Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC növbəti ili zərrələ başa vurub.
FED.az şirkətin hesabat dövrünün bitməsindən 15 ay sonra açıqladığı hesabatına əsasən xəbər verir ki, şirkət 2021-ci ildə 6 milyon 344 min manat zərər edib.
2021-ci ildə "Şahdağ Turizm Mərkəzi"nin qeyri-birja əməliyyatları kimi göstərilən satışlardan gəlirləri 6 milyon 147 milyon manat, dövlət büdcəsindən alınan gəlirləri isə 13 milyon 980 min manat olub.
2020-ci illə müqayisədə şirkətin satışdan gəlirləri təqribən 200 min manat, dövlət büdcəsindən ayırmaları isə 1,3 milyon manat artıq olub.
Bundan başqa "Şahdağ Turizm Mərkəzi" QSC 2021-də 1,3 milyon manata yaxın sair gəlirlər də əldə edib.
Satış maya dəyəri isə 10,3 milyon manat olub – təqribən 2020-də olduğu kimi.
Nəticədə şirkətin satış gəliri 11,1 milyon manat təşkil edib. 2020-ci ildə bu rəqəm 8,35 milyon manat idi.
2021-ci ildə "Şahdağ Turizm Mərkəzi" QSC inzibati xərclərini kəskin azaldıb – əvvəlki ildəki 25 milyon manatdan 14,6 milyon manata endirib.
Belə kəskin azalma daha çox amortizasiya xərclərinin azalması hesabına baş verib – 19 milyon manatdan 12 milyon manata enib.
Bundan başqa, "Şahdağ Turizm Mərkəzi" QSC 2021-ci ildə sığorta və texniki dəstək xərclərini ixtisar edib. 2020-ci ildə sığortaya 1,4 milyon manat, texniki dəstək xərclərinə isə 2,6 milyon manat xərclənmişdi. 2021-də bu xərclər olmayıb.
"Şahdağ Turizm Mərkəzi" QSC nəqliyyat xərclərini də 5 dəfə azaldaraq 460 min manatdan 91 min manata endirib.
Əvəzində məsləhət xidmətinə çəkilən xərclər 50% artaraq 1,4 milyondan 2 milyona yüksəlib.
Nəticədə şirkət 2021-ci ili 6 milyon 344 min manat zərərlə tamamlayıb. 2020-ci ildə zərər daha çox idi – 16 milyon 855 min manat.
Ümumilikdə "Şahdağ Turizm Mərkəzi" QSC-nin indiyəhdək yığılmış zərəri 88,5 milyon manatdır.
2022-ci il yanvarın 1-nə "Şahdağ Turizm Mərkəzi"nin aktivləri 2,2% azalaraq 312 milyon manata enib. Şirkətin öhdəlikləri isə 19% azalaraq 3 milyon manata düşüb. Kapitalı isə 2% azalaraq 309 milyon manat olub.