Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif markalı nəqliyyat vasitələri hərraca çıxarılacaq.
FED.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac 6 yanvar 2027-ci il tarixində saat 10:00-da keçiriləcək.
Satışa çıxarılan nəqliyyat vasitələri Azərbaycan Dövlət Pedaqoji Universitetinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu”na məxsusdur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin balansında olan 6 minik avtomobili satışa təqdim edilir. Bunlar 2010-cu il istehsalı “Nissan Maxima” (8 200 manat), 2007-ci il istehsalı “Nissan Teana” (5 000 manat), 2006-cı il istehsalı “Nissan Teana” (5 500 manat), 2016-cı il istehsalı “Chevrolet Malibu” (8 000 manat), 2001-ci il istehsalı “Hyundai Elantra” (4 000 manat) və 1996-cı il istehsalı “Mercedes-Benz 230” (4 000 manat) avtomobilləridir.
Bundan əlavə, “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu”nun balansında olan 5 nəqliyyat vasitəsi bir lot şəklində 6 600 manat ilkin qiymətlə hərraca çıxarılır.
Bu lota 1986-cı il istehsalı “QAZ 53A”, 1985-ci il istehsalı “ZIL 131A”, 1992-ci il istehsalı “QAZ 6616”, 1989-cu il istehsalı “QAZ 66-11” və 2008-ci il istehsalı “Chevrolet Niva” daxildir.
Beləliklə, hərraca ümumilikdə 7 lot üzrə 11 nəqliyyat vasitəsi çıxarılır. Lotların ilkin satış qiymətləri 4 000 manatdan 8 200 manatadək dəyişir.
Hərracda iştirak etmək istəyən şəxslər ilkin satış qiymətinin 10%-i həcmində beh ödəməli və tələb olunan sənədləri hərracın keçirilməsinə ən geci üç bank günü qalanadək təqdim etməlidirlər.
Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.













