Göyçay rayonunda narın kütləvi yığımı davam edir. Yaz aylarında havaların yağmurlu keçməsi məhsuldarlığa müəyyən qədər təsir göstərsə də, builki satış qiymətləri fermerləri qane edir. Bağlardan toplanan məhsulun bir hissəsi xarici bazarlara göndərilir, digər hissəsi isə ölkənin müxtəlif bölgələrində satışa çıxarılır.
Nazir Azərbaycanda xurma satışı ilə bağlı problemlərdən danışdı: "Fərqli ölkələrə ixrac üçün imkanlar araşdırılır"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ixrac üçün nəzərdə tutulan nar ilk mərhələdə artıq xarici bazarlara göndərilib. Hazırda bağlardan yığılan məhsulun bir hissəsi isə paytaxt və region bazarlarına çıxarılır. Böyük nar bağlarından toplanan məhsulun əsas hissəsi elə kəndlərdəcə iritutumlu yük avtomobillərinə yüklənir. Bu narlar Rusiya, Ukrayna, Belarus və digər ölkələrin bazarlarına göndərilir. Bağdan alıcıya təqdim olunan məhsulun kiloqramı keyfiyyətindən və ölçüsündən asılı olaraq 1 manatla 1 manat 70 qəpik arasında dəyişir.
Bağda 1 manata alınan narın Bakıda niyə daha baha satılmasına gəlincə, fermer Eyvaz Səmədov qiymət fərqinin əsas səbəblərindən birinin nəqliyyat və digər əlavə xərclər olduğunu deyir.
“Bu gün gəlib məndən narı 1 manata alırlar. Nəqliyyat xərcini də üstünə gələndə Göyçay bazarına 1 manat 20 qəpiyə başa gəlir, orada 1 manat 50 qəpiyə satılır. Bakı bazarına aparanda da əlavə xərclər yaranır. Ona görə qiymət 1 manat 70 qəpik, 1 manat 90 qəpik, bəzən 2 manata çatır. Hamı deyir ki, rayonda 1 manatdırsa, Bakıda niyə 2 manatdır? Amma daşınma xərcləri var, satıcı da öz çörək pulunu qazanmalıdır”, – deyə fermer qeyd edib.
Nisbətən kiçik bağlarda xüsusi qulluqla yetişdirilən iri narlar isə əsasən Göyçay bazarına çıxarılır. Burada qiymətlər bağlardakı satışla müqayisədə xeyli fərqlənir. Satıcı Teymur Qəmbərovun sözlərinə görə, hazırda narın kiloqramı 3 manatdan başlayaraq 10 manatadək dəyişir: “İndiki vaxtda qiymətlər 3 manatdan başlayır, 10 manata qədərdir. Təxminən 10 gündən sonra 17-20 manat olan narlar da olacaq. Elə nar var ki, 15 manata belə tapmaq çətindir”.
Teymur Qəmbərov paytaxt bazarlarında Göyçay narı adı ilə ucuz qiymətə satılan məhsulların hamısının bu rayonda yetişdirilmədiyini də deyir. Onun sözlərinə görə, 1 manata təklif olunan narların bir qismi digər regionlarda yetişdirilir və keyfiyyət baxımından Göyçay narından fərqlənir.
Bazarla kənddəki satış qiymətlərini müqayisə edən Göyçay sakini Araz İsmayılov isə narı birbaşa bağlardan almağın daha sərfəli olduğunu düşünür.
Hazırda Göyçay bazarında “Şirin”, “Vələs”, “Şıxbaba”, “Gülövşə” və digər növlər də daxil olmaqla, 10-a yaxın nar çeşidi satışa çıxarılıb (Azərtag).













