Norveçin neft-qaz gəlirlərindən daxil olan vəsaitlərin idarə edildiyi Suveren Sərvət Fondu son 6 ilin ən yaxşı rüblük göstəricisini açıqlayıb.
FED.az xəbər verir ki, dünyanın ən böyük fondu olan Norveç suveren sərvət fondu, qismən qlobal texnologiya şirkətlərindəki böyük səhmlərindən əldə etdiyi gəlir sayəsində altı ildə ən yaxşı rüblük gəlirini qeydə alıb.
«Norges Bank Investment Management» şirkəti tərəfindən idarə olunan 2,3 trilyon dollarlıq fond ikinci rübdə 11,5% gəlir əldə edib ki, bu da təqriböən 265 milyard dollar olmaqla 2020-ci ilin ikinci rübündən bəri ən yaxşı nəticədir.
Fondun gəlrlərinin əsas hərəkətverici qüvvəsi səhmlərə yatırılan investisiyalar olub – bu yatırımlar 16% gəlir gətirib, sabit gəlirli qiymətli kağızlar (istiqrazlar və buna bənzərlər) isə 1,1% gəlir gətirib. Özəl daşınmaz əmlak və infrastruktur investisiyaları rübdə 1,8% gəlir əldə edib.
Fondun baş direktoru Nikolay Tangen bildirib ki, "Nəticə səhm bazarındakı, xüsusən də Asiya texnologiya səhmlərindən əldə edilən yaxşı gəlirlərdən irəli gəlir".
Qeyd edək ki, Norveç Suveren Sərvət Fondu olduqca böyük aktivlərə malikdir və dünya üzrə bütün açıq səhmlərin təxminən 1,5%-nə sahibdir. Fond, süni intellektlə əlaqəli şirkətlərdə dünyanın ən böyük investorlarından birinə çevrilib. İlin birinci yarısının sonuna qədər fondun portfelində ən böyük aktiv Nvidia, ardınca Microsoft və Apple olub.
Ümumilikdə 2026-cı ilin ilk yarısında fondun ümumi gəlirliyi 9,4%-ə çatıb ki, bu da fondun etalon indeksini 22 bazis bəndi üstələyib.
Telekommunikasiya, texnologiya və enerji sektorlarının təsiri ilə ilk yarıda əldə edilən bu gəlirlilik 2025-ci ildə 15,1% gəlirlilikdən sonra müşahidə olunub. Süni intellekt mərkəzli şirkətlərin liderlik etdiyi texnologiya səhmləri bu artımların əsas səbəbi olub.












