"Kadastr məlumat bazasına əsasən, Xəzərin bəzi ərazilərində təsdiq edilmiş sahil xətti ilə dənizin hazırkı faktiki təmas xətti arasında geri çəkilmə məsafəsi 800 metrə qədər çatır. Bu, kifayət qədər böyük ərazidir".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini Fərid Cəfərov Xəzər Dənizinin Sahilboyu Ərazilərinin İdarəedilməsinin Təşmilləşdirilməsi ilə bağlı brifinqdə deyib.
Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, həmin torpaqlar Xəzər dənizinin akvatoriyasına aid edilir və hazırda da bu hüquqi statusunu qoruyur.
Fərid Cəfərovun sözlərinə görə, 24 avqust 2016-cı ildə Nazirlər Kabineti tərəfindən Xəzər dənizinin sahil zolağı müəyyən edilib:
"Həmin vaxt dənizin sahillə təmas etdiyi xətt, yəni sıfır xətt, eləcə də bu xəttdən quruya doğru 20 və 50 metrlik mühafizə zolaqları təsdiqlənib. Mövcud qanunvericiliyə əsasən, həmin ərazilər müstəsna dövlət mülkiyyətidir.
Hazırda isə təsdiq edilmiş sıfır xəttlə faktiki sahil xətti arasında dənizin geri çəkilməsi nəticəsində yaranmış ərazilər məsələsi gündəmdədir. Sözügedən fərmanın 3.2-ci bəndində də mövcud vəziyyət nəzərə alınmaqla sahilboyu ərazilərin xəritələşdirilməsi tapşırığı verilib. Bu proses çərçivəsində ərazilərin xəritələri hazırlanacaq, daha sonra zonalaşdırma aparılacaq".
"Bununla belə, həmin ərazilərin statusunun və istifadə vəziyyətinin dəqiqləşdirilməsi üçün digər aidiyyəti dövlət qurumları ilə birgə iş aparılacaq. Bu qurumlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Xəzər Dəniz Gəmiçiliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti daxildir.
Bir daha qeyd etmək istəyirəm ki, hazırda sözügedən ərazilər Xəzər dənizinin akvatoriyasına aid olan, dövlət mülkiyyətində yerləşən və istifadəsi qadağan edilmiş ərazilər hesab olunur", - deyə o, əlavə edib.













