Azərbaycanda dövlət dəstəkli aqrar sığorta sisteminin genişlənməsi, sığortalanan əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının əhatə dairəsinin artması bölgələrdə peşəkar aqrar sığorta ekspertlərinə tələbatı da artırır.
Aqrar Sığorta Fondu (ASF) müstəqil aqrar sığorta ekspertlərinin sayının artırılması məqsədilə bölgələrdəki kənd təsərrüfatı mütəxəssislərini əməkdaşlığa dəvət edir.
Aqrar sığorta ekspertləri hansı işləri görürlər?
Müstəqil ekspertlər aqrar sığorta sisteminin fəaliyyətində mühüm rol oynayırlar. Onlar həm təsərrüfatların sığortalanması, həm də sığorta hadisəsi baş verdikdən sonra zərərlərin müəyyən edilməsi prosesində iştirak edirlər.
Aqrar sığorta müqaviləsi bağlanmazdan əvvəl məhz müstəqil ekspertlər təsərrüfatlara baxış keçirir, sığorta obyektinin mövcud vəziyyətini qiymətləndirirlər. Sığorta hadisəsi baş verdikdə isə ekspertlər təsərrüfata baxış keçirərək hadisəni araşdırır, dəymiş zərərin həcmini müəyyən edir və hesablayırlar.
Başqa sözlə, fermerlərlə aqrar sığorta müqavilələrinin bağlanması, eləcə də sığorta hadisəsi baş verdikdə zərər üzrə sığorta ödənişlərinin hesablanması məhz müstəqil aqrar sığorta ekspertlərinin rəyi əsasında həyata keçirilir.
Bölgələrdə peşəkar ekspertlərin sayının artırılması təsərrüfatlara baxışların daha operativ keçirilməsi, fermerlərin sığorta xidmətlərinə çıxışının asanlaşdırılması və aqrar sığorta sisteminin regionlarda daha da genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Bu fəaliyyət kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislərə öz bilik və təcrübələrindən istifadə etməklə əlavə gəlir əldə etmək imkanı da yaradır.
Aqrar sığorta eksperti fəaliyyəti ödənişli xidmətdir.
Aqrar Sığorta Fondu ilə ekspertlər arasında bağlanan xidməti müqaviləyə əsasən, ekspertlərə yerinə yetirdikləri işlər müqabilində xidmət haqqı ödənilir.
Ekspertlərin xidmət haqları fəaliyyət növündən, müqavilələrin sayından və ərazinin sahəsindən asılı olaraq dəyişir. İndiyədək formalaşan təcrübə göstərir ki, aqrar sığorta eksperti kimit aktiv fəaliyət göstərən ekspertlərin aylıq gəlirləri 1500 manatdan başlayaraq, 2000-3000 manat, bəzi hallarda isə daha yüksək olur.
Beləliklə, müvafiq ixtisasa və peşəkar təcrübəyə malik şəxslər aqrar sığorta eksperti kimi fəaliyyət göstərməklə yeni gəlir mənbəyi əldə edə bilərlər.
Necə aqrar sığorta eksperti olmaq olar?
Müstəqil aqrar sığorta eksperti olmaq istəyən şəxslər əvvəlcə Aqrar Sığorta Fondunun təşkil etdiyi təlimlərdə iştirak etməli, daha sonra Dövlət İmtahan Mərkəzinin elan etdiyi imtahana qatılmalıdırlar. İmtahanda azı 60 faiz bal toplayan namizədlərə 5 il müddətinə müstəqil aqrar sığorta eksperti sertifikatı verilir.
Sertifikat əldə edən şəxslər Azərbaycan Mərkəzi Bankının müvafiq reyestrinə daxil edilir. Bundan sonra həmin şəxslər Aqrar Sığorta Fondu ilə xidməti müqavilə bağlayaraq müstəqil aqrar sığorta eksperti kimi fəaliyyətə başlayırlar.
Növbəti təlimlər Bakı və Bərdədə keçiriləcək
2026-cı ildən etibarən müstəqil aqrar sığorta ekspertləri üçün təlimlər Bakı şəhəri ilə yanaşı, ölkənin digər bölgələrində də keçirilir. Bu yenilik regionlarda yaşayan mütəxəssislərin təlimlərdə iştirak imkanlarını genişləndirməyə və bölgələrdə ekspert potensialını artırmağa xidmət edir.
Müstəqil aqrar sığorta eksperti olmaq istəyən şəxslər 16–30 noyabr 2026-cı il tarixlərində təlimlərdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Təlimlər aşağıdakı tarixlərdə və ünvanlarda keçiriləcək:
- Bakı şəhərində – 30 noyabr – 5 dekabr 2026-cı il tarixlərində. Ünvan: Aqrar Sığorta Fondunun inzibati binası, Xətai rayonu, 8 Noyabr prospekti 175.
- Bərdə şəhərində – 3–7 dekabr 2026-cı il tarixlərində. Ünvan: Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin inzibati binası, Nizami Gəncəvi küçəsi 76.
Təlimdə iştirak haqqı ƏDV daxil olmaqla 20 manat təşkil edir.
Ekspertlər hansı istiqamətlər üzrə hazırlanır?
Təlimlər namizədlərin müstəqil aqrar sığorta eksperti sertifikatı əldə etmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlara buraxılması məqsədilə təşkil olunur.
Namizədlər aşağıdakı üç istiqamət üzrə müstəqil ekspert sertifikatı əldə edə bilərlər:
- Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının, o cümlədən çoxillik əkmələrin sığortası;
- Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası;
- Akvakultura məhsullarının sığortası.
Təlimlərdə iştirak etmək üçün mütəxəssislərin şəxsiyyət vəsiqəsi və təhsilini təsdiq edən sənədlər tələb olunur.
Qeydiyyat və əlaqə vasitələri
Təlimlərin təşkili, qeydiyyat və iştirak şərtləri barədə ətraflı məlumatı aşağıdakı əlaqə vasitələri ilə əldə etmək mümkündür:
- Çağrı mərkəzi: 1651
- Telefon və WhatsApp: 055 500 84 23
- Elektron poçt: [email protected]
Təlimlərdə iştirak üçün son qeydiyyat tarixi 30 noyabr 2026-cı ildir.













