Yaxın Şərqdə davam edən münaqişənin turizmə mənfi təsir göstərəcəyi gözlənilir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, analitiklərin fikrincə, yay aylarında uzunmüddətli uçuş biletlərinin qiymətlərində baş verə biləcək artımlar turizm sektoruna təsir edəcək.
Bəs İsraildə vəziyət necədir? - «Tramp «dayan» deyən kimi, İsrail dayanacaq» - MÜSAHİBƏ
"Financial Times" qəzetinin son analitik hesabatına görə, qlobal logistika marşrutlarında yaranan gərginlik və tədarük zəncirindəki qırılmalar tranzit xərclərini rekord həddə — 560%-ə qədər yüksəldib.
Bu kəskin artım artıq yalnız ticarətə deyil, birbaşa qlobal turizm və aviasiya sənayesinə də ciddi zərbə vurmağa başlayıb.
Hesabatda qeyd olunur ki, Qırmızı dənizdəki geosiyasi gərginlik səbəbindən gəmilərin Süveyş kanalından yan keçərək Afrikanın cənubundan dolaşması (Ümid burnu marşrutu) qlobal yükdaşıma tariflərini (freight rates) alt-üst edib. Konteyner daşımalarında müşahidə olunan 560%-lik artım “domino effekti” ilə digər nəqliyyat sahələrinə də sirayət edib.
Azərbaycandan xaricə turizm axını dayanıb – UÇMAĞA QORXURLAR – SON VƏZİYYƏT
Analitiklər xərclərin turizm sektoruna təsirini üç əsas faktorla izah edirlər, bunlar təyyarə yanacağının bahalaşması, yüklərin təyyarələrlə daşınmağa başlaması və bilet qiymətinin artmasıdır.
Məsələ bundadır ki, təyyarə yanacağının (Jet fuel) mühüm hissəsi dəniz yolu ilə daşınır. Marşrutun uzanması və logistik xərclərin 5 dəfədən çox artması yanacağı bahalaşdırıb və aviaşirkətlərin əməliyyat xərclərini kəskin yüksəldib.
Yaxın Şərqdə müharibə dünya turizminə - Gündə 600 milyon dollar zərər vurur
Digər əsas dəyişiklik – indiyədək dəniz yolu ilə daşınan bəzi yüklərin təyyarələrlə daşınmasıdır. Dəniz yolu ilə çatdırılma müddəti 14-20 gün uzandığı üçün bir çox istehsalçı şirkət öz mallarını hava yolu ilə daşımağa üstünlük verir. Bu, kargo təyyarələrinə olan tələbi artırır və sərnişin təyyarələrinin yük bölmələrindəki (belly cargo) qiymətləri də şişirdir.
Yüklərin maya dəyərini artıran bu amillər sərnişin daşımalarına da təsir edir. Aviaşirkətlər artan yanacaq və logistika xərclərini kompensasiya etmək üçün bilet qiymətlərinə "yanacaq rüsumu" əlavə etmək məcburiyyətində qalırlar. Bu da yay mövsümü ərəfəsində beynəlxalq uçuş biletlərini bahalaşdırır.
FT yazır ki, İran müharibəsi COVID-19 pandemiyasından sonra yeni-yeni bərpa olunan qlobal turizm bazarına yeni zərbə vuracaq. Turizm «bahalı logistika» problemi ilə üzləşib.
Xüsusilə Asiya və Avropa arasındakı uzunməsafəli uçuşlarda biletlərdə bahalaşmanın daha kəskin olacağı proqnozlaşdırılır. Əgər yaxın vaxtlarda bu problem həll olunmasa və vəziyyət öz məcrasına qayıtmasa, bir çox turizm istiqamətləri üzrə tələbat 20-25% azala bilər.
Başqa sözlə, dənizdəki bir gəmi marşrutunun dəyişməsi, minlərlə kilometr uzaqlıqdakı turistin bilet qiymətinə birbaşa təsir edir. "Alton Aviation Consultancy" şirkətinə görə, Asiya ilə Avropanı birləşdirən əsas marşrutlarda bilet qiymətləri bu ay 560%-dək bahalaşıb.
Analitiklər bildirirlər ki, dünyanın ən sıx tranzit koridoru olan Bəsrə Körfəzində münaqişədən qaynaqlanan pozuntuların təsiri davam etdikcə, mövcud yüksək qiymətlərin yay boyu və payızadək saxlanacağı gözlənilir.
"Alton" şirkətinin Cirium və onlayn səyahət agentliklərindən əldə etdiyi məlumatlara görə, iyun ayı üçün Asiya-Sakit Okean regionu ilə Avropa arasında seçilmiş yeddi populyar marşrut üzrə bilet qiymətləri bir il əvvələ nisbətən orta hesabla 70% artıb.Sidney-London marşrutu üzrə biletin qiyməti hazırda ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə bahalaşıb və orta hesabla 1 500 ABŞ dollarını ötüb.
Analitiklər bildirirlər ki, vəziyyətin yaxın zamanda düzəlməsinə dair heç bir işarə yoxdur. Qiymətlərin oktyabr ayına qədər ötən ilin səviyyəsindən təxminən 30% yüksək qalacağı gözlənilir.
Bu qiymət artımı əks istiqamətdə də eyni dərəcədə hiss olunur. Avropadan Asiyaya uçuşlar da kəskin bahalaşıb. İyun ayı üçün qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 79%-dək artıb və bəzi uzunmüddətli marşrutlarda bilet qiymətləri artıq bir il əvvələ nisbətən təxminən üç dəfə bahalaşıb.
Tələb artıq azalıb
28 fevralda ABŞ və İsrailin İranla bağlı həyata keçirdiyi hücumlarla başlayan hadisələr təxminən 70 min uçuşun ləğv olunmasına səbəb olub və qlobal aviasiya şəbəkələrinin zəifliyini ortaya çıxarıb. Hava sahəsinin bağlanması, Körfəzdəki tranzit mərkəzlərinin tutumunun azalması və artan yanacaq xərcləri bir araya gələrək bilet qiymətlərini yüksəldib.
Səyahət sahəsindəki qeyri-müəyyənlik və artan bilet qiymətləri səbəbindən tələb artıq azalmağa başlayıb. Aviasiya analitikası qurumu "Cirium" məlumat verir ki, Avropadan ABŞ-a yay rezervasiyaları ötən ilə nisbətən 15%, əks istiqamətdə isə 11% azalıb. Orta Şərq üzərindən keçən marşrutlar da daxil olmaqla, Asiyadan Avropaya rezervasiyalar isə 4,4% düşüb.
"Alton" şirkətinin Direktoru Bryan Terry bildirib ki, münaqişə yaxın zamanda bitsə belə, uçuş qiymətlərindəki təzyiq davam edəcək.
Müstəqil səyahət analitiki Hanming Li əlavə edib:
"Hazırda vəziyyət çox qeyri-müəyyəndir və səyahət sahəsində böyük xaos hökm sürür. Səyahətçilər uçuşların ləğv olunduğunu, təxirə salındığını və pozulduğunu görsələr, səyahət edib-etməmək və necə səyahət edəcəklərini diqqətlə düşünəcəklər."












