əsasən xəbər verir ki, 2025-ci ilin ilk 8 ayında sığorta şirkətləri 1 milyard 48,1 milyon manat sığorta haqqı toplamışdılarsa, 2026-cı ilin eyni dövründə bu göstərici 1 milyard 115,4 milyon manata yüksəlib.
Beləliklə, sığorta yığımları bir ildə 67,3 milyon manat və ya 6,4% artıb.
Sığorta ödənişlərində isə artım daha böyükdür.
2025-ci ilin yanvar-avqustunda sığorta şirkətləri 603,4 milyon manat ödəniş etmişdilər. 2026-cı ilin eyni dövründə ödənişlər 773,2 milyon manata çatıb.
Nəticədə ödənişlər bir ildə 169,7 milyon manat və ya 28,1% artıb.
Bu dinamika yığım/ödəniş nisbətinə də ciddi təsir edib. 2025-ci ilin ilk 8 ayında hər 100 manat yığıma təxminən 57,6 manat ödəniş düşürdüsə, 2026-cı ildə bu göstərici 69,3 manata yüksəlib.
Könüllü sığorta bazarı 13% böyüyüb
Könüllü sığortalar üzrə yığımlar 798 milyon manatdan 902 milyon manata yüksəlib.
Artım 104 milyon manat və ya 13% təşkil edib.
Könüllü sığortalar üzrə ödənişlər isə daha sürətlə – 511 milyon manatdan 662 milyon manata, yaxud 30% artıb.
Əsas artım həyat sığortasından gəlib
Həyat sığortası üzrə yığımlar ötənilki 526,8 milyon manatdan bu il 597,3 milyon manatadək, yəni 13,4% artıb.
Sığorta ödənişləri isə ötən il 424 milyon manat olduğu halda, bu il 565,6 milyon manata yüksəlib – artım 33%.
Yaşam sığortasında ödənişlər 142 milyon manat artıb
Həyatın yaşam sığortası üzrə yığımlar 2025-ci ilin ilk 8 ayındakı 498 milyon manatdan 559 milyon manata yüksəlib – artım 12,2% olub.
Bu sahədə ödənişlər isə 420 milyon manatdan 562 milyon manata yüksəlib. Beləliklə, ödənişlər bir ildə təxminən 142 milyon manat və ya 34% artıb.
Həyatın ölüm halından sığortası üzrə yığımlar 22,2 milyon manatdan 28,5 milyon manata – 28,1%, sağalmaz xəstəliklərdən sığorta üzrə isə 3,3 milyon manatdan 7,2 milyon manata – təxminən 2,2 dəfə yüksəlib.
Tibbi sığortada yığımlar azalıb, ödənişlər artıb
Sektor üzrə artım dinamikası tibbi sığortada əksinə müşahidə olunub. Tibbi sığortada geriləmə qeydə alınıb. Bu sahədə sığorta yığımları: 101,4 milyon manatdan 96,1 milyon manata enib. Bu təxminən 5,2% azalma deməkdir.
Əvəzində tibbi sığorta ödənişləri 58,8 milyon manatdan 63,6 milyon manata yüksələrək 8,1% artıb. Nəticədə tibbi sığorta üzrə ödəniş yığım nisbəti keçən ilki 58%-dən bu il 66%-ə yüksəlib.
Xaricə səfər edənlərin sığortasında isə həm yığım, həm də ödənişlər sürətlə artıb. Yığımlar 4,5 milyon manatdan 6,9 milyon manata – 54%, ödənişlər isə 399 min manatdan 712 min manata – 78,4% yüksəlib.
Əmlak sığortasında 22%-lik artım
Könüllü əmlak sığortası üzrə yığımlar 161,3 milyon manatdan 196,6 milyon manata, yəni 21,9% artıb. Ödənişlər də 27,6 milyon manatdan 32,2 milyon manata yüksəlib – artım 16,5% olub.
Əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar 54,6 milyon manatdan 72,5 milyon manata – 32,7%, ödənişlər isə 1,8 milyon manatdan 2,8 milyon manata – 56% artıb.
KASKO üzrə yığımlarda ciddi dəyişiklik olmayıb: 46,6 milyon manatdan 47,4 milyon manata, yaxud cəmi 1,6% artım qeydə alınıb.
Amma KASKO ödənişləri 20,3 milyon manatdan 25,5 milyon manata yüksəlib – artım 25,7% təşkil edib.
Aqrar sığortada maraqlı dəyişikliklər
Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar 3,5 milyon manatdan 6,7 milyon manata yüksəlib. Artım 91,8%, yəni təxminən 2 dəfədir.
Bu istiqamətdə ödənişlər 388 min manatdan 1,37 milyon manata çataraq təxminən 3,5 dəfə artıb.
Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında isə yığımlar 12,15 milyon manatdan 12,71 milyon manata – 4,6% artdığı halda, ödənişlər 4,6 milyon manatdan 392 min manata düşüb. Azalma 91,5% təşkil edib.
İcbari sığorta bazarı 15% kiçilib
Ümumi bazarın böyüməsinə baxmayaraq, icbari sığortalar üzrə əks dinamika müşahidə olunub. İcbari sığorta yığımları ötənilki təqribən 250 milyon manatdan bu il cəmi 213 milyon manata enib. Bu il ərzində 14,6% azalma deməkdir.
Bunun əksinə olaraq, icbari sığorta ödənişləri artıb – ötən il icbari sığortalar üzrə 92,7 milyon manat ödənildiyi halda, bu il şirkətlər icbari sığorta üzrə 110,7 milyon manat ödəyiblər - 19,4% artım.
Azalmanın əsas səbəblərindən biri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari sığortadır. Bu istiqamətdə yığımlar 67 milyon manatdan 42,2 milyon manata, yaxud 37,1% azalıb.
Daşınmaz əmlakın icbari sığortasında da ciddi azalma var. Yığımlar 63,3 milyon manatdan 39,3 milyon manata düşüb – 37,9% azalma.
Maraqlıdır ki, daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar azalarkən ödənişlər 1,8 milyon manatdan 3 milyon manata yüksəlib – artım 65,6% olub.
Avtomobillərin icbari sığortasında həm yığım, həm ödəniş artıb
İcbari sığorta bazarının ən böyük seqmentində isə artım davam edib.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar artmaqda davam edib, ötənilki 118 milyon manatdan 131 milyon manata yüksəlib – artım 10,7%.
Amma sığorta şirkətləri bu artımdan sevinməyə macal tapmamış sığorta ödənişləri də artıb – ötən il icbari avtomobil qəzaları üzrə 87,2 milyon manat ödənilmişdisə, bu il həmin qəzalar sığorta şirkətlərinə 104,8 milyon manata başa gəlib - 20,2% artım.
Nəticədə ötən ilin bu vaxtı sığorta şirkətləri icbari avtomobil sığortasında topladıqları hər 100 manata görə 74 manat ödəniş edirdilərsə, bu il həmin göstərici yenidən 80%-ə yüksəlib.
Ödənişlər yığımlardan 4 dəfə sürətlə artır
2025–2026 müqayisəsində bazarın əsas göstəricisi məhz budur: sığorta yığımlarının 6,4% artdığı dövrdə ödənişlər 28,1% yüksəlib.
Nəticədə bazarın yığım/ödəniş nisbəti də ciddi dəyişib – 2025-ci ildə 57,6% olduğu halda, bu il 69,3%.
Yəni 2025-ci ilin ilk 8 ayında hər 100 manat sığorta haqqına 57,6 manat ödəniş düşürdüsə, bu il artıq 69,3 manat düşür.
Ümumi yığımların artmasını əsasən könüllü sığortalar, xüsusilə həyat sığortası və əmlak sığortası dəstəkləyib. İcbari sığortalarda isə yığımlar azalıb, buna baxmayaraq ödənişlər artıb.














