Azərbaycanın süni intellekt-startapı “InnMedia” Qazaxıstanda biznesini inkişaf etdirir və pilot layihələr hazırlayır.
Startaplar xaricdən cəlb etdikləri valyutanı ölkəyə məhdudiyyətsiz gətirə biləcək
Şirkət süni intellektdən istifadə etməklə kontentin axtarışı, yoxlanılması, hazırlanması, saxlanılması və yayılması üçün vahid texnoloji ekosistem yaradır. “Astana Hub” və “Google for Startups” çərçivəsində “InnMedia” 100 min dollar məbləğində “Google Cloud” kreditləri əldə edib. Bundan əvvəl şirkət “Microsoft”dan 150 min dollar, “Cloudflare”dən isə 25 min dollar alıb.
“InnMedia” şirkətinin təsisçisi və baş icraçı direktoru Teymur Kuseba müsahibəsində Qazaxıstan bazarına çıxışın ilk nəticələri, “Silkway Accelerator” proqramında iştirakdan sonra şirkətin strategiyasında baş vermiş dəyişikliklər və Azərbaycan startapının beynəlxalq inkişaf planlarından danışıb.
FED.az həmin müsahibəni təqdim edir:
– “InnMedia”nın Qazaxıstan ekosisteminə yolu necə başladı?
– Hər şey növbəti süni intellekt startapı yaratmaq istəyindən başlamadı. Biz media və gündəlik böyük həcmdə kontent hazırlayan şirkətlərlə çox işləyirdik və təkrar qarşılaşdığımız bir problem gördük. Bir materialın hazırlanması üçün redaksiya və ya korporativ komanda bir-biri ilə əlaqəsi olmayan onlarla alətdən istifadə edir. Bir servisdə məlumat axtarılır, digərində mətn yazılır, üçüncüdə şəkil hazırlanır, tərcümə ayrıca həyata keçirilir, fayllar saxlanılır, material razılaşdırılır və müxtəlif kanallar vasitəsilə yayılır. Biz bütün bu prosesi vahid sistemdə birləşdirmək qərarına gəldik. “InnMedia” belə yarandı.
Əvvəlcə məhsulu bazarı, dili, media mühitini və müştərilərin xüsusiyyətlərini yaxşı bildiyimiz Azərbaycanda inkişaf etdirirdik. Lakin qısa müddətdə aydın oldu ki, həll etdiyimiz problem yalnız bir ölkə ilə məhdudlaşmır.
“InnMedia” çoxlu sayda və müntəzəm olaraq kontentlə işləyən şirkətlər üçün vahid platformadır. O, informasiya səbəbinin yaranmasından hazır materialın hazırlanmasına qədər bütün prosesi həyata keçirməyə imkan verir.
Sistem məlumatı tapır və təhlil edir, mənbələri yoxlayır, mətn hazırlayır, onu tərcümə edir, şəkil, audio və ya video yaradır, materialları saxlayır, saytda və ya sosial şəbəkələrdə dərc edə bilir. Əslində, biz “Ford”un uğurunu təkrarladıq – axtarış, yoxlama, kontentin hazırlanması, idarə olunması, saxlanılması, qorunması və yayılması üçün konveyer tipli ekosistem qururuq.
– Qazaxıstana səfərinizdən hansı gözləntiləriniz var və bu sahədə Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın hansı perspektivlərini görürsünüz?
– Biz “deeptech AI” startaplarının etdiyi klassik səhvə yol vermişdik. Düşünürdük ki, güclü məhsulu, çoxsaylı funksiyaları və texnoloji arxitekturanı göstərmək kifayətdir və müştəri dərhal onun dəyərini anlayacaq.
Görüşlərə gəlir, süni intellekt, avtomatlaşdırma, GEO optimallaşdırılması, SEO-nun artıq keçmişdə qalması (Search Engine Optimization – axtarış sistemləri üçün optimallaşdırma, saytı təkmilləşdirmək üçün tədbirlər kompleksi – red.), çoxdillilik, şəkil, video və audio generasiyası, məlumatların saxlanılması, təhlükəsizlik və distribusiya haqqında danışırdıq.
İnsanlar həqiqətən də maraqlanırdılar. Bizə “Bu, çox maraqlıdır”, “Bu, güclü texnologiyadır”, “Texniki inteqrasiyanı müzakirə edək” deyirdilər. Lakin görüşlərdən sonra daxili komanda ilə müzakirələr aparılır və heç nə baş vermirdi. Çoxlu isti söhbətlərimiz, amma çox az real növbəti addımlarımız olurdu.
Problem sadə insan qorxusu və bizim bu qorxu ilə necə işləməyimiz idi.
Biz bir görüş ərzində bütün platformanı göstərməyə çalışırdıq. Bizə elə gəlirdi ki, müştəri nə qədər çox imkan görsə, sövdələşmənin baş tutma ehtimalı da bir o qədər yüksək olar. Praktikada isə əksinə baş verirdi.
Biznes sahibi üçün fayda aydın idi. Lakin komanda ilə danışmağa başlayanda əməkdaş çoxsaylı funksiyalar görür və iş yerində öz mövqeyinə görə narahat olmağa başlayırdı.
Biz sahibkara deyirdik: “Kontent üçün lazım olan hər şey bizdə var”. O isə bunu belə anlayırdı: “Bu, sürətlə tətbiq edilə bilən, miqyaslana bilən ekosistemdir, vəsaitə qənaət etmək mümkündür, komanda daha sürətli və səmərəli işləyəcək, bir çox risk azalacaq və nəticələri artıq ilk ayda görmək mümkün olacaq”.
Əməkdaşlar isə bunu belə eşidirdi: “Artıq bizə ehtiyac yoxdur, bizi süni intellekt əvəz edəcək”. Bu, bizim üçün mühüm dərs oldu.
– Məhz bu problemlə “Silkway Accelerator” proqramına müraciət etdiniz?
– Bəli. Biz akseleratora işlək məhsul, təcrübə və çox geniş baxışla gəlmişdik. Lakin bütün bunları aydın və miqyaslana bilən biznes modelinə çevirmək lazım idi.
“Silkway Accelerator” çox qısa müddətdə bazarın sadəcə texnologiyanı görməsinin kifayət etməsi ilə bağlı illüziyamızı dağıtdı. Bizə sadə, lakin narahatlıq yaradan suallar verməyə başladılar. Müştərinin komandası niyə sizin texnologiyanızın tətbiqinə sevinməlidir? Əməkdaşlar niyə ixtisar olunmaqdan qorxmamalıdır? Kontent yaradıcıları niyə sizin texnologiyanızdan istifadə etmək istəməlidirlər?
Bir məqamda başa düşdük ki, bazarla kommunikasiyamızı demək olar ki, yenidən qurmalı olacağıq.
– Akselerasiyadan sonra nə dəyişdi?
– Söhbətə “biz hər şeyi necə gözəl və sürətli avtomatlaşdırırıq” sözləri ilə başlamağı dayandırdıq. Bunun əvəzinə konkret insanın konkret probleminə və həmin problemi onun yerinə keçmədən, işini asanlaşdırmaqla necə həll etdiyimizə diqqət yetirməyə başladıq.
Məsələn, əməkdaş bir materialın hazırlanmasına neçə saat sərf edir? Razılaşdırma nə qədər vaxt aparır? Əməkdaş eyni anda neçə ayrı servis, pəncərə və alətdən istifadə etməlidir? Kontent nə qədər tez-tez itir, təkrarlanır və ya gec dərc olunur?
Məhsulun özü isə kiçilmədi. Sadəcə, başlanğıc nöqtəsi dəyişdi. Müştərinin ilk gündən bütün ekosistemdən istifadə etməsi vacib deyil. O, bir prosesdən başlayıb, nəticəni görərək və daha sonra digər imkanları mərhələli şəkildə əlavə edə bilər.
– “Google for Startups”ın dəstəyi şirkət üçün nə deməkdir?
– Biz 100 min dollar məbləğində “Google Cloud” kreditləri əldə etmişik. Bunu düzgün izah etmək vacibdir: söhbət pul investisiyasından və ya şirkətdə pay əldə edilməsindən getmir. Bunlar infrastruktur və “Google Cloud” xidmətlərinin ödənilməsi üçün istifadə edə biləcəyimiz texnoloji resurslardır.
“AI startapı” üçün bulud infrastrukturu inkişafın əsas resurslarından biridir.
Platformamızdakı hər bir əməliyyat hesablama resursları tələb edir: mənbələrin təhlili, dil modelləri ilə iş, faylların emalı, materialların generasiyası, məlumatların saxlanılması, tərcümə, şəkillərin yaradılması və digər proseslər.
“Google for Startups”ın dəstəyi mühüm təcrübələrə qənaət etməməyə, yeni “Google Cloud” həllərini sınaqdan keçirməyə, yükü artırmağa və arxitekturanı miqyaslanmaya hazırlamağa imkan verir.
– Bu 100 min dolları akselerasiyanın əsas nəticəsi hesab etmək olarmı?
– Bu, akselerasiya zamanı əldə etdiyimiz mühüm və konkret nəticədir. Belə bir imkana görə “Astana Hub”a və “Google for Startups”a həqiqətən minnətdarıq.
Lakin mən proqramın dəyərini yalnız kreditlərlə məhdudlaşdırmazdım. “Google Cloud”da 100 min dollarlıq kredit bizə texnoloji resurs verir. Bundan əvvəl “Microsoft”dan 150 min dollar, “Cloudflare”dən isə 25 min dollar əldə etmişdik. Akselerasiya isə bizə biznesin özünə tənqidi yanaşmaq imkanı verdi.
İnfrastrukturu almaq mümkündür. Komandanın düşüncə tərzini dəyişmək, işləməyən hipotezlərdən daha tez imtina etməyi öyrənmək və məhsula maraqla onun üçün ödəniş etməyə hazır olmağı bir-birindən fərqləndirmək isə daha çətindir.
– Beynəlxalq ekspansiya üçün nə üçün məhz Qazaxıstanı seçdiniz?
– Qazaxıstan hazırda Mərkəzi Asiyada texnoloji sahibkarlar üçün əsas cəlbedicilik mərkəzlərindən biridir. Bizim ekspansiyamız da Mərkəzi Asiya və Türkiyə bazarlarından başlayır. Lakin bizim üçün vacib olan yalnız startap ekosistemi deyil. Qazaxıstan iri şirkətlərin, inkişaf etmiş media, fintex, telekommunikasiya, marketpleyslərin və gündəlik böyük həcmdə kontent istehsal edən çoxsaylı bizneslərin olduğu bazardır.
Ona görə də biz Qazaxıstana sadəcə növbəti satış bazarı kimi baxmırıq. Bura “InnMedia”nın uğurlu regional həll olmaqdan beynəlxalq texnologiya şirkətinə çevrilə biləcəyini sübut etməli olduğu məkandır.
– Qazaxıstanda özünüzü xarici startap kimi hiss edirsinizmi?
– Formal olaraq biz Azərbaycan startapıyıq. Mənşəyimizlə fəxr edirik və ilk təcrübəmiz məhz Azərbaycanda formalaşıb. Biz sadəcə hazır məhsulu Qazaxıstana satan Azərbaycan startapı olmaq istəmirik. Biz yerli tərəfdaşlar, müştərilər və mütəxəssislərlə birlikdə regional şirkət qurmaq istəyirik.
Artıq “InnMedia”nı Azərbaycanda yaranmış və inkişafının mühüm mərhələlərindən birini Qazaxıstanda keçən Mərkəzi Avrasiya startapı adlandırmaq daha doğrudur.
Bazarı fəth etmək mümkün deyil, onun yalnız etimadını qazanmaq olar. Yeni ölkəyə “Bizim əla texnologiyamız var, ona görə də indi hamı onu almalıdır” düşüncəsi ilə gəlmək olmaz. İnsanları dinləmək, uyğunlaşmaq, öz dəyərini sübut etmək və biznes haqqında formalaşmış təsəvvürünü bir neçə dəfə dəyişməyə hazır olmaq lazımdır.
Biz Qazaxıstana məhsulu miqyaslandırmaq üçün gəlmişik. Lakin nəticədə Qazaxıstan özümüzü – düşüncə tərzimizi, ambisiyalarımızın səviyyəsini və “InnMedia”nın hansı şirkətə çevrilməli olduğu barədə təsəvvürümüzü – miqyaslandırmağa başladı. (Azərtac)












