ABŞ və İsrailin İrana hücumu və nəticədə başlanan müharibədən region ölkələri də böyük zərər çəkir. Bu proseslərdə ən çox zərər görən ölkə Birləşmiş Ərəb Əmirlikləri və onun əsas əmirliyi sayılan Dubaydır.
Dubayın əmlak bazarı və tikinti şirkətlərinin - SƏHMLƏRİ ÇÖKÜB, SÜRƏTLƏ UCUZLAŞIR
Təkcə regionun deyil, dünyanın əsas maliyyə, turizm və daşınmaz əmlak mərkəzlərindən sayılan Dubay azərbaycanlılar üçün də maraqlı məkandır. Dubay ölkə vətəndaşlarının turizm və ticarət məqsədilə kütləvi səfər etdiyi əsas istiqamətlərdəndir. Ölkəyə müxtəlif ölkələrdən idxal edilən xarici malların, o cümlədən avtomobillərin bir hissəsi məhz Dubaydan gətirilir.
Azərbaycan vətəndaşları burada çoxsaylı əmlaklar alır, eyni zamanda Dubaydakı şirkətlərdə çalışır, hətta Dubayda şirkətldər yaradıb regional bizneslə də məşğuldurlar. Bu baxımdan İran müharibəsi nəticəsində Dubayda baş verənlər Azərbaycanda da diqqətlə izlənilir.
Dubayda qida ehtiyatı azaldı, marketlərdə - ƏRZAQ DAVASI BAŞLADI - VİDEO
Bura isə son 100 ildə ilk dəfə bomba partlayışları və hərbi əməliyyatlara şahidlik edir.
Hazırda sosial şəbəkələrdə yayılan məlumatlarda Dubayın - boşalmış küçələr, müştərisiz qalmış restoran və istirahət mərkəzləri, ərzaqsız qalan mağazalar, fəaliyyətini dayandırmış şirkətlər mənzərəsi yaradılır.
Bəs əslində Dubayda vəziyyət necədir?
FED.az biznes və maliyyə xəbərləri portalı Dubayda yaşayan və işləyən bir neçə azərbaycanlı, o cümlədən neft şirkətlərindən birində çalışan Rəsul Rəsulovdan müsahibə alıb.
Mərkəzi Bank: "İrandakı müharibənin təsirini diqqətlə izləyirik"
- Müharibə başlayandan sonra burada vəziyyət hələlik gərgin olaraq qalır. Mən burada neft şirkətlərindən birində işləyirəm, ailəm də burada yaşayır, amma fevralın 27-də həyat yoldaşımı və uşaqları Bakıya göndərdim. Sonra məlum oldu ki, bu Dubaydan Bakıya sonuncu reys imiş, çünki ondan sonra reyslər olmadı. Özüm isə hələlik buradayam, işləyirəm, ümid edirəm ki, bu çətinliklər tezliklə yekunlaşsın.
- Rəsul bəy, Dubayın davamlı atəşə tutulduğu bildirilir. Əslində vəziyyət necədir?
- İran tərəfdən raketlər və dronlar demək olar hər gün atılır, Dubayın hava hücumundan müdafiə qüvvələri onları elə göydə vurur, yəni raketin gəlib birbaşa harasa düşüb zərər vürması kimi hal yoxdur, amma yenə də qırıntıları yerə düşüb zərər vurur. Ümumilikdə vəziyyət pis deyil, hətta yaxşı demək olar, amma müəyyən gərginlik var.
Azərbaycandan xaricə turizm axını dayanıb – UÇMAĞA QORXURLAR – SON VƏZİYYƏT
- Müharibə başlanacağını əvvəlcədən gözləyirdinizmi?
- Bəli, burada müharibə olacağını gözləyirdik, yəni izlədiyimiz xəbərlərə görə, hətta bir və ya 2 həftə sonra olacağını gözləyirdik, yəni 28 fevralda yox, martin ortasinda ve ya Ramazandan sonra başlamalıydı. Amma hər şey tez baş verdi.
- Dubayda vəziyyət necədir? Yayılan məlumatlarda şəhərin boşaldığı, həyatın dayandığı bildirilir.
- Bakıda yayılan o məlumatların heç birinə fikir verməyin. Hər şey qaydasındadır, çox şükür Allaha. Mən sizə belə deyim də: bu Tik-tokda yayılanlara baxsaq, elə görünür ki, Dubay bu dəqiqə Suriyaya çevrilib, amma əlbəttə elə deyil. Mənə Bakıdakı qohumlarımız da yazırlar ki, məsələn, Dubayda atışma gedir filan, hamıya da deyirəm ki, yalan xəbərdir, dezinformasiyadır.
- Amma çoxsaylı videolar, şəkillər yayılır, Dubayda boşluq, hətta mağazada növbələr…
- Onların əksəriyyəti süni intellektlə yaradılan videolardır, yeri gəlmişkən, belə məlumatlar yayımağa görə Dubayda böyük cərimələr qoyublar. Yəni kim yalan informasiya yaysa, nə isə paylaşsa, süni intellektlə və ya başqa formada xəbər yayıb Dubayda vəziyyətin pis olması ilə bağlı dezinformasiya yayanları həbs və ya 100 min dirhəm cərimə gözləyir.
- Bu manatla nə qədər edir?
- Təxminən 27 min dollar və ya 46 min manat. Yalandan videolar çəkib, yalandan nələrsə paylaşmaq, dezinformasiya yaymağa görə cəzalar sərtdir. Yerli xəbərlərdə gördüyümə görə artıq belə hallara görə 20-25 nəfəri tutublar da.
- Bəs əslində vəziyyət necədir?
- Vəziyyət normaldır, dediyim kimi gərginlik var, amma panika filan yoxdur. Maliyyə mərkəzləri işləyir, böyük şirkətlər, banklar işləyir, hamısı öz yerindədir və problemsiz fəaliyyət göstərirlər.
- Bəs İran tərəfin raket və dronları haranı vurur?
- İran tərəfi əsasən buradakı Amerika bazalarını və neft terminallarını, bir də neft daşıyan gəmiləri vurmağa çalışır.
- Məlumat yayılmışdı ki, Dubai Finance City-ni də vurublar
- Bəli DFC-ni vurublar – Dubai İnternational Financial City, Dubayın maliyyə mərkəzidir, dronla hücum olub, dronu havada vurublar, onun da qırıntısı gəlib düşüb binaya. Dediyim kimi birbaşa raket düşməsi problemi yoxdur, hamısı göydə vurulur. Dubayın hava hücumundan müdafiə sistemi ideal səviyyədə işləyir.
- Eləmi?
- Bəli, siz düşünün ki, gün ərzində 20-30 ballistik raket və yalan olmasın, hardasa 100-ə yaxın da dron atırlar. Sistem bunun hamısını havada vurur, başqa ölkə olsaydı indi nə hala düşmüşdü. Amma bu ölkə onların 99%-ni vurur, yəni hazırlıqlıdırlar.
- Rəsul bəy, dediniz ki, yayılan videoların çoxu süni intellektlə yaradılır və dezinformasiyadır. Bu hadisələrdən sonra Dubayla bağlı ən maraqlı videolardan biri mağazada ərzaq qıtlığı barədə idi. Ərzaq baxımından vəziyyət necədir: ərzaq qıtlığı varmı?
- Bəli, o video da yalandır. Ərzaq qıtlığı filan yoxdur. Doğrudur müharibə başlaynadan birinci-ikinci gün narahatlıq oldu. Məsələn, mən getdim mağazaya makaron almağa, makaron tapa bilmədim, banan da tapa bilmədim. İlk 2 gün, sonra hər hey düzəldi.
- Ərzaq baxımından vəziyyət necədir? İndi Dubayda ərzaq qıtlığı və ya bununla bağlı narahatlıq yoxdur?
- Xeyr yoxdur, qəti. Bax mən bir az əvvəl kontordan çıxıb marketə getdim, özümə ərzaq almağa. İndi marketdən çıxdım, özümə bazarlıq eləmişəm, ərzaq qıtlığı yoxdur qəti, hər şey boldur. Marketə girirsən, nə deyirsən var. Çünki Dübayın Hind Okeanına çıxışı var - Oman körfəzindən, Fuceyra şəhərindən, yəni Fars körfəzindən yol bağlı olsa da, bu istiqamətdən açıqdır. Bu prosesdə əsas əziyyət çəkən ölkələr yolu Fras körfəzindən və keçinlərdir - Qatar, Bəhreyn, Küveyt – bunlar daha çox əziyyət çəkirlər. Çünki onların birbaşa çıxışı Fars körfəzinədir. Dubayın isə dənizə 3 tərəfdən çıxışı var. Ona görə də ərzaq gətirilməsi və təminatı ilə bağlı problem yoxdur. Hətta bəzi şeylərdə qiymətlər düşüb aşağı.
- Qiymətlər azalıb?
- Bəli, çünki alıcılıq qabiliyyəti də azalıb. Amma qıtlıq deyilən məsələ yoxdur.
- Alıcılıq qabiliyyəti nə üçün aşağı düşüb, adamlar azalıb ona görə? Ümumiyyətlə müharibəyə görə, Dubayı kütləvi şəkildə tərk edirlər?
- Təbii ki, hadisələr başlayandan Dubayı tərk edənlər olub, məsələn mən eşitmişəm, deyilənə görə, 30 mindən çox adam çıxıb buradan. Kimlər ki, bu vəziyyətdən narahat olubsa, çıxıb. Amma 10 milyon əhalinin qarşısında 30 min nəfər nədir ki, cüzi rəqəmdir.
- Dubayda qalıb işləyən şirkətlərin işində bir dəyişiklik varmı?
- Şirkətlərin bəzilərində işçilər ofisə gəlmirlər, evdən işləyirlər, pandemiyada olduğu kimi. Distant işləyənlərə görə yollarda boşluq var, nəticədə əksinə həyat bir az asanlaşıb. Yəni yollarda maşın və tıxac azalıb, mən əvvəllər işə 45-50 dəqiqəyə çatırdım, indi 25-30 dəqiqəyə çatıram.
- Bəs Dubayın məşhur əyləncə mərkəzlərində vəziyyət necədir? İndi onlar da boş qalıb?
- Əyləncə mərkəzləri hamısı endirim eləyirlər, hətta bəzi əyləncə mərkəzləri pulsuz olub. Məsələn, Aquapark, Akvarium, Dubayın burada botanika bağı - Dubai Miracle Garden, hamısı pulsuzdur, hətta bəzi restoranlarda və əyləncə mərkəzlərində böyük endirimlər edirlər.
- Yəni adamların darıxmaması üçün belə ediblər?
- Ümumiyytələ dövlət olaraq çox güzəşt eləyir, əhaliyə çox dəstək olurlar. Necə deyərlər, səni yarı yolda qoymur. Sadəcə şəhərin bir az ruhu ölüb, elə bil pandemiyaya qayıtmışıq. Əmlak sektorunda durgunluq var beli, çünki alanların sayı azalıb hazirki veziyyet ile bagli.
- Əmlakın qiymətləri də azalıb?
- Satış azaldığıni demek olar, ancaq qiymətlər deməzdim ki, aşağı düşüb. Hətta heç bir tikinti şirkətində iş dayanmayib, əksinə davam edir. Amma müharibə bitən kimi yenidən bərpa olunacaq. Yəqin bilirsiniz, 2008-ci ildə dünya böhranında Dubayda qiymətlər 50 faiz düşmüşdü, ondan sonra təzədən artdı. Burada da, müharibədən sonra uzağı bir nece aya vəziyyət qaydasına düşəcək. Mən hətta əminliklə deyə bilərem ki, müharibədən sonra Dubay daha çox imic qazanacaq. Çünki BƏƏ ölkə olaraq sübut edir ki, onlar hər vəziyyətə hazırdırlar və insanların təhlükəsizliyi ən böyük prioritetdir. Bunun nəticəsi olaraq, düşünürəm, əmlak sektorunda qiymətlər daha da arta bilər.











