Azərbaycan ilk vaxtlar nəqliyyat layihəsi kimi başlanan Zəngəzur dəhlizinə daha geniş baxır.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Naxçıvan səfərində televiziyaya müsahibəsində açıqlayıb.
Azərbaycanın əsas ərazisindən Zəngəzur dəhlizi ilə Naxçıvana enerji xətlərini çəkilməsindən danışan dövlət başçısı qeyd edib ki, məsələ bununla da məhdudlaşmaya bilər. Gələcəkdə Zəngəzur dəhlizi ilə neft-qaz kəmərləri də keçə bilər.
«Ona görə hesab edirəm ki, bu məsələyə (Naxçıvana enerji dihlizinin çəkilməsi ilə bağlı Ermənistanın mövqeyinə) tezliklə aydınlıq gətirilməlidir. Bu, Zəngəzur dəhlizinin, TRIPP-in ayrılmaz hissəsi olacaq. Çünki bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta buradan fiber-optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa, neft-qaz kəmərləri də keçə bilər.
Çünki nə qədər çox alternativlər olsa, hamı üçün o qədər də yaxşıdır. Ona görə Naxçıvanın enerji təhlükəsizliyi ilə əlaqədar suala cavab verərək, həm də əvvəl dediyim sözlərə qayıtmaq istəyirəm ki, burada tam dayanıqlı və sığortalı enerji sistemi yaradılır, faktiki olaraq yaradılıb, amma biz bunu daha da təkmilləşdiririk. Biz, əlbəttə ki, ixrac imkanlarını, o cümlədən Naxçıvan ərazisindən genişləndirməliyik.
Yenə də deyirəm, yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur. Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik».












