Azərbaycan Mərkəzi Bankının (AMB) qiymətləndirməsinə görə, 2027-ci ildə dövlət büdcəsinin cari xərcləri inflyasiyanı 0,34 faiz bəndi artıra bilər. Əsaslı xərclərin inflyasiyaya təsiri isə neytral qiymətləndirilir.
Manatın taleyi ilə bağlı 4 illik - PROQNOZ AÇIQLANDI
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov noyabrın 16-da Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib. O, cari xərclərin inflyasiyaya gözlənilən təsirini əhəmiyyətli hesab etmədiklərini və Mərkəzi Bankın parlamentə təqdim olunan büdcə layihələrini dəstəklədiyini deyib.
Kazımovun sözlərinə görə, cari xərclərin qeyri-neft-qaz gəlirləri hesabına daha çox maliyyələşdirilməsi dövlətin cari öhdəliklərini daha dayanıqlı mənbələr hesabına qarşılamağa imkan verir. Büdcənin ümumi gəlirlərində qeyri-neft-qaz gəlirlərinin payının artması dövlət maliyyəsinin neft sektorundan asılılığını azaldır. Dövlət Neft Fondundan büdcəyə transfertin azaldılması isə strateji valyuta ehtiyatlarının uzunmüddətli dayanıqlığının qorunmasına xidmət edir.
AMB sədri büdcə siyasəti ilə pul siyasəti arasında son illərdə qurulmuş sıx koordinasiyanın davam edəcəyinə və makroiqtisadi sabitliyə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Kazımov qeyd edib ki, 2027-ci ildə qiymət sabitliyi Mərkəzi Bankın pul siyasətinin əsas hədəfi olaraq qalacaq. AMB pul siyasətinin əsas lövbəri kimi manatın məzənnə sabitliyini qorumaq üçün sərəncamındakı alətlərdən istifadə edəcək.
Mərkəzi Bankın 2024–2026-cı illər üzrə maliyyə sektorunun inkişaf strategiyasının icra səviyyəsi 91 faizə çatıb. AMB 2027–2030-cu illəri əhatə edən yeni strategiyanı 2026-cı ilin sonunadək hazırlamağı planlaşdırır. Strategiyanın birinci istiqaməti real sektorun maliyyələşdirilməsinin genişləndirilməsini, rəqəmsallaşmanı, innovativ həllərin tətbiqini və maliyyə xidmətlərinə çıxışın artırılmasını əhatə edəcək. İkinci istiqamət tənzimləmənin təkmilləşdirilməsi yolu ilə maliyyə sektorunun dayanıqlığının gücləndirilməsidir.













