İxtisası turizmlə bağlı olsa da, planları tamam başqa istiqamətdə olur. Lakin zamanla işlər elə cərəyan edir ki, turizm sahəsinə gəlir. FED.az xəbər verir ki, bir müddət çalışdıqdan sonra isə bu sahədə öz işini qurur. Haqqında söhbət açdığımız şəxs Fariz Hacıyev, qurduğu şirkət isə “Fan turizm” MMC-dir. Hələ ki yalnız daxili turizm sahəsində fəaliyyət göstərən şirkətin rəhbəri gələcəklə bağlı planların böyük olduğunu deyir.
– Necə oldu ki, öz işinizi qurmaq qərarına gəldiniz?
– Ali təhsilim turizmlə – diyarşünaslıq, muzeyşünaslıq və tarixi abidələrin qorunması ilə bağlı idi. Lakin tələbəlik vaxtı turizmə meyllənmək fikrim yox idi, dövlət qulluğuna daha çox marağım vardı. Ali təhsilimi bitirəndən sonra hərbi xidmətə getdim, qayıdandan sonra dövlət qulluğuna hazırlaşana qədər müvəqqəti olaraq başqa bir sahədə çalışmaq istədim. Tələbəlikdən öncə restoranda çalışmışdım deyə, o işdən xəbərim vardı. Ona görə fikirləşdim ki, imtahana hazırlaşa-hazırlaşa bir az restoran işi işə məşğul olum. Şirkətlərdən birinin tabeçiliyində olan restoranda administrator kimi fəaliyyətə başladım. Sonra dövlət qulluğuna imtahan verdim. Birinci mərhələni uğurla keçsəm də, ikincidən kəsildim. Ona görə, qurduğum planlar təxirə düşdü. Muzey Mərkəzində işə başladım. Orada işləyən vaxt məndə turizmə maraq yarandı. Sonra əsgər yoldaşım mənə bələdçi işi olduğunu, özümü orada sınamağı təklif etdi. Mənlik olmadığını desəm də, sonra fikrimi dəyişdim, işə başladım. Amma yenə də tərəddüddə idim. Bir müddətdən sonra insanlarla işləməyə alışdım. O işin sayəsində bir az açılışdım. Bir ilə yaxın bu cür işləyəndən sonra daxili turizmlə bağlı iş qura biləcəyimi fikirləşdim. Ötən il mayın 9-u dostları yığıb belə bir iş görmək istədiyimi dedim. Dostlarımın birinin ixtisası turizmlə bağlı idi, o birilərinki yox. Onlar dedilər ki, alınmaz. Dedim ki, siz yanımda olun, mən bu işi quracağam. Həmin gün artıq işi qurmaq qərarı verdik.
– İşi qurmağa əsasən nədən başladınız? İlk olaraq hansı işləri gördünüz?
– İlk olaraq məktəblərə getdik, turlar təşkil etdiyimizi bildirdik, sosial şəbəkə səhifələri yaratdıq. Sonra zənglər gəldi, müəyyən maraq olduğunu hiss etdikcə, daha da həvəsləndik. Beləliklə, ilk turumuzu 15 mayda reallaşdırdıq. Məktəbli turu təşkil etdik. Dostlarımı da özümlə aparmışdım, onlar mənim bu işi bacardığımı əyani olaraq gördülər. Həmin turdan sonra sırf daxili turizm üzrə iş görməyə başladıq.
– İşi qurmaq üçün nə qədər maliyyəyə ehtiyac oldu?
– İşə başlayanda cibimdə 30 manat pul vardı.
– Həmin pulu işi qurmağa xərclədiniz?
– Firmanın loqosunu muzeydəki iş yoldaşım pulsuz hazırladı. Ona sadəcə, qonaqlıq verdim. 30 manatla posterlər hazırlayıb yaydıq. Həm də qeyd edim ki, əvvəllər turizm firması açmaq üçün 5000 manat rüsum ödəmək lazım idi. Ölkə rəhbərliyinin 21 dekabr 2015-ci il tarixli qərarı ilə bu rüsum ləğv edildi. Rüsumun olmaması bizim yolumuzu açdı və o xərcə də ehtiyac qalmadı.
– Öz işini quran gənclərlə söhbət edərkən, çox zaman dostlarının köməyini vurğulayırlar. Yeni iş quran zaman dostlarınızın köməyi nə kimi oldu?
– Dostların ən böyük köməyi inamdır. Dostun inamı insanı işi görməyə daha da gücləndirir. Maddi cəhətdən onsuz da əvvəldən kömək istəməmişdim. 30 manat kifayət edirdi. Hazırda firmanın direktoru mən olsam da, yaxın dostumla birlikdə çalışırıq, firmada ortaq pay sahibidir. Ümumilikdə isə 7 nəfər komanda şəklində işləyirik. Onlardan üçü – Bəşir, Rauf, Nicat yaxın dostlarımdı. Bu, mənim üçün çox rahatdır. Çünki ortada həm güvən var, həm də işin keyfiyyəti.
– İşə başlayanda çox adamda həvəs olur, lakin böyük bir qisimdə əvvəlki enerji tez ölür. Tempi qorumaq üçün nə edirsiniz?
– Turların maksimum dərəcədə yaxşı alınması üçün əlimizdən gələni edirik. Lakin hər tur istədiyimiz kimi alınmaya bilər, bəzən elə turist olur ki, nə etsən də, qane olmur. Bəzən bezdiyim vaxtlar da olur. Həmin məqamlarda turdan qayıdanda “bezmişəm”, “qurtardım” desəm də, evə gedib dincələndən sonra deyirəm ki, dayanmaq nədir, davam etmək lazımdır. Holdinq səviyyəsinə gələnə kimi bu işdən əl çəkməyəcəyik.
– Tur təşkil edərkən, həm də bir növ turistlərin nazını çəkirsiniz. Turistlərin kaprizlərinə dözmək çətindir?
– Turistləri razı salmaq elə də asan deyil. Hələ əksər hissəsi xanımlardırsa… Bəylər elə də kaprizli olmurlar, amma xanımlara hər şeyi bəyəndirmək olmur. Bəzən olmayan bir şeyi də tələb edirlər.
– Bütün şəhərdəki mağazaları gəzib, “normal heç nə yoxdur” deyən xanımların kaprizləri təbii ki çox olmalıdır…
– Bizim müştəri bazamızın 90 faizini xanımlar təşkil edir. Biz əminik ki, hansısa oğlan tur üçün zəng edibsə, reklamı o özü görməyib, hansısa xanım deyib. Çünki kişilər gəzməyə getmək üçün tura ehtiyac olmadığını, “özümüz yığışıb gedərik” deyirlər. Amma bu, çox zaman söz kimi ortalığa atılır və davamı gətirilmir. Xanımlar dəqiqliyi sevdikləri üçün tur bileti alırlar.
– Bəs zamanla gəlirləriniz necə dəyişir?
– İşə başladığımız gündən indiyə qədər əsas hədəfimiz müştərilərin inamını qazanmaq olub. Son zamanlar bəzi firmaların daxili turlarda insanları aldatması məqamı çox olub. Belə bir bazarda irəli getmək, normal şirkət qurmaq üçün müştərilərin inamını qazanmaq çox vacibdir. Sonra artıq pul qazanmaq haqda düşünmək olar.
– Fırıldaqçılarla yanaşı, bazarda güclü şirkətlər də var. Onlarla rəqabətə davam gətirmək üçün nələr edirsiniz?
– Nəqliyyat sisteminin yaxşı olmasını hər zaman diqqətdə saxlayırıq. Eyni zamanda, tur zamanı qiymətə restoranda səhər yeməyi də daxil olur. Bir çox turlar daha çox pul qazanmaq üçün səhər yeməyini ucuz restoranlara salırlar. Biz ən keyfiyyətli səhər yeməyi verilən yerlərə gedirik. Bizim üçün əsas olan işin keyfiyyətidir.
– Maddi gəlir olmasa, biznes necə davam edə bilər?
– Gəlirimiz də olur. Amma elə tur var ki, nəinki gəlir olur, hətta ziyana da işləmişik. Gəlir olmamağı o demək deyil ki, müştəri narazı getməlidir.
– Bütün rayonlarımıza tur təşkil edirsiniz?
– Bəli. Amma yayda ən çox Quba, Qax, İlisu, Şəki, Qəbələ istiqamətində olur.
– Aran rayonlarına necə?
– Aran rayonlarına turistlər getməkdə maraqlı olmurlar. Aran bölgələrinə ancaq maraqlı festival, tədbir olanda gedirik. Məsələn, keçən il Sabirabadda qarpız festivalı olmuşdu, ora tur təşkil etmişdik.
– Bəs şirkət olaraq özünüz maraqlı bir festival təşkil edib, insanları cəlb etmək haqda fikirləşmirsiniz?
– Məsələn, İtaliyada pomidor festivalı keçirilir. Bir meydanda təşkil edilir, insanlar bir-birlərinə pomidor atırlar. Mən Zirədə belə bir festival keçirmək haqda fikirləşirdim, ətrafdakılarla məsləhətləşdim. Dedilər pomidoru israf etmək olmaz, bizim ölkəyə uyğun deyil. Sonra o festival gözümdən düşdü. Yay vaxtı dondurma festivalı etmək olar. Amma harada edəcəyimi bilmirəm. Zirədə pomidor festivalı hələ də ağlımdadır.
– Səfərlərdə başınıza gələn maraqlı hadisələr olurmu?
– Bir dəfə avqust ayında Qəbələyə 2 günlük turumuz vardı. Həftələrdir Qəbələyə yağış yağmadığını öyrəndik, özüm də neçə vaxtdır ora tur təşkil etmirdim. Avqustun sonu getdik. Gəzib, axşam gecələyəcəyimiz istirahət mərkəzinə qayıtdıq. Şam yeməyindən sonra turistlər “mafiya” oyunu oynamaq istədi, “bisetka”nın altına yığışdıq. Təzə başlamışdıq ki, leysan başladı. Yağış o qədər güclü idi ki, turistlər heç kotteclərinə gedə bilmirdilər. Otel müdirinə zəng vurdum, hamını bir-bir maşınlarla kotteclərə apardılar. Turistlərin yerləşməsinə özümüz də nəzarət edirdik. Möhkəm də islanmışdıq. Ərazidə işıqlar da söndü, hər yer qaranlıq, otelin ərazisində də heç kim qalmayıb. Sürücü birtəhər gedib otağı tapdı. Hamı yerləşdirilmişdi, ikimiz qalmışdıq. Tərslikdən telefonumun enerjisi də bitmişdi deyə, yola işıq salıb otağımızı tapa bilmirdik. Birtəhər bilmədiyimiz bir istiqamətə qaçdıq. Təxminən bir metr dərinliyi olan palçığa düşdük. Palçıqdan deyinə-deyinə çıxıb güclə otağımızı tapdıq. Fotoqrafla mən su içində idik, titrəyirdik. Təzəcə yerimizə girib bürünmüşdük qapı döyüldü. İstirahət mərkəzinin əməkdaşı dedi ki, güclü qasırğa başlayıb, bir kottecin üstünə ağac düşüb, digərlərinə də düşə bilər, təcili bütün qonaqları evakuasiya etmək lazımdır. Dedi hamını yığaq avtobusa, qasırğa kəsəndən sonra qayıdarıq. Fənərlərlə işıq salıb kotteclərə getdik. İlk getdiyim kottecdə bir kişi qalırdı. Mənə dedi ki, bunun ayrı ləzzəti var, ölüm də olsa çıxan deyiləm, yatıram, qismət olsa, sabah səhər yeməyində görüşərik. Digərləri isə avtobusa yığışdı. Beləcə, çox gərgin anlar yaşadıq. Yaxşı ki, hər şey xəsarətsiz yekunlaşdı.
@Kaspi