İtaliya Baş nazirinin müavini iri banklar üçün əlavə mənfəətə üç illik vergi tətbiq olunacağını açıqlayıb.
FED.az xəbər verir ki, İtaliya Baş nazirinin müavini Matteo Salvini, Liqa partiyasının ölkənin ən böyük banklarına illik mənfəətin 5%-i qədər üç illik əlavə mənfəət vergisi tətbiq etmək niyyətində olduğunu açıqlayıb.
Salvininin sözlərinə görə, bu qərar ölkədə bu il ümumi mənfəəti təxminən 30 milyard avro olan ilk on banka aid olacaq. Baş nazirin müavini bildirib ki, hakim partiyanın bu qərarıdəstəkləyəcəyinə əmindir.
Üstəlik o bildirib ki, bankların gəlirləri gələn il daha da artacaq: "Ümid edirəm ki, gələn il banklar 40 və ya 50 milyard avro qazanacaqlar", - deyə o əlavə edib.
Salvini əlavə gəlirdən toplanan vəsaitin bölüşdürüləcəyini dəqiq açıqlamasa da, bildirib ki, bu pullar iqtisadi çətinlik dövründə ailələrə və müəssisələrə dəstək üçün istifadə edilə bilər.
Hələlik bankirlər hökumətin bu təşəbbüsünə bir cavab verməyiblər. Bu təklifin təfərrüatlarının parlamentin payız büdcə sessiyasında müzakirə ediləcəyi gözlənilir.













