"Xəzərin sahil boyu ərazilərində torpaqların icarəyə və istifadəyə verilməsi qaydaları müəyyənləşdirilməlidir".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Xidmətinin torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev Xəzər Dənizinin Sahilboyu Ərazilərinin İdarəedilməsinin Təşmilləşdirilməsi ilə bağlı brifinqdə deyib.
Onun sözlərinə görə, sözügedən əraziyə şərti olaraq xüsusi ərazi kimi yanaşılacaq və burada torpaqlardan istifadə mexanizmləri formalaşdırılacaq:
"Əsasən üç hüquq növü nəzərdə tutula bilər: istifadə hüququ, icarə hüququ və mülkiyyət hüququ. Həmin ərazilərdə mülkiyyət hüququnun verilməsi çox nadir haldır. Hətta hazırda qanunvericilikdə belə bir imkan nəzərdə tutulmur. Bununla belə, bəzi dövlətlərdə, xüsusilə 1990-cı və 2000-ci illərin əvvəllərində ayrı-ayrı şəxslərə mülkiyyət hüquqları verilib. Həmin şəxslər qanuni əsaslarla əmlak əldə edib, biznes qurub və müxtəlif obyektlər yaradıblar. Bu məsələlər də aparılacaq təhlillər çərçivəsində nəzərdən keçiriləcək".
"Torpaqların necə veriləcəyinə gəlincə, bunu konkret nümunə ilə izah etmək olar. Bütün qaydalar müəyyənləşdirildikdən sonra, məsələn, kiçik kafe və ya mövsümi fəaliyyət göstərən müvəqqəti obyekt açmaq üçün torpaq sahəsinin ayrılması mexanizmi yaradılacaq. Bu proses “bir pəncərə” prinsipi əsasında həyata keçiriləcək. İstənilən vətəndaş, fiziki və ya hüquqi şəxs yaradılacaq coğrafi informasiya sisteminə daxil olaraq ərazidən yer seçə və müraciət edə biləcək", - deyə o, əlavə edib.
İlqar Həbiyev deyir ki, bu, kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi və torpaq kateqoriyasının dəyişdirilməsi zamanı istifadə olunan elektron xidmətlərə bənzər mexanizm olacaq:
"Yəni rəqəmsal torpaq idarəetməsi resursu yaradılacaq və hər kəs həmin sistem vasitəsilə istədiyi əraziyə daxil olaraq qanunvericilikdə nəzərdə tutulan hüquqlarını reallaşdırmaq üçün müraciət edə biləcək.
Müraciət sistemə daxil olduqdan sonra zəruri hallarda yerquruluşu işləri aparılacaq, aidiyyəti dövlət qurumları ilə razılaşdırmalar həyata keçiriləcək və müvafiq rəylər alınacaq. Məsələn, söhbət ictimai iaşə obyektinin fəaliyyətindən gedirsə, səhiyyə və fövqəladə hallar üzrə aidiyyəti qurumların rəyləri və uyğunluq sənədləri tələb oluna bilər.
Bütün rəylər alındıqdan sonra müvafiq qərar qəbul ediləcək və torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə bağlanacaq. Mexanizm ümumilikdə bu qədər sadə olacaq. Əsas məsələ isə bütün bu prosedurların qanunvericilikdə öz əksini tapmasıdır".













