ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibə bütün Yaxın Şərqdə və ətraf regionlarda iqtisadi proseslərə təsir edib.
«Dünənə kimi qiyməti 150 manat idi, bu gündən 250 manata qalxıb» – MÜHARİBƏ AVTOMOBİL HİSSƏLƏRİNİ BAHALAŞDIRDI - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nəqliyyat marşrutlarının bağlanması və dəyişməsi nəticəsində Azərbaycana gələn və ya buradan tranzitlə keçən malların müddəti uzanır, məhsullar uzun müddət sərhəddə qalır.
Həmçinin Azərbaycandan ixrac olunan məhsullar da gecikir, ya da, marşrutunu dəyişməli olur, bu da malların daşınması müddətini və xərclərini artırır. Müharibə səbəbindən təkcə cənub istiqamətində deyil, Şərq-Qərb istiqamətindən, o cümlədən Çindən gələn daşımalarda da gecikmələr və bahalaşmalar var. Məhsulların gecikməsi ilə yanaşı, daşınma xərcləri də əsaslı şəkildə artır.
Hazırda sərhəddə daşınmaların vəziyyəti və müharibənin yaratdığı çətinliklər barəsində FED.az-a məlumat verən “Mobil Logistika” şirkətinin icraçı direktoru Teleh Məmmədli bildirib ki, hazırda Azərbaycana əsasən Asiyadan (yəni Çindən – FED.az) idxal və tranzit daşımalar həyata keçirilir. İndiyədək yükləri üç marşrutla daşımaq olurdu:
«Asiya ölkələrindən gələn yüklər ölkəyə 3 formada daxil olur. Gürcüstan üzərindən, İran üzərindən və qatarla daşınan yüklər. Hal-hazırda ən əlverişli daşımalar qatarla və İran üzərindən daşımalar sayılır. İran üzərindən daşınan yüklər 2-2,5 ay ərzində gəlirdisə, qiyməti 3-4 min dollar (1 mşərti konteyner üçün – FED.az) arasında olurdusa, qatarla gələn zaman yüklər daha tez yetişir, amma qiyməti 6 - 7 min dollar olur».
Şirkətin rəhbərinin sözlərinə görə, İran üzərindən yüklərin böyük hissəsi Mərkəzi Asiya ölkələrindən gəlirdi, xüsusilə qiymətlərin ucuz olması, bu ölkələrdən gələn yüklərin İran üzərindən daşınmasını daha sərfəli edirdi. Hazırda İran üzərindən logistika həyata keçirilə bilmədiyinə görə, alternativ variantlar axtarılır. Nəticədə digər iki istiqamətə – Çindən okeana çıxmaqla Gürcüstan üzərindən və Qazaxıstandan keçməklə qatarla Orta Dəhliz daşımalara tələbat kəskin artıb: «Birinci variant malların Çindən Azərbaycana qatarla Orta Dəhliz vasitəsilə çatdırılmasıdır. Bu marşrutla yüklər Azərbaycana adi hallarda 25-30 günə, havalar soyuq olduqda 35-40 günə gəlirdi. İndi isə İrandakı müharibəilə əlaqədar olaraq bu istiqamətdə də ləngimə başlayıb – yüklər həmişə olduğundan 10-15 gün daha gec gəlir. Son vaxtlar bu dəhlizlə də daşıma müddəti artıb, buna havaların soyuq keçməsi, Xəzər dənizinin geri çəkilməsi (nəticədə yüklərin daşınması çətinləşib), növbələrin yaranması, gəmilərin qıt olması səbəb olur».
Şirkət rəhbəri bildirir ki, İran müharibəsi başlayandan sonra Yaxın Şərqdən keçən nəqliyyyat dəhlizləri dayandığına görə, Çindən Orta dəhlizlə daşımalara tələbat kəskin artıb. Nəticədə bu marşrutda daha çox sıxlıq və ləngimələr yaranıb. Nəticədə əvvəllər 25-30 gün vaxt tələb edən daşımalar indi 45 günə qədər ləngiyir.
Yeri gəlmişkən, Taleh Məmmədov bildirir ki, hazırda bəzi yük daşıma şirkətləri öz reklamlarında malların Çindən 25-35 günə çatdıracaqlarını elan etsələr də bu müştəriləri aldatmaqdır – dəhlizləki vəziyyət daha tez daşımalara imkan vermir: «Məsələ bundadır ki, Qazaxıstanın Aktua limanında (Xəzərin o tayında limandır – Çindən gətirilən mallar bu limanda gəmilərə yüklənib Xəzərin Azərğbaycan sahilinə göndərilir) da böyük sıxlıqdır. Aktaudakı vəziyyəti belə görən Çin şirkətləri də qatarların növbələrdə dayanıb əlavə xərc yaratmaması üçün onları əvvəlkindən daha az tezliklə buraxırlar».
Orta Dəhlizdəki daşımalara Xəzər dənizindəki vəziyyət də mane olur: «Çin-Qazaxıstan sərhədində platformaların dəyişilməsi, Qazaxıstana - Aktaua çatandan sonra Xəzər dənizində fəaliyyət göstərən məhdud sayda konteynr daşıyan gəmilərlə Ələtə çatdırılması gecikir. Xüsusilə də, Xəzər dənizinin suyunun azalması və əlverişsiz hava şəraiti səbəbi ilə Asiyadan daşınmalarda gecikmələr müşahidə edilir».
Çindən Azərbaycana daşımaların digər marşrutu malların Gürcüstan üzərindən daşınmalardır. Gürcüstan marşrutu – malların Çindən çıxıb, Hind okeanı və Afrikanı dolanaraq Cəbəlütariq boğazından keçərək Aralıq dənizinə daxil olması, buradan Yunanıstana və ya Türkiyəyə keçərək daha kiçik gəmilərlə Qara dənizə çtadırılması və Poti limanından Gürcüstana daxil olaraq Azərbaycana daşınması deməkdir.
Bu variantda yüklər 3-4 aya gəlib çıxır və digər marşrutlara nisbətən 800-1 000 dollar daha baha olur. Yəni İranda baş verən müharibələr həm yükü daşınma vaxtının 1 – 1,5 ay artırır, həm də qiyməti 800 – 1 000 dollar daha baha olur.
Taleh Məmmədov bildirir ki, Orta Dəhlizin işə düşməsi və özünü doğrultmiası nəticəsində, əvvəllər aktiv istifadə olunan Gürcüstan marşrutu əhəmiyyətini itirib. Belə ki, son dövrlər Gürcüstan yolu ilə yüklərin daşınması 3-4 ay çəkdiyinə görə, bu marşrutdan heç kim istifadə etmir.
Yaranmış vəziyyət Çindən Azərbaycana daşımaların təkcə müddətinə deyil, daşıma xərclərinə də təsir edib. «Hazırda konteynerlərə tələbat ikiqat artıb, ona görə qiymətlər də yüksəlib. Belə ki, əvvəllər bir konteynerlə daşıma 6500 dollar olduğu halda, hazırda bu qiymət 7 min dollardan yüksəkdir. Başqa sözlə konteynerlərin icarə qiyməti əvvəlki dövrlərlə müqayisədə 400-500 dollar bahalaşıb».
Türkiyədən daşımaların da müddəti artıb, qiyməti bahalaşıb
“Mobil Logistika”nın direktoru deyir ki, Türkiyədən Azərbaycana gələn yüklərin daşınma müddəti də artıb, qiyməti də bahalaşıb: “Sənədləri qaydasında olan avtomobillər Türkiyədən Azərbaycana 2-3 günə gəlirdirsə, hazırda sərhəddə olan sıxlıq səbəbindən bu müddət 5-6 günə çəkir. Qiymətlər də hər avtomobil başına 200 – 400 dollar bahalaşıb: «Məsələn, əvvəllər Türkiyədən daşınan yüklər 3000-3200 dollar idisə, hazırda bu rəqəm 3400–3500 dollara qalxıb. Hətta hazırda Türkiyənin İzmir bölgəsindən 3600-3700 dollara da avtomobil tapmaq olmur. Həm avtomobil azdır, həm də daha yüksək qiymət təklif edirlər. Çünki tələbat çoxdur, maşınlar doludur, buna görə də, qiymət artır».
İcraçı direktor bildirir ki, hazırda Avropa ölkələrindən gələn yüklərin daşınmasında da çətinlik yaranıb:
«Səbəbi eynidir - Gürcüstan-Azərbaycan sərhədində - Qırmızı Körpü buraxılış məntəqəsində yaranan sıxlıqdır. Bu da, həm bölgədəki mövcüd vəziyyət, həm də qarşıdan bayramın gəlməsi ilə bağlıdır. Mal sahiblərinin hamısı məhsulu bayrama qədər gətirmək istəyir. Buna görə də, həm Türkiyə-Gürcüstan, həm də Gürcüstan-Azərbaycan sərhəddində sıxlıq müşahidə olunur».
Nəticədə, əvvəllər Gürcüstan sərhədindən Azərbaycana normalda 1 günə keçirdilərsə, hazırda bu müddət 3-4 gün çəkə bilir, yəni sərhəddə ən azı 2-3 gün gecikmələr olur.
Baş verənlər təkcə xaricdən Azərbaycana deyil, Azərbaycandan xaricə daşımalara da təsir edib, xüsusilə cənub istiqamətində: «Azərbaycandan Körfəz ölkələrinə gedən məhsullar hazırda Gürcüstan üzərindən daşınır. Müharibədən əvvəl bu daşınmalar İran üzərindən həyata keçirilirdi. Gürcüstan üzərindən daşınmlar daşınma müddətini 15 günə qədər artırıb”, - deyə Taleh Məmmədli əlavə edib.











