2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda sığorta şirkətlərinin topladığı sığorta haqlarının ümumi məbləği 1 milyard 115,4 milyon manat təşkil edib.
Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-AVQUST, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Bankın açıqladığı statistikaya əsasən xəbər verir ki, bu dövrdə sığorta hadisələri üzrə müştərilərə 773,2 milyon manat sığorta ödənişi həyata keçirilib.
Beləliklə, ilin ilk 8 ayında toplanmış hər 100 manat sığorta haqqına qarşı təxminən 69,3 manat ödəniş düşüb.
Sığorta haqlarının 902 milyon manatı könüllü sığortadır
2026-cı ilin yanvar-avqustunda sığorta bazarının əsas hissəsini könüllü sığortalar formalaşdırıb.
Könüllü sığorta növləri üzrə 901,9 milyon manat sığorta haqqı toplanıb. Bu, bütün sığorta yığımlarının təxminən 80,9%-i deməkdir.
Könüllü sığortalar üzrə ödənişlər isə 662,5 milyon manat olub və ümumi sığorta ödənişlərinin 85,7%-ni təşkil edib.
Könüllü sığortanın daxilində ən böyük pay həyat sığortasına məxsusdur. Həyat sığortası üzrə 8 ayda 597,3 milyon manat sığorta haqqı toplanıb, 565,6 milyon manat ödəniş edilib.
Bunun da əsas hissəsi həyatın yaşam sığortasının payına düşüb. Bu istiqamətdə yığımlar 559,5 milyon manat, ödənişlər isə 561,6 milyon manat təşkil edib. Yəni 8 ay ərzində yaşam sığortası üzrə həyata keçirilmiş ödənişlər toplanmış sığorta haqlarını üstələyib.
Həyatın ölüm halından sığortası üzrə yığımlar 28,5 milyon manat, ödənişlər 2,6 milyon manat, sağalmaz xəstəliklərdən sığortada isə müvafiq olaraq 7,2 milyon manat və 1,3 milyon manat olub.
Qeyri-həyat sığortasında 305 milyon manat yığım
FED.az xəbər verir ki, könüllü qeyri-həyat sığortası üzrə sığorta şirkətləri yanvar-avqustda 304,6 milyon manat sığorta haqqı toplayıb və 96,9 milyon manat ödəniş həyata keçiriblər. Şəxsi sığorta növləri üzrə yığımlar 108 milyon manat, ödənişlər 64,8 milyon manat olub. Bunun böyük hissəsi tibbi sığortanın payına düşür.
Tibbi sığorta üzrə:
96,1 milyon manat sığorta haqqı toplanıb, 63,6 milyon manat ödəniş edilib.
Xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar 6,9 milyon manat, ödənişlər 712 min manat, fərdi qəza və xəstəlik sığortası üzrə isə müvafiq olaraq 5,1 milyon manat və 406 min manat təşkil edib.
Əmlak sığortasında yığımlar 196,6 milyon manatdır
Könüllü əmlak sığortası üzrə 2026-cı ilin ilk 8 ayında 196,6 milyon manat sığorta haqqı toplanıb və 32,2 milyon manat ödəniş həyata keçirilib.
Əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar 72,5 milyon manat, ödənişlər 2,8 milyon manat olub.
KASKO – avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə şirkətlər 47,4 milyon manat sığorta haqqı toplayıb, 25,5 milyon manat ödəniş ediblər.
Bu ilin ilk 8 ayında hava nəqliyyatı vasitələrinin (təyyarələrin) sığortası üzrə yığımlar 18,7 milyon manat, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə 12,7 milyon manat, kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 6,7 milyon manat olub.
Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ödənişlər 1,4 milyon manat, bitkiçilik sığortası üzrə isə 392 min manat təşkil edib.
İcbari sığortalardan 213,5 milyon manat yığılıb
İcbari sığorta növləri üzrə 2026-cı ilin yanvar-avqust aylarında 213,5 milyon manat sığorta haqqı toplanıb. Bu sahə üzrə ödənişlər 110,7 milyon manat təşkil edib.
İcbari sığorta bazarında ən böyük istiqamət avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası – İSB-dir. Bu sığorta növü üzrə 8 ayda 131,2 milyon manat sığorta haqqı toplanıb və 104,8 milyon manat ödəniş həyata keçirilib.
Başqa sözlə, təkcə avtomobillərin icbari sığortası bütün icbari sığorta ödənişlərinin təxminən 95%-ni formalaşdırıb.
Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 39,3 milyon manat, ödənişlər 3 milyon manata yaxın olub.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə isə 42,2 milyon manat sığorta haqqı toplanıb, 2,9 milyon manat ödəniş edilib.
Beləliklə, 2026-cı ilin ilk 8 ayının nəticələrinə görə həm sığorta haqlarında, həm də ödənişlərdə əsas hissə könüllü həyat sığortasının üzərinə düşüb.














