Azərbaycanda məşğul əhalinin 65 %-i əmək müqaviləsi olmadan çalışır.
FED.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiq edilməsi qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi baxımından çox vacibdir: "Nəzərə alsaq ki, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 681 min nəfər, məşğul əhalinin sayı isə 5 milyon 105 min nəfər təşkil edir. Muzdla, yəni əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı isə 1 milyon 726 min nəfərdir. Bu da onu göstərir ki, məşğul əhalinin cəmi 35 %-i əmək müqaviləsi ilə çalışır, digər 65 %-i isə əmək müqaviləsi olmadan fəaliyyət göstərir. Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər də məhz bu nisbətin dəyişməsinə xidmət edəcək". (Report)













