Bu ilin I yarısında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 328 fermerə 11,35 milyon manat güzəştli nağd pul krediti ayırıb, 391 fermerə isə ümumi dəyəri 70,7 milyon manat olan 1 432 ədəd kənd təsərrüfatı texnikası satıb. Bununla da, qurumun fermerlərə yarım illik maliyyə dəstəyi 82,05 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Agentliyin sədri Mirzə Əliyev bildirib.
Onun sözlərinə görə, AKİA texnika alan fermerlərin əvəzinə 27,1 milyon manat vəsaiti təchizatçılara subsidiya kimi köçürüb, texnika alışı üçün 236 fermerə 12,67 milyon manat məbləğində güzəştli kredit ayırıb.
“Aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb. Əgər ötən ilin sonlarına qədər kənd təsərrüfatı texnikası bazarında yalnız bir təchizatçı vardısa, hazırda bu təchizatçıların sayı 35-dir və istəyən hüquqi və fiziki şəxs bu bazara sərbəst daxil ola bilər”, - deyə o, qeyd edib.
AKİA sədrinin sözlərinə görə, son 1 ildə Azərbaycanda kənd təsərrüfatı texnikasının satışı 12% artıb: “Əgər 2018-ci ilin I yarısında 62,8 milyon manatlıq kənd təsərrüfatı texnikası satılmışdısa, bu ilin I yarısında bu rəqəm 70,7 milyon manat olub. Bildiyiniz kimi, bu il biçin mövsümü fermerlər üçün məhsul itkisi olmadan başa çatıb. Bunun səbəbi “Aqrolizinq” ASC-nin uğurlu dislokasiya planı ilə yanaşı, həm də fermerlərdə özəl kombaynların sayının artmasıdır. Bu ilin ilk yarımilində ötən ilin eyni dövründə olduğundan 3 dəfə artıq kombayn satılıb. Bu da əlverişli satış şərtlərinin yaranmasının göstəricisidir”.
M.Əliyev fermer və təchizatçılar arasında aparılan məlumatlandırma işlərindən də danışıb: “Kənd təsərrüfatı texnikasının yeni satış mexanizmi və kredit qaydaları barədə fermerləri məlumatlandırmaq, eləcə də təchizatçılarla fermerlərin birbaşa əlaqəsini təmin etmək məqsədilə silsilə tədbirlər görülüb. Bunlardan 30-a qədər rayonu əhatə edən və 10 min nəfər fermerin qatıldığı 6 texnika yarmarkasını, 8 regionda kredit yarmarkalarını nümunə göstərmək olar. Bundan başqa, yeni qaydalarla tanış etmək məqsədilə AKİA əməkdaşları bank və təchizatçılar üçün 10-a yaxın təqdimat keçirib.
Uzun illər “Aqrolizinq”dən başqa texnika təchizatçısı tanımayan fermerlərin istədikləri texnikanın axtarışını asanlaşdırmaq məqsədilə AKİA-nın dəstəyi ilə özəl sektor tərəfindən www.aqrotexnika.az saytı hazırlanıb. Bu elan-satış platformasında fermerlər müxtəlif təchizatçıların yerləşdirdiyi texnikalar və onların qiymətləri ilə tanış ola və təchizatçılarla əlaqə saxlaya biləcəklər. AKİA öz saytını – www.akia.gov.az saytını da yeniləyərək, istifadə üçün daha asan edib”.