Qarşıdakı illərdə Naxçıvanda həyata keçiriləcək əsas layihələrdən biri dəmiryoğllarının çəkilməsi, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanın birləşdirilməsi, daha sonra dəmiryollarının Türkiyəyə uzadılmasıdır.
FED.az xəbər verir ki, bu gün Naxçıvanda səfərdə olan prezident İlham Əliyev televiziyaya müsahibəsində Azərbaycanla Naxçıvan arasındakı dəmiryolu əlaqəsi, Zəngəzur dəhlizi ilə bağlı görülən işləri, planları, eləcə də həll olunmalı məsələləri açıqlayıb.
«Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq».
Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının mövqeyi Qarabağ müharibəsinin başa çatması ilə bağlı 3 tərəfli memorandumda nəzərdə tutulmuşdu. Həmin vaxt Ermənistan tərəfi buna etiraz etmək istəsə də, cəbhədəki vəziyyət - Azərbaycan ordusunun uğurları vəziyyəti dəyişib.
«Təbii ki, yadınızdadır, İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar üçtərəfli bəyanat imzalanmışdır - Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında olan, - müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, – Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu, sadəcə olaraq, reallıqdır. Biz tarixi həm olduğu kimi bilməliyik, həm unutmamalıyıq və tarixin təhrifinə, o cəhdlərə heç vaxt imkan verməməliyik. O vaxt - noyabrın 9-da Şuşa işğaldan azad olunandan sonra Rusiya Prezidentinin vasitəsilə üçtərəfli danışıqlar gedirdi. Mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz mütləq öz əksini tapmalıdır. Ermənistan tərəfi buna razılıq vermək istəmirdi. Ancaq onun o qədər də böyük alternativləri də yox idi. Müharibə davam etdirilsəydi, əlbəttə, biz də itkilər verəcəkdik, amma Ermənistan daha çox itki verəcəkdi. Çünki onların qoşunları demək olar ki, mühasirədə idi və onları məhv etmək faktiki olaraq tam mümkün idi. Ona görə bunu istəməsələr belə Ermənistan buna razılıq verdi və o bəyanat hamıya bəllidir, orada xüsusi bir bənd var».
Bununla yanaşı, İlham Əliyev bildirib ki, 3-tərəfli sənəddə əksini tapsa da, müharibədən sonrakı 5 il ərzində bu istiqamətdə bir müddət heç bir iş görülməyib.
«Ancaq İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addım atılmamışdır. Dəfələrlə biz bu məsələni həm Rusiyaya, həm Ermənistana çatdırırdıq ki, vaxt gedir, bu bəyanat, onun vacib hissəsi icra edilmir və bu, dözülməz haldır. Müxtəlif vaxtlarda müxtəlif cavablar alırdıq, bu barədə çox danışmaq istəmirəm. Fakt odur ki, Ermənistan bunu hər cür uzatmağa çalışırdı. Rusiya tərəfi isə ya bunu təmin edə bilmirdi, ya da ki, hansısa başqa səbəblər var idi. Yəni fakt o idi ki, keçən ilin avqust ayına qədər məsələ dondurulmuş vəziyyətdə idi».
İlham Əliyev deyib ki, yalnız prosesə ABŞ prezidenti Donald Tramp qoşulandan sonra bu sahədə irəliləyişlər başlayıb:
«Amerika Birləşmiş Ştatlarında bu məsələyə yaxınlaşmağa başlayanda, - təqribən keçən ilin yaz aylarından, yazın əvvəlində başlanmış təmaslar nəticəsində artıq bu prosesə start verilmişdir, - təbii ki, Ermənistan-Azərbaycan normallaşma prosesinə öz töhfələrini verməyə çalışırdılar, buna hazır olduqlarını bildirirdilər. Təbii ki, bizim bir neçə önəmli şərtimiz var idi, o cümlədən Zəngəzur dəhlizi.
Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq - avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək. Yəni bu, məsələnin tarixçəsidir».
Öz tərəfindən Azərbaycan bu işlərə vaxt itirmədən başlayıb:
«İkinci Qarabağ müharibəsi başa çatar-çatmaz biz dərhal həm dəmir yollarının, həm də avtomobil yollarının bərpasına başladıq, o cümlədən Naxçıvana doğru gedən yolların tikintisinə. Bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir sıra xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir. Biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq, Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük. Çünki investisiyaları, sərmayələri daha vacib və təcili məsələlərin həllinə yönəltmək üçün».
Görülən işlər nəticəsində artıq gələn il dəmir yolu Ermənistan sərhədinə gəlib çatacaq: «O ki qaldı, Naxçıvan dəmir yolunun tikintisinə, hazırda işlər gedir. Mənim göstərişimlə Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində inşa işlərinə başlamışdır və olmayan hissələr yenidən tikiləcək. İki hissə mövcud deyildi, hər ikisi də Ermənistan sərhədinə yaxındır - biri Ordubad, ikincisi isə Sədərək rayonlarının ərazisindədir. Hər iki hissənin uzunluğu o qədər də böyük deyil, təqribən 3-5-7 kilometrdir. Qalan dəmir yolu isə prinsipcə işlək vəziyyətdədir və bu gün də ondan istifadə edilir və edilə bilər».
Dəmiryolları işə düşdükdən sonra tədricən onun yük daşıma qabiliyyəti də artırılacaq: «Bu gün mövcud olan dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon tondur. İlkin mərhələ üçün Zəngəzur dəhlizinin və ümumiyyətlə, Şərq-Qərb dəhlizinin bir qolu olan bu yolun fəaliyyətə başlaması kifayətdir. Amma bizim istəyimiz ondan ibarətdir ki, bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yük keçsin. Onun üçün bu gün mövcud olan dəmir yolu yenidən qurulmalıdır, reabilitasiya edilməlidir. Bu gün mənə verilən məlumat və təqdimat çox vacib idi. Mənim də göstərişlərim ondan ibarət idi ki, vaxt itirmək lazım deyil, Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır».












