"Xəzər boyu sahil ərazisində qanunsuz tikililərlə bağlı ilk növbədə, müvafiq normativ hüquqi aktların təsdiqini gözləməliyik".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Xidmətinin torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev Xəzər Dənizinin Sahilboyu Ərazilərinin İdarəedilməsinin Təşmilləşdirilməsi ilə bağlı brifinqdə deyib.
O, qeyd edib ki, çünki indiyədək Xəzər sahilboyu ərazilər vahid ərazi statusuna malik olmayıb, ayrı-ayrı rayonların əraziləri kimi idarə olunub, Xəzər sahilboyu ərazi anlayışı üzrə vahid idarəetmə rejimi mövcud olmayıb:
"Gələcəkdə bu ərazi ilə bağlı əsasnamə təsdiq olunacaq və qanunvericiliyə müvafiq dəyişikliklər ediləcək. Həmin sənədlərdə ərazidə hansı rejimin tətbiq olunacağı, tikililərin özəlləşdirilməsinin mümkün olub-olmayacağı, onların xüsusi mülkiyyətə aid edilib-edilməyəcəyi müəyyənləşdiriləcək. Dövlət, təbii ki, bu ərazilərə dövlət mülkiyyəti prizmasından yanaşır və məsələyə hüquqi müstəvidə baxılacaq".
"Bununla yanaşı, indiyədək ərazidə formalaşmış müxtəlif obyektlər və mülkiyyət formaları var. Onlara Azərbaycan qanunvericiliyinin müəyyən etdiyi hüquqi çərçivədə yanaşılacaq.
Tamamilə yararsız, ərazinin ümumi görünüşünə uyğun olmayan, ictimai əhəmiyyət daşımayan və əhaliyə xidmət göstərmək imkanına malik olmayan tikililərin isə tənzimlənməsi zəruridir.
Lakin hazırda konkret olaraq hansı tikilinin söküləcəyi və ya onunla bağlı hansı tədbirin görüləcəyi barədə birmənalı fikir söyləmək mümkün deyil. Ola bilsin ki, müəyyən obyektlər birləşdirilsin və ya onlarla bağlı başqa qərarlar qəbul edilsin. Bütün bunları müvafiq qanunvericilik müəyyən edəcək.
Ona görə də tələsməməliyik. Bu, həm ictimai, həm də əhali ilə birbaşa bağlı olan məsələdir. İnanıram ki, hazırlanacaq qanunvericilik aktları bu istiqamətdə vəzifə və öhdəlikləri dəqiq müəyyənləşdirəcək", - deyə, İlqar Həbiyev əlavə edib.













