Ağdam Sənaye Parkında müxtəlif növ lift və eskalatorların, yanğına davamlı qapıların və məişət avadanlıqlarının istehsalı üçün yeni müəssisə yaradılacaq.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Məlumata əsasən, “Vertus Engineering CO” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Şirkət tərəfindən həyata keçiriləcək layihənin investisiya dəyəri 22 milyon manat təşkil edir. Layihə çərçivəsində sənaye parkının ərazisində müxtəlif növ lift və eskalatorların, yanğına davamlı qapıların və məişət təyinatlı avadanlıqların istehsalı nəzərdə tutulur.
Qeyd edək ki, Ağdam Sənaye Parkının rezidentləri üçün bir sıra vergi və gömrük güzəştləri tətbiq olunur. Belə ki, rezidentlər 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən azaddırlar.
Bundan əlavə, istehsal məqsədilə idxal olunan texnika, avadanlıq və xammal 10 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumlarından azad edilir. Sahibkarlar üçün sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər dəstək tədbirləri də nəzərdə tutulub.













