Şəmkirdə icra hakimiyətinin başçısı kartof yığımında iştirak edib. FED.az xəbər verir ki, iyulun 31-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sahibkar Tahir Hüseynovun təsərrüfatına baş çəkib, qayğı və çətinlikləri ilə maraqlanıb, yarana biləcək problemlərin vaxtında aradan qaldırılması üçün aidiyyətli struktur rəhbərlərinə lazımi tapşırıqlar verilib.
Sahədə çalışan işçilərlə tək-tək söhbət edən icra başçısı kartof yığımında da iştirak edib.
Təsərrüfat sahibi tərəfindən Alimpaşa Məmmədova bildirilib ki, kartof 50 hektar ərazidə əkilib və gələcəkdə daha da genişləndirilməsi planlaşdırılır. Ərazidə Şəmkirlə yanaşı, Gəncə şəhərindən, Göygöl, Samux, Tovuz və Daşkəsən rayonlarından 500-ə yaxın işçi qüvvəsi çalışır.
Bu il məhsuldarlığın əvvəlki illərə nisbətən daha çox olduğunu deyən fermer ərazidən toplanan məhsulların gündə 2 min ton olmaqla daxili bazarlara, xüsusilə də Bakı şəhərində yerləşən Meyvəli bazara çıxarıldığını bildirib.
Daha sonra sahibkar Tahir Hüseynova məxsus 2500 ton tutumu olan soyuducu anbara baxış keçirilib.