Hazırda Naxçıvan dəmir yolu xəttinin Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissəsi üzrə layihələndirmə işləri tamamlanıb və tikinti işlərinə başlanılıb. Ərazidə mühəndislik və infrastrukturun yaradılması işlərinin bir qismi yekunlaşıb, digər hissəsi isə davam edir.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevə Naxçıvan Muxtar Respublikasında səfərdə olarkən dəmiryolunda görülən işlər çərçivəsində məlumat verilib.
Bildirilib ki, Naxçıvan dəmir yolu xəttinin Salamməlik stansiyasından Ermənistanla sərhədə qədər 7 kilometr yolun tikintisi üçün əraziyə 7 kilometrlik rels və 7 min ədəd şpal daşınıb.
Sentyabrın sonunadək burada yolun üst quruluşunun 6,3 kilometrlik hissəsi quraşdırılacaq. 6,3 kilometrdən sonra qalan, yəni sərhəddən 700 metr məsafədə yerləşən hissədə isə hələ minatəmizləmə işləri aparılır, bu işlər işlər başa çatandan və layihələrin uzlaşdırılması məqsədilə TRIPP marşrutu üzrə layihə hazır olduqdan sonra tikinti-quraşdırma işlərinə başlanacaq.
Eyni zamanda, Sədərək stansiyasından Türkiyə ilə dövlət sərhədinədək olan hissənin gələcəkdə Türkiyə tərəfindən icra edilən Qars-İğdır-Dilucu dəmir yolu ilə texniki və layihə baxımından uyğunlaşdırılması planlaşdırılır. Hazırda həmin dəmir yolu xətti üzrə Türkiyə tərəfindən layihələndirmə işləri aparılır.












