Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır.
Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Eyni zamanda, müxtəlif hadisələr nəticəsində təsərrüfatlara ödənilən sığorta ödənişlərinin məbləği də artır.
FED.az xəbər verir ki, Aqrar Sığorta Fondu tərəfindən 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin 38 rayon və şəhərindəki təsərrüfatlara ümumilikdə 1 milyon 872 min manat aqrar sığorta ödənişi həyata keçirilib.
Fondun məlumatına görə, 254 baş mal-qaranın tələf olması səbəbindən təsərrüfatlara heyvandarlıq sığortası üzrə 1 milyon 362 min 177 manat sığorta ödənişi edilib.
Eyni zamanda, müxtəlif bitkilərin əkildiyi 764 hektar əkin sahəsinə zərər dəyməsi səbəbindən fermer və təsərrüfatlara bitkiçilik sığortası üzrə 510 min 153 manat sığorta ödənişi edilib.
2026-cı ilin ilk 9 ayının nəticələri göstərir ki, heyvandarlıq sahəsində sığorta hadisələri yoluxucu xəstəliklər, yemdən və otdan zəhərlənmə, ilan sancması və vəhşi heyvanların hücumu nəticəsində baş verib. Zərərlərin böyük hissəsi yoluxucu xəstəliklər və zəhərlənmələrlə əlaqədardır.
Əkin sahələrinə isə dolu, sel-subasma, qasırğa, fırtına, leysan, şaxtavurma, üçüncü şəxslərin hərəkətləri, yanğın və vəhşi heyvanların hücumu nəticəsində zərər dəyib. Əkin sahələrinə ən çox zərər vuran hadisələr dolu və sel-subasma olub.
2026-cı ilin ilk 9 ayında aqrar sığorta ödənişləri 38 rayon və şəhərdə həyata keçirilib. Bu dövrdə ən çox sığorta ödənişi edilən rayonlar Ağdaş, Goranboy, Ağsu, Kürdəmir və Saatlı olub.
Ağdaş rayonunda 481 min manat, Goranboyda 205 min manat, Ağsu rayonunda 181 min manat, Kürdəmirdə 119 min manat, Saatlıda isə 110 min manat sığorta ödənişi həyata keçirilib.
Bitkiçilik sığortası üzrə 27 rayonda, heyvandarlıq sığortası üzrə isə 21 rayon və şəhərdə ödəniş edilib.
Bitkiçilik üzrə ən böyük sığorta ödənişləri Biləsuvar, Ağdam, Ağcabədi, Tovuz və Kürdəmir rayonlarında həyata keçirilib.
Heyvandarlıq üzrə ən böyük sığorta ödənişləri isə Ağdaş, Goranboy, Ağsu, İsmayıllı, Kürdəmir və Saatlı rayonlarında həyata keçirilib.
Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat sahiblərini payızlıq əkinlər dövründə əkin sahələrini, tarla bitkilərini və meyvə bağlarını, həmçinin heyvandarlıq təsərrüfatlarını dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.













