Azərbaycanın aparıcı banklarından olan «Yelo Bank» biznes müştəriləri üçün yeni xidmət istifadəyə verib. Artıq hüquqi şəxslər biznes hesabının banka getmədən - həmin gün, dəqiqələr içində edə biləcəklər.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Bankın bu yeni xidmətlə bağlı elanı böyük marağa səbəb olub. Bununla əlaqədar olaraq FED.az yeni xidmətin bəzi detallarını dəqiqləşdirib.
«Yelo Bank»dan verilən məlumata görə, sürətli və sadə şəkildə biznes hesabının açılması prosesi üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyyat sorğusunu doldurur və valyuta seçir, şirkətə aid məlumatlar isə sistemə avtomatik gəlir. Sonra sənədlər formalaşdırılır və ASAN İmza ilə imzalanır, istəyə görə nüsxələr şəxsi e-mail ünvanına göndərilə bilər. Yekunda məsafədən identifikasiya aparılır və uğurlu nəticədən sonra hesab aktivləşir.
«Yelo Bank»dan FED.az biznes və maliyyə xəbərləri portalına verilən məlumata görə, biznes hesabı açmaq istəyən hüquqi şəxslərə - yeni müştərilərə hesab açmaq müddəti olduqca qısadır. Müştəri banka müraciət etdikdən cəmi bir neçə dəqiqə sonra hesabından istifadəyə başlaya bilir.
Yeri gəlmişkən, bankdan verilən məlumata görə, müştərilər bir sorğu etməklə bir deyil, bir neçə müxtəlif valyutalarda hesab aça bilirlər.
Yeni xidmətin biznes üçün rahat tərəfi ondadır ki, müştərilən hesab açmaq üçün heç bir sənəd tələb edilmir: «Müştəri sadəcə razılığı imzalayır. Biz bank olaraq onun hüquqi göstəricilərini müştərinin hüquqi adı, VÖEN-i , ünvanı, fəaliyyət kodu və şirkətə aid digər məlumatları avtomatik olaraq əldə edirik. Bu məlumatları müştərinin əllə daxil etməsinə ehtiyac qalmır, bu da həmçinin vaxt qənaətinə gətirir», - deyə bankın məlumatında qeyd edilir.
«Biznes hesabı təsdiqləndikdən dərhal sonra hüquqi şəxslər hesabdan istifadə edə bilirlər. Mövcud müştərilər üçün isə hesab dərhal təsdiqlənir və istifadə də eyni qaydada, dərhal mümkündür».
Bundan başqda, bildirilib ki, mövcud hüquqi şəxsin hesab açılması 1-3 dəqiqə çəkir, yeni hüquqi şəxsdə isə bu dəyişkəndir: «Burada videozəng və videozəngə direktorun qoşulması faktoru var, amma nəticə etibarı ilə eyni gün ərzində açılır hesab, 2-3 gün gözləməyə ehtiyac qalmır».















