Kiçik sahibkarlara 5 il müddətinə gəlir və mənfəət vergisi üzrə 25 faiz güzəşt təklif olunur.
Hansı sahibkarlar bu imkandan yararlana biləcək?
Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək
FED.az xəbər verir ki, bu barədə ATV-nin "İqtisadi zona" verilişinin efirində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev bildirib:
"Kiçik sahibkarlıq subyektlərinin də fəaliyyətinin dayanıqlığının təmin edilməsi və vergi yükünün optimallaşdırılması məqsədilə layihədə onlar üçün müəyyən şərtlər daxilində güzəştlər nəzərdə tutulur. Bəs bu güzəşt konkret olaraq hansı kiçik sahibkarlıq subyektlərinə şamil olunacaq?
Söhbət son iki il ərzində kiçik sahibkarlıq subyekti meyarlarına cavab verən, yəni dövriyyəsi və işçi sayı müvafiq meyarlara uyğun olan sahibkarlıq subyektlərindən gedir. Eyni zamanda, həmin subyektlərin dövriyyəsi əvvəlki illə müqayisədə 30 faizdən az azalmamalı, əvvəlki ilin sonuna isə vergilər və digər icbari ödənişlər üzrə borcu olmamalıdır. Məhz bu şərtlərə cavab verən kiçik sahibkarlıq subyektlərinin mənfəət vergisi üzrə hesablanan vergi məbləğinin 25 faizi həcmində güzəştdən yararlanması nəzərdə tutulur".
Təklif Vergi Məcəlləsinə dəyişiklik layihəsinə daxildir.













