Azərbaycanın əsas ixrac məhsullarından olan xurmanın satışında problemlər yaranıb.
Azərbaycan 9 ayda 33 milyon dollarlıq xurma ixrac edib
FED.az xəbər verir ki, xurma becərən fermerləri qiymətləri bu il aşağı olmasından, xurma alışı şəbəkələrinin qiymətləri aşağı salmasından və gəlirlərin azlığıfndan şikayətləniblər.
Xatırladaq ki, Xurma Azərbaycana valyuta gətirən əsas məhsullardandır. Təkcə bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 32,8 milyon dollarlıq 41,4 min ton xurma satılıb. Ötən il isə xaricə 144,2 milyon dollarlıq 187,5 min ton xurma satılmışdı.
Xurma satışının azaldığı rəqəmlərdən də aydın görünür. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə xurma satışı 6,3 min ton, ondan gəlirlər isə 1,3 milyon dollar azalıb.
Xurma satışının zəifləməsi fermerlərin narazılığına səbəb olub. Fermerlər məhsul yetişdirməyin xərclərinin artdığını, qiymətlərin ucuzlaşdığını bildirirlər. Fermerlərin digər problemi də xarici bazarların az olması ilə bağlıdır.
FED.az biznes və maliyyə xəbərləri portalı bazardakı vəziyyəti araşdırmaq üçün ölkənin əsas xurma istehsalçıları – Ağdaş və Göyçay femerləri ilə danışıb.
Fermerlər məhsulun maya dəyərinin artığını, qiymətlərin ucuzlaşdığını deyirlər. Ağdaş rayonunda təsərrüfatla məşğul olan fermer Qəhrəmanov Nimət FED.az biznes və maliyyə xəbərləri portalına bildirib ki, hazırda xurmanın 10-11 kiloqramlıq yeşiyinin satış qiyməti 4-6 manat arasında dəyişir, bu isə məhsulun maya dəyərinə yaxın qiymətdir:
“Bir yeşik məhsulun maya dəyəri təxminən 3-4 manatdır. Bu məhsulu ərsəyə gətirmək çox çətin prosesdir. Ağacların budanması, kəndirlənməsi, peyinlənməsi, şumlanması, otların biçilməsi və s. hamısı maya dəyərinə təsir edir”.
Fermer Nimət deyir ki, qiymətlər ötən il də eyni olsa da, amma alıcılıq var idi:
“Qiymətlər ötən il də elə eyni səviyyədə idi. Amma ötən il alıcılar bu ilkindən daha çox idi. Bunun da əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir. Bizim malların çoxu Ruisyaya və Ukraynaya satılır. Orada da vəziyyət qarışıq olduğu üçün malın getməsi ləngiyir. Həm də keçən il bizim xurma Türkiyəyə, Avropaya ixrac olundu, bu il isə hələ ki, bu bazarlara mal getməyib”.
Fermer qeyd edir ki, məhsul pula gedəndə fermer daha həvəsli işləyir, çünki həm fermerin dolanışıq yeri buradandır, ailə saxlayır, həm də məhsul pula gedəndə fermer bağa da yaxşı baxır:
“Məsələn bir hektar ərazidən 10-15 illik ağaclardan 15 min götürən fermer bağa yaxşı baxa bilmir, çünki bunun dolanışı var, qışı çıxmaq var. Amma 25 min götürsən 8-10 min yenidən bağa qulluğa qoymaq olur”.
Nimət Qəhrəmanov bildirir ki, 4 il əvvəl xurmanın satış qiyməti 8-11 manat arasında idi. Bu qiymətə məhsulu satmaq sərf edirdi:
“Elə bundan sonra da bu qiymətlər olsa, xurma yetişdirmək sərf edər. Qiymətlər ucuz olsa, satış olmasa məhsullar ağacda qalır, ikinci il fermerin pulu olmur ki, bağa qulluq eləsin. Qiymətlər belə getsə, fermer məcbur olacaq ki, ağacı çıxarıb yerinə başqa ağac əksin”.
“Həm də məhsul satılmayanda onun maya dəyəri də artır. Məhsulu yığıb soyuducu anbarlara qoymaq üçün bir yeşik məhsula 3 aylıq üçün 5 manat ödəniş olunur. Əgər məhsul 3 ay ərzində satılmasa sonra hər yeşiyə görə gündə 5 qəpik pul gəlir. Bu da fermerçün hər gün 500-600 manat itki deməkdi”, - deyə o, əlavə edib.
Xatırladaq ki, Azərbaycanda 16 min hektara yaxın ərazidə xurma becərilir, bundan 13 min hektar sahə bar verir. Hər hektardan olrta hesabla 17 ton xurma götürülür. Xurmanın gəlirli meyvə olması son illər ona marağı artırıb. Təkcə 2025-ci ildə xurma bağlarının sahəsi 1,3 min hektar genişlənib.
Ölkəmizdə xurma ən çox Goranboy (870 hektar), Samux 745 hektar, Tərtər (850 hektar), Şəmkir (2100 hektar), eləcə də Ağdaş (2200 hektar) və Göyçay (2500 hektar) rayonlarının ərazisində becərilir.
Mövzu ilə bağlı FED.az biznes və maliyyə xəbərləri portalına danışan Göyçay rayonunda təsərrüfatla məşğul olan, eyni zamanda sahibkarklıq və alver edən Niyazi Abbasov da satışın xeyli azaldığını bildirib:
“Bu il xurma satışı ötən illə müqayisədə xeyli zəifdir. Keçən ilki kimi alıcılıq yoxdur, buna görə də, qiymətlər avtomatik ucuzlaşır. Keçən il 9-10 manata satılan mallar bu il 6-7 manata satılmır. Qiymətlər ən azı 20-30% ucuzlaşıb.
Alıcılığın az olmasının əsas səbəbi xarici bazarlara çıxışın olmamasıdır. Ötən il Rusiya bazarlarına 100% mal satılırdısa, bu il həmi məhsulun 50%-i satılır. Bazarlarda da mal satılmır, təlabat yoxdur.
Fermerdən 5-6 manata alınan məhsulun maya dəyəri 11-11,5 manata kimi qalxır. İxrac qiyməti bu qiymətə başa gəlir”.
7 hektar ərazidə xurma əkini ilə məşğul olan fermer deyir ki, bu sahədə çox pərakəndəlik var, dövlət buna bir çarə qılmalıdır:
“Bu gün xurmanın satış qiymətləri aşağıdır, dövlət fermerə hər iki halda dəstək olmalıdır. Mənim özümün hardasa 7 hektar xurma bağım var. Mən bu gün bunun satışında əgər əziyyət çəkirəmsə, dövlət mənim yanımda olmalıdır. Qiymət müəyyən edilməlidir ki, fermer zəhmət çəkib məhsul yetişdirir. Təklif olunmalıdır ki, 5-6 manat bağ xərci var, bu məhsulu təhvil ver müəyyən qiymətə. Fermerlərə dəstək olmaq üçün bu üsuldan istifadə etmək olar. Dövlət əkinçinin qarantı olmalıdır ki, “mən kəndçinin yanındayam”. Fermer də bilməlidir ki, yetişdirdiyi məhsul əlində qalmayacaq”.
Fermer Niyazi deyir ki, xurmanın xaricə satışını təşkil etmək lazımdır:
“Yeni bazarlar tapılmalıdır. Avropa, Asiya bazarlarına, Suriyaya, Qətərə, Ərəbistana çıxış tapmaq lazımdır.
Məsələn keçən il xurma Türkiyəyə satıldı. Çünki Türkiyədə havalar pis keçdi, məhsulu don vurdu, ona görə Azərbaycandan alırdılar. Bu il isə Türkiyədə də məhsuldarlıq yaxşı oldu, ona görə bizim məhsula ehtiyac olmadı”.
Niyazi Abbasov bildirir ki, bütün sahələrdə olan qiymət artımı məhsulun maya dəyərini bahalaşdırıb. Hətta mövsümi işlərdə çalışanların ödənişi də əvvəlki illə müqayisədə artıb:
“Keçən il fəhlə günü 15 manata işləyirdisə, bu il günü 30 manata işləyir. Pulun dəyəri itir, hər şeyin qiyməti bahalaşır. Fermerin xərcləri artır, amma məhsulun qiyməti dəyişmir.
Mən bu gün həm sahibkar, həm də alverçiyəm. Rusiyaya - Çelyabinskə üç maşın mal göndərmişəm. Birinci maşınımdan hələ 900 yeşik mal dayanır. Həmin məhsul 10 gün bundan qabaq gəlib bazara. Bir maşında 1700 – 2 000 mal olur, onun yarısı 10 gündə satılmır. Hazırda məsələn 1 000 rubla (təxminən 21 manat) bazara girən malı, mən bu günləri 800 rubla (təxminən 16 manata) satıb qurtarmağa razıyam ki, birində 200 rubl (Təxminən 4 manat) ziyan eləyim, yeşiyin malını satım. Vəziyyət budur».
Fermerlər bildirir ki, xərclərin artmasının əsas səbəblərindən biri də nəqliyyat xərclərinin artmasıdır. «Çelyabinskə mallarnın daşınması 5 500 dollara başa gəlir, bunlar hamısı da xurmanın üzərinə gəlir. Təkcə nəqliyyat xərci xurmanın bir yeşiyinin qiymətini 6 manat bahalaşdırır. Hər şeyin qiyməti qalxır, məhsulubn qiyməti qalxmır. Yol xərci xurma 1 manata alınsa da, bunun üzərinə gəlir, biz də məcburuq ki, xurmanı 80 qəpiyə alaq ki, həmişəki qiymətə sataq».
Xatırladaq ki, FED.az fermerlərin üzləşdiyi vəziyyətlə bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədovun məsələyə münasibətini öyrənib.
Məcnun Məmmədov saytımıza bildirmişdi ki, ixrac tamamilə biznes fəaliyyətidir və dövlət biznes fəaliyyəti ilə məşğul olmur, dövlət istehsalı təşviq edir və fermerlərə istehsalın maksimum dərəcədə artırılması üçün dəstək göstərir:
"Bu istiqamətdə cənab Prezidentin imzaladığı sərəncama əsasən, artıq ixrac logistikası xərclərinə də dəstək verilir. Belə ki, logistika xərclərinin 70 faizə qədəri dövlət tərəfindən qarşılanır. Bu imkanlar mövcuddur. Lakin özəl sektor da həmin imkanlardan istifadə edərək müvafiq bazarlara çıxmalı, yeni bazarlar axtarmalıdır. Əlavə olaraq qeyd edim ki, Subsidiya Şuranın qərarına əsasən, 2027-ci ildən beynəlxalq məhsul sertifikatlarının alınması da dövlət tərəfindən maliyyələşdiriləcək. Beləliklə, fermerlər istehsalın təşviqi ilə yanaşı, logistika və sertifikatlaşdırma istiqamətlərində də dövlət dəstəyi alacaqlar. Söhbət Global G.A.P., ISO və orqanik məhsul sertifikatları kimi beynəlxalq standartlardan gedir".
Bütün bu dəstək mexanizmlərinin özəl sektorun məhsullarını dünya bazarına çıxarmasına xidmət etdiyini bildirən nazir bununla belə, özəl sektorun da öz üzərinə düşən funksiyaları yerinə yetirməli olduğunu qeyd edib.
"Xurmanın ixrac bazarlarına gəldikdə isə, Azərbaycan üçün ənənəvi bazar Rusiyadır. Ötən il Türkiyə bazarına da ixrac həyata keçirilib, lakin bu il həmin istiqamətdə ixrac olmayıb. Bunun əsas səbəblərindən biri Türkiyədə şaxtalar nəticəsində məhsuldarlığın aşağı düşməsi olub", - deyə, nazir əlavə edib.
Kənd təsərrüfatı naziri bildirib ki, digər istiqamət isə Yaxın Şərq bazarıdır:
"Bildiyiniz kimi, İranda baş verən hadisələr bu bazara da müəyyən mənada mənfi təsir göstərib.
Eyni zamanda, Çin bazarına çıxış istiqamətində də işlər aparılır. Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyinin sədrinin Çinə səfəri baş tutub. Daha sonra mənim də səfərim olub. Həmin səfər çərçivəsində Azərbaycan məhsullarının Çinə ixracı məsələləri müzakirə edilib və bu istiqamətdə işlər davam etdirilir".













