Azərbaycanın 2027-ci il dövlət büdcəsinin əsas göstəriciləri açıqlanıb.
FED.az xəbər verir ki, 2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olması proqnozlaşdırılır.
Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib.
Beləliklə, büdcə kəsiri 3 milyard 166 milyon manat təşkil edəcək. Kəsirin ÜDM-ə nisbətinin 2,2% olacağı gözlənilir.
2027-ci ilin büdcə hesablamalarında neftin bir barelinin qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
Müqayisə üçün, 2026-cı ilin təsdiqlənmiş dövlət büdcəsində gəlirlər 38,609 milyard manat, xərclər 41,704 milyard manat müəyyən edilib.
Bu göstəricilərlə 2027-ci ildə büdcə gəlirləri 2026-cı ilin təsdiqlənmiş göstəricisindən təxminən 625 milyon manat və ya 1,6%, xərclər isə 696 milyon manat və ya 1,7% çox nəzərdə tutulur.












