Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarından olan «Merkuri» BOKT 5 il əvvəl buraxdığı və artıq ödəmə vaxtı çatan istiqrazlarının müddətini daha 5 il uzadıb. FED.az xəbər verir ki, BOKT-un rəhbərliyi bu barədə qərarı sentyabrın 26-da keçirilən səhmdarların ümumi yığıncağında qəbul edib.
Eləcə də bax: Göstəricilərini gizlətməyə çalışan - BOKT-UN MƏNFƏƏTİ - 14 DƏFƏ AZALIB
Bundan sonra BOKT eyni məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət edib və ondan razılıq alıb.
Mərkəzi Bankın baş direktoru Rəşad Orucovun BOKT-a ünvanladığı məktubda bildirilir ki, «Merkuri BOKT» QSC-nin sehmdarlartntn ümumi yığıncağının 26 sentyabr 2020-ci il tarixli qərarına əsasən Cəmiyyətin 16 oktyabr 2015-ci il tarixində A22001019754 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış hər birinin nominal dəyəri 500 manat olan 3000 ədəd faizli təmin edilməmiş istiqrazların emissiya prospektində bir neçə dəyişiklik Mərkəzi Bank tərəfindən dövlət qeydiyyatına alınıb. Belə ki, sənəddə «Merkuri Kredit BOKT» MMC sözü «Merkuri Bank Olmayan Kredit Təşkilatı» QSC ilə əvəz olunub. Bundan başqa, emissiya prosepektində istiqrazların müddəti dəyişdirilərək 1800 gündən (təqribən 5 ildən) 3 600 günə (təqribən 10 ilə) qaldırılıb. Başqa sözlə, «Merkuri BOKT» istiqrazlarının sahibləri həmin kağızlardan daha 5 il istifadə edə biləcəklər.
«Merkuri BOKT»un özündə bu qərarın istiqraz sahiblərinin xahişi ilə və qarşılıqlı razılaşma əsasında verildiyi bildirilir.
Şirkətin idarə heyətinin sədri Teymur Məcidov FED.az-a bildirib ki, Merkuri BOKT istiqraz alətindən ilk istifadə edən kredit təşkilatlarındandır və bu sahədə kifayət qədər təcrübəyə malikdir: «Hal hazırda vəsaitlərin effektiv idarə olunması tərəfimizdən həyata keçirilir və bu səbəbdən istiqraz sahibləri ilə qarşılıqlı razılaşma əsasında istiqrazların tədavül müddətinin uzadılması ilə bağlı qərar qəbul edilmişdir».
Qeyd edək ki, sözü gedən istiqrazlar manatla, illik 19%-lə buraxılıb. Hazırda bank əmanətlərinin şərtlərini və qiymətli kağızlar bazarındakı gəlirlilik səviyyəsini nəzərə alanda bu şərtlər istiqrazların alıcıları üçün çox sərfəlidir. BOKT-dan FED.az-a bildirilib ki, bu şərtlər «Merkuri BOKT» üçün də sərfəlidir: «Cəlbetmə faizi və şərtlər bank kreditləri ilə müqayisədə daha sərfəli olduğu üçün istiqraz alətindən istifadə etmək bank olmayan kredit təşkilatı üçün daha səmərəlidir»-deyə T.Məcidov FED.az-a bildirib.