Sonuncu gün “Green Card”a müraciət edir və qalib gəlir. Amerikaya köçmək niyyəti olmasa da, bu ölkəyə bir aylıq məcburi səfərdən sonra fikrini dəyişir. Üç həftə ərzində altı rəsmi iş təklifi alır, amma «Apple»ın təklifindən imtina edərək kiçik bir startapa qoşulur.
FED.az biznes və maliyyə xəğbərləri portalı xəbər verir ki, söhbət hazırda Silikon Vadisində Navan şirkətində Senior Staff Software Engineer və AI komandasının texniki rəhbəri kimi çalışan Məhəmmədiyə Abdurahimovdan gedir.
Qeyd edək ki, «Navan» şirkət – 4500-dən çox əməkdaşı olan və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən qlobal texnologiya şirkətidir. Senior Staff Software Engineer və Sİ komandasının texniki rəhbər şirkətin süni intellekt strategiyasını quran, ən mürəkkəb kod arxitekturasını dizayn edən və Sİ mühəndislər komandasına texniki rəhbərlik edən yüksək səviyyəli mütəxəssisdir.
Məhəmmədiyə Abdurahimov FED.az biznes və maliyyə xəbərləri portalına geniş müsahibə verib. O, müsahibədə xaricdə iş, süni intellekt, startaplar və digər mövzular haqqında danışıb.
- Məhəmmədiyə bəy, son dövrlər süni intellektdən istifadə sürətlə genişlənir, , bəs şirkətlər, xüsusilə kiçik şirkətlər süni intellektdən necə istifadə edə bilərlər?
- Kiçik şirkət süni intellekt tətbiq etməyə başlayanda, əvvəlcə “hansı botu alaq?” yox, “əməkdaşlarımızın vaxtı ən çox hara gedir?” sualını verməlidir. Süni intellekti haradan tətbiq etmək üçün sahə seçəndə mütəmadi təkrarlanan, çox vaxt aparan və nəticəsi ölçülə bilən bir işdən başlamaq lazımdır.
Məsələn, müştəri müraciətlərinə ilkin cavab vermək, sənədlərin və müqavilələrin xülasəsini hazırlamaq, görüş qeydlərini toplamaq, daxili məlumat bazasında axtarış aparmaq və hesabatları təhlil etmək işi süni intellektə həvalə edilsə, bu xeyli sürətlənə bilər.
Amma mən, mərhələli yanaşmanın tərəfdarıyam. Əvvəl sistem bir nəticə təklif edir, insan da onu yoxlayıb təsdiqləyir. Sistem özünü doğrultduqca ona daha çox iş tapşırmaq olar. İlk gündən bütün prosesi nəzarətsiz şəkildə süni intellektə vermək düzgün deyil.
Kiçik şirkətin üstünlüyü böyük büdcəsinin olması deyil. Onun üstünlüyü böyük şirkətdən daha sürətli qərar verib, sınaq keçirə bilməsidir.
- Süni intellektdən istifadə şirkətlərə hansı üstünlüyü qazandırır, bundan necə fayda götürmək olur?
- Məncə, ən böyük qazanc vaxtdır. Saatlarla davam edən iş dəqiqələrə enə bilər. Komanda daha çox müştəriyə xidmət göstərər, əməkdaşlar isə təkrarlanan işlərə yox, düşünməyə, qərar verməyə və müştəri ilə münasibət qurmağa vaxt ayırırlar.
Süni intellektin faydası yalnız xərcləri azaltmaqla bitmir. Düzgün tətbiq ediləndə eyni komanda əvvəllər gücü çatmayan məhsul və xidmətləri də yarada bilir. Məqsəd insanı sistemdən çıxarmaq yox, onun imkanlarını genişləndirməkdir.
Amma dəyər təkcə modelin özündə deyil. Əsas məsələ onu şirkətin məlumatlarına və gündəlik iş proseslərinə təhlükəsiz şəkildə bağlamaqdır. Eyni model bir şirkətdə böyük nəticə yaradır, digərində isə heç nəyi dəyişmir. Fərqi modelin adı yox, onun necə tətbiq olunması yaradır.
- Süni intellektdən istifadə məlumatların qorunması sahəsində risk yaradırmı?
- Bəli, bu risk realdır. İşçilər bəzən müştəri məlumatlarını, müqavilələri, maliyyə sənədlərini və ya mənbə kodunu şəxsi və pulsuz Süni intellekt xidmətlərinə daxil edirlər. Belə olduqda şirkət həmin məlumatın harada saxlanıldığına və hansı məqsədlə istifadə edildiyinə nəzarəti itirə bilər.
Şirkətlər korporativ və müqaviləli Sİ xidmətlərindən istifadə etməlidirlər. İşçilər əvvəlcədən və aydın bilməlidirlər ki, sistemə hansı məlumatları daxil edə bilərlər. Sistemin məlumatlara çıxışı da məhdud olmalıdır. O, yalnız həmin işi görmək üçün lazım olan məlumatı görə bilməlidir.
Mən pul əməliyyatları həyata keçirən sistemlərlə işlədiyim üçün buna xüsusi həssas yanaşıram. Model tövsiyə verə bilər, amma real əməliyyatı icra etmək səlahiyyəti ayrıca təhlükəsizlik qatında qalmalıdır. Kritik proseslərdə son nəzarət modelə yox, qurduğumuz qoruyucu mexanizmlərə aid olmalıdır.
Süni intellektin ən böyük təhlükəsi ağıllı olması deyil. Əsl təhlükə ona düşünmədən həddindən artıq səlahiyyət verməkdir.
- Süni intellekti tətbiq etmək üçün onu hansı səviyyədə bilmək lazımdır?
- Hazır AI alətlərindən istifadə etmək üçün tədqiqatçı və ya proqramçı olmaq lazım deyil. İstifadəçi düzgün sual verməyi, lazım olan məlumatı aydın şəkildə təqdim etməyi, cavabı yoxlamağı və məxfi məlumat paylaşmamağı öyrənməlidir.
Amma süni intellekti maliyyə əməliyyatları, müştəri məlumatları və mühüm qərarlarla bağlı sistemlərə qoşmaq tamam başqa səviyyədir. Burada mühəndislik, təhlükəsizlik, monitorinq və ciddi sınaq tələb olunur. Modelin nə vaxt və necə səhv etdiyini də ölçmək lazımdır.
AI alətlərindən istifadə etmək nisbətən asandır. Təhlükəsiz və etibarlı AI sistemi qurmaq isə peşəkarlıq tələb edir. Sadə desək, avtomobili idarə etmək üçün mühərriki yığmağı bilmək lazım deyil. Amma avtomobil istehsal edirsinizsə, hər detalına cavabdehsiniz.
- Süni intellekt insanların işsiz qalmasına gətirib çıxarır, yoxsa onların işini asanlaşdırır?
- Dürüst cavab budur ki, bunlardan hər iki təsir baş verəcək. Təkrarlanan mətnlərin hazırlanması, ilkin müştəri cavabları, standart hesabatlar və sadə kod tapşırıqları kimi işlər avtomatlaşdırılır. Əsas işi bu tapşırıqlardan ibarət olan bəzi vəzifələr azalacaq və ya dəyişəcək. Bunu inkar etmək düzgün olmaz.
Bununla yanaşı, peşələrin böyük hissəsi tam yox olmaqdan çox dəyişəcək. Beynəlxalq Əmək Təşkilatının araşdırmasına görə, dünyada hər dörd işçidən birinin peşəsi generativ süni intellektin təsirinə açıqdır. Amma ən real ssenari insanların tam əvəzlənməsi yox, gördükləri işin dəyişməsidir.
Məncə, əsas risk süni intellektin gəlməsi deyil. Risk odur ki, siz köhnə üsulla işləyirsiniz, qarşınızdakı isə eyni işi yeni alətlərlə daha tez görür. Bir az sərt desək, sizi süni intellekt yox, ondan sizdən daha yaxşı istifadə edən biri işsiz qoya bilər.
Ona görə qorxmaq əvəzinə, hər kəs öz sahəsində süni intellektdən düzgün istifadə etməyi öyrənməlidir.
- Süni intellektin geniş yayılması startap bazarına necə təsir edib?
- Süni intellekt startap yaratmağın ilkin xərcini və vaxtını kəskin azaldıb. Əvvəllər on nəfərlik komandanın aylarla hazırladığı ilkin məhsulu indi iki və ya üç nəfər bir neçə həftəyə qura bilir. Bu gün startap yaratmaq əvvəlki dövrlərlə müqayisədə xeyli ucuz və sürətlidir.
Amma bazarda qalmaq və fərqlənmək də çox çətinləşib. Məhsul hazırlamaq hamı üçün asanlaşdığına görə rəqabət güclənib. Sizin bir ayda qurduğunuz ideyanı başqa komanda bəzən bir həftədə təkrarlaya bilər.
Texnologiya artıq təkbaşına uzunmüddətli üstünlük yaratmır. Startapı fərqləndirən amillər müştərini dərindən tanımaq, düzgün satış kanalı qurmaq, etibar qazanmaq və məhsulu real iş prosesinə bağlamaqdır.
2025-ci ildə dünyada özəl Sİ investisiyası təxminən 344,7 milyard dollara, generativ Sİ investisiyası isə 170,9 milyard dollara çatıb. Bu rəqəmlər böyük fürsətin olduğunu göstərir. Amma bazarda köpük riski də var. Adında “Sİ” olan hər məhsul uğur qazanmayacaq.
Məhsul yaratmaq ucuzlaşıb. Müştərinin etibarını qazanmaq isə hələ də çətindir.
- Startapın yaradılmasını süni intellektə həvalə etmək olarmı?
- Süni intellekt bazarı araşdıra, proqram kodu yaza, dizayn və marketinq materialları hazırlaya, hətta bəzi gündəlik əməliyyatları idarə edə bilər. Kiçik bir komandanın işini xeyli sürətləndirə bilər. Amma startap yalnız məhsul hazırlamaqdan ibarət deyil.
Hansı problemi seçmək, müştəriyə nə vaxt qulaq asmaq, hansı riskə getmək, komandanı necə qurmaq və nə zaman istiqaməti dəyişmək məsuliyyət tələb edən qərarlardır.
Anthropic şirkəti “Project Vend” adlı eksperimentdə “Claude” modelinə kiçik mağazanı idarə etməyi tapşırmışdı. Birinci mərhələdə sistem məhsulları maya dəyərindən aşağı satmaq kimi səhvlər etmiş və biznesi uğurla idarə edə bilməmişdi. Sonrakı mərhələdə daha güclü model və əlavə idarəetmə alətləri veriləndə nəticələr yaxşılaşdı. Bu təcrübə göstərdi ki, təkcə ağıllı model kifayət etmir. Düzgün alətlər, qaydalar və nəzarət də lazımdır.
Süni intellekt startapın çox güclü həmtəsisçisi kimi işləyə bilər, amma məsuliyyət daşıyan təsisçisi ola bilməz. Biznesin sükanı hələ də insanın əlində qalmalıdır.
- Hazırda dünyada hansı startaplar daha uğurlu olur? Uğurlu startap yaratmağın sirri nədir?
- Hazırda süni intellekti konkret sahənin bahalı və ağrılı problemi ilə birləşdirən startapların şansı daha yüksəkdir. Hüquq sahəsində sənəd analizi, səhiyyədə inzibati işlərin avtomatlaşdırılması, maliyyədə risk və fırıldaqçılığın aşkarlanması, kibertəhlükəsizlik, logistika, səyahət, proqramlaşdırma alətləri, robototexnika və enerji buna nümunədir.
Mənim üçün hər şey real problemlə başlayır. İnsanlar həmin problemin həllinə həqiqətən ehtiyac duymalı və bunun üçün pul ödəməyə hazır olmalıdırlar. Sonra məhsulu həmin müştəriyə necə çatdıracağınızı bilmək lazımdır. Bir də rəqiblərin asanlıqla təkrarlaya bilməyəcəyi üstünlük olmalıdır. Bu üstünlük məlumat, təcrübə, etibar, inteqrasiya və ya güclü istifadəçi şəbəkəsi ola bilər.
Mən “uğurun sirri” ifadəsini çox sevmirəm. Çünki ortada sirr yoxdur. Sadə görünən, amma icrası çox çətin olan işlər var. Müştərini dinləmək, sürətlə öyrənmək, səhvi qəbul etmək və lazım gələndə istiqaməti dəyişmək.
Ən yaxşı startaplar müştəriyə “biz AI istifadə edirik” deməklə kifayətlənmirlər. Onlar konkret nəticə satırlar. Yəni probleminizi daha tez, daha ucuz və daha yaxşı həll edirlər. Uğurlu startap texnologiyaya yox, həll etdiyi problemə bağlı qalır.
- Geniş müsahibəyə və ətraflı məlumatlara görə, çox sağ olun, Məhəmmədiyə müəllim, bundan sonrakı fəaliyyətinizdə də sizə uğurlar arzulayırıq.












