Azərbaycan hökuməti Zəngəzur dəhlizi layihəsi çərçivəsində ermənistandan keçməklə Naxçıvana enerji xətlərinin də çəkilməsini planlaşdırır.
FED.az xəbər verir ki, bu gün Naxçıvana səfəri zamanı prezident İlham Əliyev televiziyaya müsahibəsində rəsmi Bakının bu barədə planlarını açıqlayıb. Onun sözlərinə görə, Bakı Zəngəzur dəhlizinə təkcə nəqliyyat layihəsi kimi deyil, daha geniş baxır, bunlardan biri də Naxçıvanla enerji bağlantısının qurulmasıdır.
"Zəngəzur dəhlizini konkret layihələrlə təmin etməyimiz daha geniş məna daşıyır. Təbii ki, Zəngəzur dəhlizini - bu ideyanı və bu təşəbbüsü biz irəli sürəndə, ilk növbədə nəqliyyat seqmenti nəzərdə tutulurdu. Amma biz bu gün buna daha geniş baxırıq. Misal üçün, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır. İşğaldan azad edilmiş Cəbrayıl rayonunda çox böyük yarımstansiya inşa olunmuşdur. O yarımstansiyanın əsas funksiyası ötürücü fəaliyyətdir. Yəni belə yarımstansiyalara çevirici yarımstansiyalar deyirlər. Bu, daxili təminat üçün yox, yəni böyük enerji həcmlərinin ötürülməsi üçün tikilib. O hazırdır. O, məhz Zəngəzur elektrik dəhlizi üçün tikilmişdir».
Dövlət başçısı ilk dəfə olaraq açıqlayıb ki, bu layihə məqsədilə Azərbaycan mütəxəssisləri Ermənistanda olaraq orada araşdırma aparıblar və indi rəsmi Bakı Ermənistan tərəfindən qarşılıqlı addımlar gözləyir:
«Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi - harada elektrik dirəkləri quraşdırılmalıdır. Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər».
İlham Əliyev deyib ki, enerji dəhlizinin yaranması Ermənistan üçün də vacibdir: «Məsələn, bu gün bizim enerji xətlərimiz Rusiya ilə, İranla, Gürcüstanla, Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilib. Ona görə Ermənistan ərazisindən Naxçıvana, ondan sonra Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi, eyni zamanda, Ermənistanın enerjisisteminin ayaqda qalmasına, - əgər böhran yaranarsa, - imkan yaradacaq. Ona görə biz bunu nə qədər tez icra etsək, o qədər yaxşıdır. Təbii ki, indi siz də yaxşı bilirsiniz, biz bu son beş ildə Kəlbəcər dağlarında, 3500 metr yüksəkliklərdə qarın içində dirəklər quraşdırmışıq. Yəni əgər biz bu layihəni icra etməli olsaq, bu, maksimum 6 ay çəkər».
Amma Ermənistan təbii ki, özü bunu etməlidir: «Ona görə hesab edirəm ki, bu məsələyə tezliklə aydınlıq gətirilməlidir. Bu, Zəngəzur dəhlizinin, TRIPP-in ayrılmaz hissəsi olacaq. Çünki bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta buradan fiber-optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa, neft-qaz kəmərləri də keçə bilər.
Çünki nə qədər çox alternativlər olsa, hamı üçün o qədər də yaxşıdır. Ona görə Naxçıvanın enerji təhlükəsizliyi ilə əlaqədar suala cavab verərək, həm də əvvəl dediyim sözlərə qayıtmaq istəyirəm ki, burada tam dayanıqlı və sığortalı enerji sistemi yaradılır, faktiki olaraq yaradılıb, amma biz bunu daha da təkmilləşdiririk. Biz, əlbəttə ki, ixrac imkanlarını, o cümlədən Naxçıvan ərazisindən genişləndirməliyik»-deyə dövlət başçısı bildirib.












