Azərbaycanda kənd təsərrüfatının vergiyə cəlb olunmasında mühüm yenilik gözlənilir.
Vergi Məcəlləsinə təklif olunan və qəbul olunaraq qüvvəyə minəcək dəyişikliyə görə, fermerlərdən məhsul alanlardan 2% vergi tutulacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının fiziki şəxslərdən alış aktı əsasında alınması zamanı yeni vergitutma mexanizmi təklif olunur.
Məcəlləyə gözlənilən dəyişikliyə əsasən, vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxsdən kənd təsərrüfatı məhsulu alınarkən onun Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olub-olmaması əsas meyarlardan biri olacaq.
Satıcı, yəni məsələn meyvə satan şəxs, EKTİS-də qeydiyyatdadırsa, müvafiq əməliyyat vergidən azad ediləcək. Satıcı sistemdə qeydiyyatda deyilsə, alış zamanı ödəmə mənbəyində 2 faiz vergi tutulması nəzərdə tutulur.
Məsələn, şərtlərə uyğun olaraq EKTİS-də qeydiyyatda olmayan şəxsdən 10 min manatlıq kənd təsərrüfatı məhsulu alınarsa, ödəmə mənbəyində tutulacaq vergi 200 manat təşkil edər.
Qeyd edək ki, bu yenilik kənd təsərrüfatı məhsullarının tədarükü ilə məşğul olan şirkətlər, emal müəssisələri və məhsullarını onlara satan fiziki şəxslər üçün əhəmiyyətlidir. Qayda bir tərəfdən fermerlərin elektron qeydiyyata alınmasını tələb edir, digər tərəfdən isə qeydiyyatsız məhsulun satışından vergi tutulması yaradır.
Lakin verginin iqtisadi yükünün son nəticədə hansı tərəfin üzərində qalacağı alış qiymətindən və tərəflər arasındakı razılaşmadan asılı ola bilər.













