Naxçıvanda beşulduzlu hotel tikiləcək
Azərbaycan prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində qeyd edib ki, turizm də yeni inkişaf strategiyasının əsas istiqamətlərindən biri olacaq.
İlham Əliyev deyib:
“Əfsuslar olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir.”
Bu problemi həll etmək məqsədilə Naxçıvan şəhərinin mərkəzində yeni beşulduzlu hotelin təməli qoyulub.
Prezidentin sözlərinə görə, hotelin təxminən 2028-ci ildə hazır olması gözlənilir.
“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyulub
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, kompleksin ümumi sahəsi 1 hektardan çox olacaq. Ərazidə yeddimərtəbəli mehmanxana binası ilə yanaşı, texniki binalar və köməkçi sahələr də yaradılacaq. Mehmanxanada eyni vaxtda 307 qonaq qala biləcək. Burada 131 otaq, o cümlədən fiziki məhdudiyyətli şəxslər üçün otaqlar nəzərdə tutulub. Mehmanxana binasında müxtəlif ictimai-iaşə obyektləri, kafe, restoran, tədbir və ziyafət zalı yaradılacaq. Bu zal ziyafət zamanı 350, konfrans vaxtı isə 500 yerlik olacaq. Burada, həmçinin görüş, iclas və iş otaqları, idman zalı da yaradılacaq. Eyni zamanda, yeraltı avtodayanacağın inşası da nəzərdə tutulur.













