Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun mətbuata müsahibə verib.
2019-cu ilin birinci rübü üzrə ARDNF-nin fəaliyyətini necə qiymətləndirirsiniz?
Cari ilin ilk rübü Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) üçün çox uğurlu olub. Birinci rübün nəticələri onu göstərir ki, xam neftin qiymətlərində müşahidə edilən artım dinamikası və bu qiymətin hazırda büdcədə nəzərdə tutulandan təxminən 10 ABŞ dolları yüksək olması ilə yanaşı ARDNF-nin vəsaitlərinin idarə edilməsindən də müsbət göstəricilər əldə edilib. Belə ki, 2019-cu ilin I rübün sonuna ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirləri 797,5 milyon ABŞ dolları və ya 1 355,7 milyon manat təşkil etmiş və 2019-cu ilin büdcəsində nəzərdə tutulmuş 1 442 milyon manata nəzərən 94% səviyyəsində icra olunub.
Bu dinamika, əsasən dünyanın əsas qiymətli kağızlar bazarlarında qiymətlərin artımı ilə bağlıdır ki, 2018-ci ilin oktyabr ayından dekabr ayına qədər olan dövr ərzində qiymətlərdə müşahidə edilən azalma trendi tədricən artım ilə əvəzləndi.
Bildiyiniz kimi 1999-cu ilin dekabrında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yaradılmış ARDNF bu il 20 illik yubileyini qeyd edir. 2019-cu ilin ilk rübündə ARDNF-nin aktivləri Fondun tarixində ilk dəfə olaraq 40 milyard ABŞ dollarını keçib. Belə ki, 2019-cu ilin 31 mart tarixinə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 milyon ABŞ dolları) nisbətən 4,56% artaraq 40 273,3 milyon ABŞ dollarına bərabər olub. 31 mart 2019-cu il tarixinə ARDNF-nin büdcə gəlirləri 5 960,7 milyon manat təşkil etmiş, büdcə xərcləri isə (2 640,7 milyon manat) nəzərdə tutulmuş qrafikə uyğun olaraq icra olunub. Qeyd etdiyim kimi Fondun aktivlərində artım əsasən Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlərin artması ilə bağlı olub.
Neft Fondunun aktivlərinin artımı ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi və sosial-iqtisadi islahatların aparılması yolu ilə uzunmüddətli dayanıqlı iqtisadi artıma yönəldilmiş siyasətin tətbiqinin effektivliyini bir daha sübut edir.
ARDNF-nin 2019-cu il üzrə büdcəsində neftin qiyməti 60 ABŞ dolları səviyyəsində nəzərdə tutulsa da, cari ilin əvvəlində neftin faktiki ortalama qiyməti onu əhəmiyyətli dərəcədə üstələyib. Bu, Neft Fondunun 2019-cu ilin birinci rübündəki gəlirlərinin artmasına necə təsir edib və ümumilikdə, 2019-cu ildə əlavə gəlirlərin əldə olunması üzrə gözləntilər nədir?
Son illər xam neftin qiymətinin kəskin enməsi halında dövlət büdcəsini əlavə xərc və mənfi təsirlərdən qorumaq məqsədilə neftin proqnoz qiyməti konservativ ssenariyə uyğun olaraq qəbul edilir. Bu da öz növbəsində son üç il ərzində Neft Fondunun vəsaitlərinin sabit artımına müsbət təsirini göstərib.
Dünya bazarında mövcud müsbət qiymət dinamikası (hazırda Brent markalı neftin bir barelinin qiyməti 70 ABŞ dollarını keçir) ARDNF-nin büdcə gəlirlərinin artmasına imkan yaradır. ARDNF-nin 2019-cu il üzrə büdcəsində mənfəət nefti və qazın satışı ilə bağlı gəlirlərin 13,22 milyard manat həcmində olması proqnozlaşdırılsa da, cari ilin I rübü üzrə müvafiq gəlir mənbəsi üzrə daxilolmalar 3,83 milyard manat və ya ümumi proqnozun 29%-ni təşkil edib. Bu cür qiymət dinamikası davam edərsə, Fondun ümumi gəlirlərinin 15,36 milyard manat təşkil edərək proqnozlaşdırılan məbləğdən 16% və ya 2 milyard ABŞ dolları çox olacağı gözlənilir.
Bununla yanaşı nəzərə almaq lazımdır ki, neftin qiyməti ilin əvvəlinə nisbətən xeyli yüksəlib və hazırda faktiki qiymət yanvar ayına nisbətən büdcədə nəzərdə tutulandan daha yüksəkdir. Bazarlarda bu cür qiymət dinamikası davam edərsə, gəlirlərin büdcədə nəzərdə tutulana nisbətən 25-30% daha çox olması gözlənilir.
Neft Fondunun vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi qaydalarına uyğun olaraq hansı dəyişikliklər həyata keçirilib? İnvestisiya portfelinin idarə edilməsi ilə bağlı yeni xarici menecerlər cəlb edilibmi?
ARDNF-nin vəsaitlərinin idarə edilməsi iki əsas normativ sənədə - “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar” (İnvestisiya Qaydaları) və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti”nə uyğun olaraq həyata keçirilir. ARDNF-nin investisiya strategiyası, eyni zamanda investisiya istiqamətləri Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya Qaydaları”na, bu istiqamətlər üzrə məhdudiyyətlər və limitlər isə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə illik əsasda yenilənən “İnvestisiya siyasəti”nə uyğun olaraq müəyyən edilir.
Xarici menecerlərə dair isə onu qeyd etmək istərdim ki, menecerlərin ARDNF-nin vəsaitlərinin idarə edilməsinə cəlb edilməsində əsas məqsəd Fondun yeni investisiya istiqamətlərində onların təcrübəsindən yararlanmaqdır. Xarici menecerlərin cəlb edilməsi zamanı onlara qarşı qoyulan tələblər də qeyd edilən iki normativ aktla tənzimlənir və menecerlərin fəaliyyətinin daimi monitorinqi həyata keçirilir.
Hazırda investisiya portfelinin 10%-dək olan hissəsi xarici menecerlər vasitəsilə sabit gəlirli qiymətli kağızlara və səhmlərə investisiya edilib. “DWS International” və Dünya Bankı sabit gəlirli qiymətli kağızlar portfelini, “State Street Global Advisors”, “UBS”, “BlackRock”, “Mellon Capital” və “Sumitomo” isə səhm portfelini idarə edir.
Yuxarıda qeyd edilənlərdən də görmək olar ki, ARDNF-nin vəsaitlərinin idarə edilməsinə cəlb edilmiş xarici menecerlər vəsaitlərin idarə edilməsi sahəsində yüksək təcrübəyə malik və peşəkar şirkətlərdir. Əlavə olaraq qeyd etmək istərdim ki, yeni xarici menecerlərin cəlb edilməsi və ya mövcud menecerlərin idarə etməsinə əlavə vəsaitin ayrılması maliyyə alətlərinin, bazar konyukturasının və gəlirliliyin araşdırılmasından sonra baş verir və nəticə etibarilə Fondun vəsaitlərinin idarə edilməsi ilə bağlı yeni menecerlərin cəlbi bu il ərzində də mümkündür.
Səhm bazarlarındakı mövcud gərginlik, BVF tərəfindən dünyanın əsas iqtisadiyyatlarında artımın azalması ilə bağlı verilən proqnozlar, “Brexit” ətrafında yaranmış vəziyyət ARDNF-nin investisiya planlarına necə təsir göstərmişdir? Neft Fondunun vəsaitləri hansı maliyyə alətlərinə investisiya edilib?
ARDNF-nin illik əsasda təsdiqlənən İnvestisiya siyasəti hazırlanarkən qlobal iqtisadi trendlərin potensial təsirlərini özündə əks etdirən araşdırmalar ciddi şəkildə nəzərə alınır.
İnvestisiya siyasətinə əsasən uzunmüddətli dövr üzrə investisiya portfelinin məcmu dəyərinin 55%-i borc öhdəlikləri və pul bazarları alətlərinə, 25%-i səhm, 10%-i qızıl və 10%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.
ARDNF uzunmüddətli investor kimi öz investisiya portfelinə yüksək gəlirliliyə malik aktivlər daxil etməklə bərabər, daim qlobal bazarlarda baş verən prosesləri izləyir və eyni zamanda investisiya portfelinin şaxələndirilməsi və qiymət dəyişkənliyi riskinin azaldılması prinsiplərini öz fəaliyyətində rəhbər tutur. Qlobal proseslərin investisiya portfelinə edə biləcəyi bütün mümkün təsirlər ARDNF tərəfindən atılan müvafiq taktiki addımlarda xüsusi olaraq nəzərə alınır.
Bildiyiniz kimi “Brexit” ilə əlaqədar danışıqlar 2016-cı ilin ortalarından davam edir, səsvermənin gözlənilməz nəticələrinin elan edilməsindən sonra bazarda baş verən volatillik fonunda müşahidə olunan dalğalanmalar kifayət qədər aşağıdır və ARDNF-nin investisiya portfelinə əhəmiyyətli təsiri müşahidə olunmur. Bununla yanaşı qeyd etmək istərdim ki, ARDNF-nin investisiya siyasətinə əsasən Fondun ingilis funt sterlinqindəki aktivləri ümumi portfelin maksimum 5%-ni təşkil edə bilər.
ARDNF-nin bu il daşınmaz əmlaka investisiya ilə bağlı planları nədən ibarətdir? Yeni coğrafi regionlarda daşınmaz əmlaka investisiyaların edilməsi planlaşdırılırmı və daşınmaz əmlak əldə edilərkən hansı tip investisiya növünə (birbaşa, müştərək və ya daşınmaz əmlak fondu) daha çox üstünlük verilir?
İlk öncə, qeyd etmək istərdim ki, 2012-ci ildən etibarən qüvvəyə minmiş yeni investisiya siyasətinə əsasən ARDNF-nin investisiya portfelinə daşınmaz əmlak və digər yeni investisiya alətləri daxil edilib. Sözügedən strategiyanın həyata keçirilməsində əsas hədəf ARDNF-nin investisiya portfelinin müxtəlif maliyyə alətləri üzrə diversifikasiyası və gəlirliliyinin artırılması olub.
Fondun 2019-cu il üzrə planlarına gəldikdə isə, qeyd edilməlidir ki, daşınmaz əmlak bazarının ümumi vəziyyətinin, eyni zamanda bu sahədə son trend və yeniliklərin araşdırılmasından sonra ARDNF-nin daşınmaz əmlak üzrə investisiya strategiyası illik əsasda yenilənir. 2019-cu il üzrə daşınmaz əmlak strategiyasına əsasən Fond Şimali Amerika, Avropa, Asiya və Sakit Okean hövzəsi regionlarında yerləşən bir sıra inkişaf etmiş ölkələrin müxtəlif tipli daşınmaz əmlak obyektlərinə birbaşa, müştərək və yaxud daşınmaz əmlak fondları vasitəsilə investisiyaları nəzərdə tutur.
ARDNF daşınmaz əmlaklar üzrə gəlirliliyi (hər biri üzrə ayrılıqda) nə qədər olub? Bu göstərici, xüsusən “Brexit” ətrafındakı məlum hadisələrlə bağlı Londondakı daşınmaz əmlakda nə qədər təşkil edib?
2018-ci ilin nəticələrinə əsasən ARDNF-nin investisiya portfelinin gəlirliliyinə ən çox müsbət töhfə vermiş investisiyalar daşınmaz əmlak investisiyaları olub. 2018-ci ilin sonuna bu istiqamət üzrə müvafiq gəlirlilik 9,9% təşkil edib ki, bu da 2017-ci ilin müvafiq göstəricisi (4,7%) ilə müqayisədə daha çoxdur. Fondun daşınmaz əmlak strategiyasının reallaşdırılması nəticəsində 2017-ci illə müqayisədə daşınmaz əmlak portfelində fond və müştərək investisiyaların payının artması nəticəsində portfel daha da diversifikasiya olub və bu da öz növbəsində ötən ilin gəlirliliyinə mühüm təsir göstərib. 2018-ci ilin sonuna Fondun daşınmaz əmlak portfelinin 47%-ni birbaşa (2017-ci ilin sonuna 70%), 15%-ni müştərək (2017-ci ilin sonuna 5%) və 38% hissəsini isə daşınmaz əmlak fondlarına ( 2017-ci ilin sonuna 25%) investisiyalar təşkil edir.
Fondun Londondakı investisiyasına gəldikdə isə, məlum olduğu kimi, ARDNF 2012-ci ildə Londonun Seynt-Ceyms 78 ünvanında yerləşən daşınmaz əmlak obyektini satın alıb və onun gəlirliliyi investisiya ediləndən indiki dövrədək 4,4% təşkil edib.
5 il ərzində ARDNF-nin Cənub Qaz Dəhlizi ASC-yə təqribən 2,5 milyard ABŞ dolları sərmayə yatırımı gözlənilir. Bu layihənin kommersiya effektivliyi nədən ibarətdir?
Cənub Qaz Dəhlizi - Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisi və onun Avropada TAP qaz kəmərinədək uzadılması üzrə layihədir. Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin artırılmasıdır.
Cənub Qaz Dəhlizi Avropa İttifaqının qaz bazarları ilə dünyanın ən böyük qaz yataqlarından biri arasında birbaşa əlaqə qurulmasına xidmət edəcəkdir. Əsas qaz ixracatçılarının Azərbaycan, Türkmənistan və İraq olması gözlənilir. Gələcəkdə İran və Misir də bu kəmərə qoşula bilər.
Əsas tranzit ölkəsi kimi Türkiyə nəzərdə tutulur, digər tranzit xətləri isə Qara dəniz və Aralıq dənizi sahili ərazilərindən keçəcəkdir. Cənub Qaz Dəhlizi ilə bağlı mühüm faktor ondan ibarətdir ki, bu layihə sürətlə reallaşır və şübhəsiz ki, 2020-ci ildən etibarən layihə Cənub və Cənub-Şərqi Avropa və daha geniş ərazinin enerji xəritəsini dəyişəcəkdir. Bütün bu amillər göstərir ki, Azərbaycan təkcə neft deyil, həm də qazın əsas ixracatçısına və bununla da regionda enerji təhlükəsizliyinin təminatçısına çevriləcək. Layihə Azərbaycan üçün əlavə iqtisadi və maliyyə imkanları yaradacaq və onilliklər ərzində ölkəmizi iqtisadi mənfəət və əlavə valyuta daxilolmaları ilə təmin edəcək.
Hazırki tarixə ARDNF tərəfindən “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının maliyyələşdirilməsinə 1,2 milyard ABŞ dolları, korporativ qiymətli kağızlarının əldə edilməsinə isə 2,5 milyard ABŞ dolları həcmində vəsait yönəldilib. Layihənin maliyyələşdirilməsi hazırda beynəlxalq maliyyə institutları və ixrac kredit agentliklərinin sindikatlaşdırılmış kreditləri, habelə Səhmdar Cəmiyyəti tərəfindən qiymətli kağızların emissiyası yolu ilə həyata keçirilir.
İlkin hesablamalara əsasən, neftin bir barelinin qiyməti 60 ABŞ dolları təşkil edərsə və Cənub Qaz Dəhlizinin bütün tərkib layihələri maksimum potensialını nümayiş etdirib tam həcmdə çalışarsa, 2021-2045-ci illər ərzində layihənin gəlirlərinin təxminən 40 milyard ABŞ dolları təşkil etməsi proqnozlaşdırılır.
Məlum olduğu kimi, 2010-cu ildən etibarən ARDNF Beynəlxalq Maliyyə Korporasiyasınin investisiya fondları vasitəsilə özəl investisiyalara başlayıb. Siz bu cür investisiyaları nə dərəcədə səmərəli hesab edirsiniz? Azərbaycanın layihələrinin də bənzər fondlar vasitəsilə dəstəklənməsi ehtimalı nə qədərdir? Pay fondlarına bu il nə qədər vəsait yerləşdirilib?
Fondun 2019-cu il üzrə İnvestisiya siyasətinə əsasən investisiya portfelində səhmlərə investisiya qoyan pay fondlarının maksimal həcmi 5% təşkil edə bilər (25%-lik səhm portfelinin 20%-i bazarda alqı-satqısı həyata keçirilən səhmlərə və 5%-i səhmlərə investisiya qoyan pay fondlarına bölünüb).
2010-cu ildən etibarən Fond ilk dəfə Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) səhmlərə investisiya qoyan pay fondlarına investisiyalar həyata keçirməyə başlayıb. İnvestisiyaların uzun müddətli dövr üçün olmasını və ARDNF-nin portfelinə daxil olan 3 fonddan ikisinin investisiyalarının yatırımının 2013 və 2014-cü illərdən etibarən başladığını nəzərə alsaq, BMK-nin səhmlərə investisiya qoyan pay fondlarına olan investisiyaların effektivliyindən danışmaq hələ bir qədər tez olardı. Bildirmək istərdim ki, bu fondlar əsasən Latın Amerikası, Afrika, Yaxın Şərq və Cənub-Şərqi Asiya regionları üzrə investisiyaları həyata keçirir.
2018-ci il ərzində ARDNF “Carlyle Europe V”, “Vista Equity Partners VII”, “Thoma Bravo Fund XIII”, “Warburgh Pincus”, “PAG Asia III” və “Baring Private Equity Asia VII” kimi səhmlərə investisiya qoyan pay fondlarına 256 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu qərarı verib.
ARDNF dünya fond bazarlarında yüksək gəlirli qiymətli kağızlara sərmayə yatırımını artırmağı planlaşdırırmı? Səhmlərə nə qədər vəsait yerləşdirilib, onların gəlirliliyi necədir və bu investisiyalar gözləntiləri doğruldurmu? 2019-cu ildə səhmlərdən hansı gəlirlilik gözlənilir və ARDNF-nin ötən il səhmlərə investisiyalarından itkilərini nəzərə alaraq bu tip investisiyalar ilə bağlı gələcək planları nədən ibarətdir?
2019-cu ilin birinci rübünün sonuna olan göstəricilərə əsasən ARDNF-nin investisiya portfelinin 13%-i səhmlərə investisiya edilib, ümumi investisiya portfelində səhmlərə investisiyaların məcmu həcmi isə 25% nəzərdə tutulub. İnvestisiya portfelində səhmlərin payının artırılmasında əsas məqsəd uzunmüddətli dövrü əhatə edən portfelin qurulmasıdır. Bir qayda olaraq səhmlər qısamüddətli dövr üçün riskli maliyyə aləti hesab edilir, lakin uzunmüddətli dövrdə yüksək gəlirlilik vəd edir. Bundan əlavə, hər bir yeni investisiya onun bütün investisiya portfelinə nisbətdə korrelyasiyası və payı nəzərə alınmaqla hesablanaraq həyata keçirilir ki, bu da portfeldə hər hansı bir maliyyə alətinin və ya iqtisadi sektorun daha üstün olmasının qarşısını alır.
Qeyd edilməlidir ki, səhm investisiyaları qısamüddətli dövr ərzində yüksək qiymət dəyişkənliyi ilə xarakterizə olunur ki, bu səbəbdən bu tip investisiyaların effektivliyi uzun müddətli dövr üzrə nəzərdən keçirilir. Məsələn, aşağıda qeyd edilən qrafikdə Norveç Pensiya Fondu (NPF) və ARDNF-nin portfellərinin illik gəlirlilikləri əks olunub:
Qrafikdən aydın olur ki, Norveç Pensiya Fondunun investisiya portfeli qısamüddətli dövr üçün səhm payının çox olması səbəbindən daha yüksək volatillik göstərir, lakin hər iki portfeli uzunmüddətli dövr üçün müqayisə etsək, 2001-2018-ci illərdə ARDNF-nin portfelindəki orta illik gəlirliliyin 2,5% təşkil etdiyi halda, Norveç Pensiya Fondunda analoji göstərici 5,2% olub. Əlavə olaraq qeyd etmək istərdim ki, ARDNF-nin səhm portfeli üzrə gəlirliliyi səhm investisiyalarına başlanılandan 2019-cu ilin birinci rübünün sonuna olan tarixə təxminən 10% təşkil edib.
Qısa və ortamüddətli dövr üçün səhm yatırımlarının yüksək volatilliyinə baxmayaraq ARDNF uzunmüddətli dövr üçün vəsaitlərinin real dəyərinin qorunmasında, o cümlədən onların alıcılıq qabiliyyətinin saxlanılmasında səhmlərin əhəmiyyətini yüksək qiymətləndirir.
Bildiyiniz kimi Norveç Fondu inkişaf etməkdə olan ölkələrin və orada qeydiyyatdan keçmiş şirkətlərin istiqrazlarını portfeldən çıxarmaq və həmçinin istiqraz portfelini 5 faizədək məhdudlaşdırmaq barədə qərar qəbul edib. ARDNF bu tip investisiyaları nə dərəcədə effektli hesab edir və ARDNF-nin istiqrazlar və pul bazarı alətlərində portfeli neçə faiz təşkil edir?
Məlum olduğu kimi ARDNF qlobal investordur və Fondun investisiya portfeli həm valyuta, həm də aktiv növləri, sektor və ölkələr üzrə diversifikasiya olunub. Qeyd etmək lazımdır ki, hər bir investisiya gəlirlilik və risklər, bazarın həcmi və dərinliyi, investisiya ediləcək ölkənin iqtisadiyyatı ilə bağlı proqnozlar, həmçinin ARDNF-nin "İnvestisiya Siyasəti"nə uyğunluğu nəzərə alınmaqla reallaşdırılır.
ARDNF-nin 2019-cu il üzrə investisiya portfelinin valyuta tərkibinin 50%-ni ABŞ dolları, 35%-ni avro, 5%-ni ingilis funt sterlinqi və 10%-ə qədər hissəsini digər valyutalarda ifadə edilən aktivlər təşkil edir ki, bu da ARDNF-nin portfelinin mühüm hissəsinin beynəlxalq rezerv valyutalarda ifadə olunması deməkdir.
Eyni zamanda, ARDNF-nin İnvestisiya Siyasətinə əsasən vəsaitlərin hədəf bölgüsü nəzərə alınmaqla, 31 mart 2019-cu il tarixinə investisiya portfelinin təxminən 74%-ni sabit gəlirli qiymətli kağızlar və pul bazarı alətləri təşkil edir. ARDNF-nin istiqraz portfelinə qısamüddətli və orta müddətli maliyyə alətləri daxildir və onlar sektorlar, valyuta növü və regionlar üzrə diversifikasiya olunub. Bu investisiyalar müxtəlif iqtisadi inkişaf səviyyəsində olan 50 ölkənin dövlət və korporativ istiqrazlarına yerləşdirilib. 2019-cu ilin 1-ci rübünün nəticələrinə əsasən, ARDNF-nin istiqraz portfelinin 92%-ni inkişaf etmiş iqtisadiyyata malik ölkələr, (hesablamalar zamanı Azərbaycan emitentlərinin istiqrazları nəzərə alınmayıb), 6%-ni dünyanın ən böyük iqtisadiyyatlarından olan Çinin dövlət və korporativ istiqrazları təşkil edir, qalan 2% isə 23 inkişaf etməkdə olan ölkələrin istiqrazlarına və pul bazarı alətlərinə yerləşdirilib. Eyni zamanda istiqraz portfeli bütün on sənaye sektoru üzrə (enerji, materiallar, sənaye, istehlak malları, gündəlik tələbat malları, səhiyyə, maliyyə, informasiya texnologiyaları, rabitə xidmətləri, kommunal xidmətlər) yerləşdirilib və ABŞ dolları, avro, ingilis funt sterlinqi, Avstraliya dolları, Çin yuanı və türk lirəsində ifadə olunub.
Neft Fondunun qızıl ehtiyatlarının artırılması planı qüvvədə saxlanılırmı? Qızıldan əldə edilmiş gəlirlilik necədir?
Qızılın investisiya portfelinə daxil edilməsi portfelin diversifikasiyası və inflyasiyaya qarşı hedcinq siyasəti ilə bağlı olmaqla, ilk növbədə strateji xarakter daşıyır. Son zamanlarda qlobal və regional miqyasda geosiyasi gərginliyin, eləcə də maliyyə bazarlarında qeyri-müəyyənliyin artması fonunda, bu tipli strateji investisiyaların əhəmiyyəti artmaqdadır.
2019-cu il 1 aprel tarixinə qızılın ARDNF-nin investisiya portfelində ümumi həcmi 7% təşkil edib. Həmçinin qeyd etmək istərdim ki, cari ilin qalan dövrü ərzində qızılın Fondun investisiya portfelində nəzərdə tutulan hədəf payına müvafiq olaraq investisiya portfelinin həcmi və qiymət amilləri əsasında alınması planlaşdırılır.
2016-cı ildə ARDNF Azərbaycan Beynəlxalq Bankına depozit yerləşdirdi. Bu təcrübənin yenidən təkrarlanması gözlənilirmi və bu məqsədlə yerli banklar ARDNF-yə müraciət ediblərmi?
İnvestisiya Qaydalarına əsasən Fondun investisiya portfelinin 5%-ə qədər hissəsi yerli banklarda yerləşdirilə bilər. 2017-ci ilin sentyabr ayına olan restruktrizasiya planına uyğun olaraq ARDNF-nin Azərbaycan Beynəlxalq Bankındakı 2 depoziti Azərbaycan Beynəlxalq Bankının və Azərbaycan dövlətinin istiqrazları ilə əvəz edilib. 31 mart 2019-cu il tarixinə qeyd edilən istiqrazların həcmi investisiya portfelinin ümumi həcminin 2%-ni təşkil edir.
Ölkə rəhbərliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının dəfələrlə qeyd etdiyi kimi bank sektorunun sağlamlaşdırılması dəqiq və aydın prudensial qaydalar, effektiv korporativ idarəetmə və zərurət olduqda bankların konsolidasiyası yolu ilə həyata keçirilməlidir. Hal-hazırda, Neft Fondu Azərbaycan banklarında pul yerləşdirməyi planlaşdırmır, lakin zərurət yarandıqda, bu məsələ yuxarıda göstərilən 5%-li qayda üzrə nəzərdən keçirilə bilər.
Bu il Neft Fondu tərəfindən hansı yeni layihələrin maliyyələşdirilməsi planlaşdırılır?
Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlara əsasən Fond Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş büdcəsində qeyd edilən layihələri maliyyələşdirir. Fondun 2019-cu il büdcəsində yalnız məcburi köçkünlərin sosial və məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlərin maliyyələşdirilməsi ilə bağlı layihəyə vəsait ayrılması nəzərdə tutulub və hazırda Fond tərəfindən əlavə layihələrin maliyyələşdirilməsi həyata keçirilmir.