Azərbaycanda sahibkarlar və şirkətlər bank hesablarını filiala getmədən aça bilirlər. Bu, onlara həm daha çox vaxt qazandırır, həm də bizneslərini bir kanal vasitəsilə idarə etməyə imkan yaradır. Banklarda biznes hesabının açılması artıq çox qısa zaman – bəzi banklarda 3-5 dəqiqə, bəzi banklarda bir neçə saat vaxt alır. Bundan başqa, bir sıra banklar bu xidməti tamamilə ödənişsiz təqdim edir, bəzilərində isə hesabın açılması üçün xidmət haqqı nəzərdə tutulur.
Mərkəzi Bankın yeni tələbləri - Nisyə mal satan sahibkarların xərclərini artıra bilər – EKSPERT
FED.az biznes və maliyyə xəbərləri portalı bu dəfə bankların onlayn biznes hesabı açılması imkanlarını və tələb olunan sənədləri araşdırıb.
Beləliklə,
«Kapital Bank»
Kapital Bank-da biznes hesabını onlayn açmaq mümkündür. Bunun üçün müştəri onlayn hesab açma portalına daxil olaraq şəxsi və biznes məlumatlarını qeyd etməli, tələb olunan sənədləri elektron formada yükləməlidir.
Daha sonra müqavilə “ASAN İmza” vasitəsilə imzalanmalı və bank əməkdaşları ilə video müsahibədən keçilməlidir. Proses başa çatdıqdan sonra müqavilə, bank rekvizitləri, həmçinin “Müştəri Bank” sisteminə giriş üçün istifadəçi adı və şifrə müştərinin elektron poçtuna göndərilir.
- Hesabın açılması haqqı: 50 manat.
- Tələb olunan vasitə: ASAN İmza.
- Prosedur: Onlayn müraciət, sənədlərin yüklənməsi və video müsahibə.
Bank yaxın zamanda fiziki şəxslər üçün də onlayn müştəri olmaq və hesab açmaq imkanını təqdim etməyi planlaşdırır.
«ABB Bank»
ABB-də biznes hesabının açılması prosesi bir neçə dəqiqə ərzində onlayn həyata keçirilir. Bunun üçün müştəri qeydiyyatdan keçməli, “ASAN İmza” vasitəsilə hesabını təsdiqləməlidir. Qeydiyyat və təsdiqləmə prosesi tamamlandıqdan sonra hesab istifadəyə hazır olur.
- Hesabın açılması haqqı: Ödənişsiz.
- Tələb olunan vasitə: ASAN İmza.
- Prosedur: Qeydiyyat və elektron təsdiqləmə.
«Bank Respublika»
Bank Respublika-da biznes hesabı açmaq üçün müştərilər müvafiq portala daxil olaraq elektron qaydada müraciət edə bilərlər.
Proses zamanı “ASAN İmza”nın sahibkar sertifikatı və ya “SİMA İmza” vasitəsilə sistemə daxil olmaq və sənədləri elektron qaydada təsdiqləmək mümkündür.
Bununla yanaşı, hesab açılması prosesinə başlamazdan əvvəl Elektron Hökumət portalı və ya “myGov” tətbiqi vasitəsilə Bank Respublikaya fərdi məlumatların sorğulanması üçün icazə verilməlidir. Sahibkarın vergi qeydiyyatı da yoxlanılır.
- Hesabın açılması haqqı: Ödənişsiz.
- Tələb olunan vasitələr: ASAN İmza (sahibkar sertifikatı) və ya SİMA İmza.
- Əlavə şərt: Fərdi məlumatların sorğulanmasına elektron icazə.
«Yelo Bank»
Yelo Bank fərdi sahibkarlar üçün biznes hesabının tam rəqəmsal qaydada açılması imkanını təqdim edir. Bunun üçün banka və filiala yaxınlaşmağa ehtiyac yoxdur.
Hesab açmaq istəyən şəxs ilk növbədə “Yelo Business” tətbiqini yükləməli, müvafiq sorğuları doldurmalı və sənədləri elektron imza ilə təsdiqləməlidir. Daha sonra videozəng vasitəsilə identifikasiyadan keçərək hesabı aktivləşdirmək mümkündür.
- Hesabın açılması haqqı: Ödənişsiz.
- Tələb olunan vasitələr: Yelo Business tətbiqi, ASAN İmza və ya SİMA İmza.
- Prosedur: Müraciət, elektron imzalama və videoidentifikasiya.
- Müddət: Təxminən 5 dəqiqə.
«Xalq Bank»
Xalq Bank fərdi sahibkarlar və hüquqi şəxslərə “XalqOnline” internet və mobil bankçılıq sistemi vasitəsilə onlayn hesab açmaq imkanı yaradır.
Hesab açılması üçün aşağıdakı sənədlər tələb olunur:
- Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (hər hesab üçün ayrıca);
- Fərdi sahibkarın şəxsiyyət vəsiqəsinin surəti;
- Bank hesabının aparılması haqqında müqavilə (2 nüsxə);
- Hesab açılması üçün ərizə;
- FATCA üzrə özünüqiymətləndirmə anketi.
- Hesabın açılması haqqı: Ödənişsiz.
- Müraciət kanalı: XalqOnline internet və mobil bankçılıq sistemi.
«Azər-Türk Bank»
Azər-Türk Bankda fərdi sahibkarlar və hüquqi şəxslər üçün hesab açılması zamanı müştərinin statusundan asılı olaraq müxtəlif sənədlər tələb olunur.
Fərdi sahibkarlar üçün:
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Vergi uçotu haqqında şəhadətnamə (VÖEN);
- W-8BEN-E / CRS anketi üzrə məlumatlar;
- Əlavə eyniləşdirmə məlumatları.
Hüquqi şəxslər (MMC və digər təşkilati-hüquqi formalı müəssisələr) üçün:
- Rəhbərin (qanuni təmsilçinin) şəxsiyyət vəsiqəsinin surəti;
- Rəhbərin səlahiyyətlərini təsdiq edən əmr;
- W-8BEN-E / CRS anketi üzrə məlumatlar;
- Hüquqi şəxsin nizamnaməsinin surəti (ASAN Doc və ya notarial təsdiqli);
- Dövlət reyestrindən son dəyişiklikləri əks etdirən çıxarışın surəti;
- Hüquqi şəxsin VÖEN-i;
- Əlavə eyniləşdirmə məlumatları.
- Tələb olunan sənədlər: Sahibkarın və ya hüquqi şəxsin statusundan asılı olaraq dəyişir.
«Bank of Baku»
Bank of Baku-da biznes hesabının açılması zamanı fərdi sahibkarlar və hüquqi şəxslərdən müxtəlif sənədlər tələb olunur.
Fərdi sahibkarlar üçün:
- Şəxsiyyət vəsiqəsinin məlumatları (FİN kod və seriya nömrəsi);
- Aktiv VÖEN və vergi qeydiyyatı şəhadətnaməsinin məlumatları;
- Aktiv biznes ASAN İmza sertifikatı.
Hüquqi şəxslər üçün:
- Dövlət reyestrindən çıxarış;
- Şirkətin nizamnaməsi və VÖEN məlumatları;
- Direktorun və ya qanuni təmsilçinin şəxsiyyət vəsiqəsi;
- Rəhbərin təyin olunması barədə qərar və ya əmr;
- Təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlər və pay bölgüsünü göstərən məlumatlar;
- Şirkət rəhbərinin adına rəsmiləşdirilmiş hüquqi şəxs statuslu ASAN İmza sertifikatı.
- Əsas tələb: Aktiv ASAN İmza sertifikatı və müvafiq qeydiyyat sənədləri.
«Premium Bank»
Premium Bank-da biznes hesabı açmaq üçün bankın rəsmi saytındakı Biznes bölməsindən onlayn müraciət formasını doldurmaq lazımdır.
Müraciət göndərildikdən sonra bankın mütəxəssisi müştəri ilə əlaqə saxlayaraq hesabın açılması prosesini davam etdirir.
Fərdi sahibkarlar və hüquqi şəxslər üçün əsas sənədlər sırasında vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat və şəxsiyyəti təsdiq edən sənəd yer alır.
Hesab açıldıqdan sonra müştərilər Premium Bankın İnternet Bankçılıq portalından istifadə edə bilərlər. Sistemə ASAN İmza və ya FİN kod vasitəsilə daxil olmaq mümkündür.
- Müraciət kanalı: Bankın rəsmi saytı.
- Əlavə imkan: İnternet Bankçılıq vasitəsilə 24/7 maliyyə əməliyyatları.
«PAŞA Bank»
PAŞA Bank-da biznes hesabının onlayn açılması üçün müştərilər bankın saytında “Müştəri ol” bölməsinə daxil olmalıdırlar.
Proses bir neçə mərhələdən ibarətdir:
1. “Müştəri ol” düyməsini seçmək;
2. ASAN İmza ilə qeydiyyatdan keçmək;
3. Şəxsi və şirkət məlumatlarını daxil etmək;
4. Videoidentifikasiyadan keçmək.
Bankın təqdim etdiyi məlumata əsasən, proses təxminən 3 dəqiqə çəkir.
- Tələb olunan vasitə: ASAN İmza.
- Müddət: Təxminən 3 dəqiqə.
«VTB Bank «Azərbaycan»
VTB Bank Azərbaycan hüquqi şəxslərə yerli və xarici valyutada hesabların açılması və aparılması üzrə kompleks hesablaşma-kassa xidmətləri təklif edir.
Bankın xidmətlərinə aşağıdakılar daxildir:
- Yerli və xarici valyutada hesabların açılması və aparılması;
- Hesablardan nağdsız pul köçürmələrinin həyata keçirilməsi;
- Overdraft xidmətinin təqdim edilməsi;
- Hesablardan nağd pul vəsaitinin çıxarılması;
- Nağd pulların hesaba mədaxili;
- Hesab əməliyyatları barədə məlumatların təqdim edilməsi;
- İdxal-ixrac əməliyyatları üzrə valyuta nəzarətinin həyata keçirilməsi.
Bundan əlavə, bank xarici valyutanın manata və digər xarici valyutalara konvertasiyasını həyata keçirir. İri məbləğli əməliyyatlar üzrə müştərilərlə razılaşdırılmış güzəştli məzənnələr də tətbiq oluna bilər.
«Expressbank»
Expressbank-da biznes hesabı açmaq üçün müştəri sistemə ASAN İmza və ya birdəfəlik OTP şifrəsi vasitəsilə daxil olaraq qeydiyyatdan keçməlidir.
Daha sonra biznes hesabının açılması üçün müraciət forması doldurulur və sənədlər ASAN İmza ilə təsdiqlənir. Təsdiqləmə prosesi başa çatdıqdan sonra hesab aktivləşdirilir və köçürmələrə başlamaq mümkün olur.
Hesab açılması üçün əsas tələblər:
- Aktiv VÖEN;
- Aktiv ASAN İmza;
- Şəxsiyyət vəsiqəsi məlumatları.
- Tələb olunan vasitələr: ASAN İmza və ya OTP ilə sistemə giriş, sənədlərin elektron imzalanması üçün ASAN İmza.
«Unibank»
Unibank-da biznes hesabı açmaq üçün onlayn hesab açma portalına daxil olmaq lazımdır.
Müştəri ərizə formasını dolduraraq ASAN İmza vasitəsilə təsdiqləyir. Daha sonra bankla videozəng təşkil olunur. Videozəngdən sonra hesab aktivləşdirilir və rekvizitlər müştərinin elektron poçtuna göndərilir.
Hesab açıldıqdan dərhal sonra İnternet Bankinq və Mobil Bankinq xidmətləri də aktivləşdirilir.
- Tələb olunan vasitə: ASAN İmza.
- Prosedur: Onlayn ərizə, elektron imza və videozəng.
«Rabitəbank»
Rabitəbank fərdi sahibkarlar və hüquqi şəxslərə hesab açılması və kart sifarişi üçün filiala yaxınlaşmadan müraciət etmək imkanı yaradır.
Proses internet bankçılıq sistemindəki hesab açılması bölməsi vasitəsilə həyata keçirilir. Müştəri ASAN İmza ilə sistemə daxil olaraq tələb olunan məlumatları və sənədləri təqdim edir. Daha sonra video görüş üçün uyğun vaxtı özü müəyyənləşdirir.
Video görüş zamanı bank əməkdaşı müştərinin eyniləşdirilməsi və əlavə autentifikasiya prosedurları barədə məlumat verir. Rəsmiləşdirmə tamamlandıqdan sonra bank hesabları avtomatik açılır.
- Tələb olunan vasitə: ASAN İmza.
- Prosedur: Elektron müraciət, sənədlərin təqdim edilməsi və video görüş.















