Azərbaycanda işçilərin çalışdıqları şirkətlərdə pay və ya səhmdar kimi iştirakına hüquqi zəmin yaradılıb.
FED.az xəbər verir ki, bir qədər əvvəl prezident İlham Əliyevin təsdiqlədiyi Əmək, Mülki və Vergi məcəllələrinə dəyişikliklərlə işəgötürənlərə işçiləri şirkətin payları (səhmləri) ilə həvəsləndirmək imkanı verilir.
Yeni mexanizmə əsasən, işçilər müəyyən şərtlər daxilində müəssisənin paylarını (səhmlərini) güzəştli şərtlərlə və ya ödənişsiz əldə edə, həmçinin gələcəkdə onları almaq hüququ qazana biləcəklər. Eyni zamanda, bu münasibətlərin hüquqi çərçivəsi, vergitutma qaydaları və tərəflərin hüquq və öhdəlikləri də qanunvericilikdə ətraflı tənzimlənib.
Bəs sözügedən dəyişikliyin tətbiqi praktik cəhətdən nə dərəcədə mümkün olacaq?
FED.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki, bu dəyişiklik mahiyyət etibarilə işçinin müəssisə ilə münasibətlərini yalnız əmək müqaviləsi və əməkhaqqı çərçivəsində saxlamayaraq, onun şirkətin gələcək iqtisadi nəticələrində iştirakına hüquqi zəmin yaradır:
"Beləliklə, insan kapitalı ilə maliyyə kapitalı arasında daha sıx iqtisadi bağlılıq formalaşır və əmək məhsuldarlığının müəssisənin uzunmüddətli dəyər artımı ilə əlaqələndirilməsi üçün yeni imkan meydana çıxır. Bu mexanizmin mahiyyətini düzgün qiymətləndirmək üçün onun tətbiq qaydasına diqqət yetirmək vacibdir".
Qeyd edək ki, yeni qanun hər işçiyə çalışdığı müəssisənin kapitalından avtomatik pay tələb etmək səlahiyyəti vermir: "Payçılıq mexanizmi şirkətin təşəbbüsü əsasında, işçi ilə xüsusi pay və ya səhm iştirakı planı haqqında müqavilə bağlanması yolu ilə reallaşdırılır. Başqa sözlə, burada dövlət tərəfindən müəssisələrin mülkiyyət strukturunun məcburi şəkildə dəyişdirilməsi mexanizmi formalaşdırılmır. Sahibkarlara işçilərin uzunmüddətli iqtisadi maraqlarını şirkətin inkişaf perspektivi ilə uzlaşdırmaq üçün hüquqi və korporativ alət təqdim edilir".
Deputat vurğulayıb ki, startapların ilkin inkişaf mərhələsində maliyyə resurslarının məhdudluğu yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsini çətinləşdirə bilər:
"Belə şəraitdə əməkhaqqı ilə yanaşı, gələcək kapital iştirakının təklif olunması işçinin cari gəlir gözləntisini müəssisənin perspektiv dəyəri ilə əlaqələndirən daha çevik kompensasiya modeli yaradır. İşçi şirkətin böyüməsini yalnız işəgötürənin kommersiya uğuru kimi qəbul etmir, həmin artımın müəyyən hissəsində özünün də iqtisadi marağını görür. Məhz bu xüsusiyyət işçi payçılığını yüksək ixtisaslı insan kapitalının cəlb edilməsi və saxlanılması baxımından əhəmiyyətli vasitəyə çevirə bilər. Belə mexanizm işçi dövriyyəsinin azalmasına, institusional loyallığın güclənməsinə və şirkətin strateji məqsədlərinin əməkdaşların şəxsi iqtisadi maraqları ilə daha sıx uzlaşdırılmasına şərait yaradır. Eyni zamanda, pay və ya səhm iştirakının əməkhaqqını əvəz edən vasitəyə çevrilməməsi mühüm hüquqi təminatdır. Əməkhaqqı işçinin əməyinə görə əsas təminat olaraq qalır, kapital iştirakçılığı isə onun üzərinə qurulan uzunmüddətli iqtisadi motivasiya komponenti funksiyasını daşıyır. Bununla yanaşı, işçi payçılığının real iqtisadi səmərəsi onun yaratdığı risklərin düzgün idarə edilməsindən asılıdır. İşçi üçün əsas risk əldə etdiyi payın nominal həcmi ilə real iqtisadi dəyəri arasındakı fərqlə bağlıdır".
Bununla yanaçı deputat deyir ki, işçinin özəl şirkətin müəyyən faizinə sahib olması, o demək deyil ki, o həmin payı istənilən vaxt pula çevirə bilər:
"Müəssisənin maliyyə nəticələrinin zəifləməsi, investor marağının azalması, bazar dəyərinin dəyişməsi və payın realizasiyası üçün məhdud imkanların mövcudluğu işçinin gözlədiyi gəlirin faktiki nəticəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Buna görə işçi üçün əsas məsələ yalnız əldə etdiyi payın faiz göstəricisi yox, həmin payın hansı mülkiyyət, gəlir, səsvermə, satış və digər korporativ hüquqlar yaratmasıdır".
İşçi işini tərk etdikdə payın taleyinini nece olmasi da maraqlıdır: İşçinin artıq əldə etdiyi və gələcəkdə əldə etməsi nəzərdə tutulan payların statusu, geri satış imkanları, digər iştirakçıların üstünlük hüquqları və şirkətin strukturunda dəyişiklik baş verdikdə həmin payların hüquqi taleyi müqavilədə maksimum aydınlıqla müəyyənləşdirilməlidir. İşçilərin payçı statusu qazanması təsisçilərin iştirak paylarına, qərar qəbuletmə mexanizmlərinə, dividend siyasətinə və gələcək investorlarla münasibətlərə təsir göstərə bilər. Buna görə belə planların hazırlanması insan resurslarının idarə edilməsinin texniki elementi kimi deyil, şirkətin uzunmüddətli korporativ strategiyasının tərkib hissəsi kimi həyata keçirilməlidir. Mexanizmin praktik uğuru həmçinin payların qiymətləndirilməsi, vergi nəticələrinin aydınlığı, müqavilə standartlarının keyfiyyəti, kiçik pay sahiblərinin hüquqlarının müdafiəsi və şirkətlərin korporativ idarəetmə mədəniyyətinin səviyyəsi ilə birbaşa bağlı olacaq".
Onun sözlərinə görə, hüquqi mexanizm mövcud olsa da, onun geniş iqtisadi praktikaya çevrilməsi üçün biznes subyektlərinin bu alətə strateji resurs kimi yanaşması əsas şərtdir:
"Nəticə etibarilə, işçi payçılığı mexanizminin mahiyyəti əməkdaşa şirkətdən müəyyən faiz verilməsi ilə məhdudlaşmır. Burada əmək münasibətləri ilə mülkiyyət münasibətləri arasında yeni institusional əlaqə qurulur və insan kapitalının yaratdığı dəyərin gələcək artımında həmin kapitalın da iştirakına imkan yaranır". (Oxu.az)












