Azərbaycanda yeni üsulla kredit verən maliyyə təşkilatı - «Azpul BOKT» ASC 2023-cü ilin nəticələrini açqılayıb.
FED.az xəbər verir ki, ötən il kredit təşkilatının faiz gəlirləri 44 milyon 138 min manat təşkil edib. Maraqlıdır ki, bu gəlirlər cəmi 28 milyon manatlıq kredit portfeli ilə əldə edilib.
Başqa sözlə, kredit portfelindən daxil olan faiz gəlirləri portfelin özündən 1,5 dfə artıqdır. Bunun səbəbi şirkətin qısamüddətli – 20 günlük kreditlər ayırmasıdır. Kreditin faiz dərəcəsi yüksək olduğuna görə, bu yüksək gəlirliyi təmin edir. Belə ki, «Azpul»dan 21 günlüyə 600 manat kredit götürən müştəri müddətin sonunda BOKT-a 726 manat, yəni kreditin ümumi məbləğindən 21% artıq pul qaytarmalıdır. Bu hesablamanı klassik kredit kalkulyatoruna köçürdükdə illik faiz dərəcəsi 200-250%-ə bərabər olur.
Bu mexanizm «Azpul»a il ərzində böyük – kredit portfelinin özündən də artıq faiz gəlirləri təmin edib.
2023-ci ildə BOKT-un faiz xərcləri 827 min manat, xalis faiz gəlirləri 43 milyon 211 min manat təşkil edib. İl ərzində şirkətin inzibati və əməliyyat xərcləri 8 milyon 360 min manat, digər gəlirləri 13 milyon 531 min manat, mənfəət vergisi xərci 9 milyon 680 min təşkil edib.
Nəticədə 2023-cü ildə BOKT-un illik xalis mənfəəti 28 milyon 437 min manat olub ki, bu da son bir ildə 24,9 milyon manat və ya 8 dəfə artım deməkdir.
31 dekabr 2023-cü il tarixinə “Azpul BOKT” ASC-nin cəmi aktivləri 50 milyon 887 min manat olub ki, bu da illik müqayisədə 41 milyon 530 min manat və ya 5,4 dəfə artım deməkdir. Bunun 28 milyon 32 min manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci illə müqayisədə bu göstərici 20 milyon 563 min manat (3,8 dəfə) artıb.
Hesabat dövründə təşkilatın cəmi öhdəlikləri 13 milyon manat və ya 3,3 dəfə artaraq 18,8 milyon manata çatıb, cəmi kapitalı isə 28,4 milyon manat və ya 8,8 dəfə artaraq 32 milyon manata düşüb.
“Azpul BOKT” ASC-nin yığılmış mənfəətinin həcmi 32 milyon 47 min manat təşkil edib. 2022-ci ildə isə mənfəətinin həcmi 3 milyon 610 min manat idi.