“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov yanvarın 21-də Yaponiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.
FED.az xəbər verir ki, səfirliyin iki ölkə arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın güclənməsində xidmətlərini xüsusi vurğulayan sədr, diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb. Ölkəmizdə fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Yaponiya iqtisadi münasibətlərinin inkişafı, xüsusilə dağ-mədən sahəsində əməkdaşlığın qurulmasında səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşün davamında Z. İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Cəmiyyətin strateji planları və dağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılması istiqamətində görülən işlər haqqında bəhs edib. İdarə Heyətinin sədri müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun şanlı qələbəsi nəticəsində azad edilən ərazilərimizin iqtisadi sahədə, xüsusilə də dağ-mədən sektorunda əməkdaşlıq üçün geniş perspektivlər açdığını xüsusilə vurğulayıb.
Səfir Cuniçi Vada Yaponiyanın Neft, Qaz və Metallar üzrə Milli Korporasiyası JOGMEC-in fəaliyyəti haqqında danışaraq, sözügedən şirkətin neft və təbii qaz təminatı ilə yanaşı əlvan metal və mineral ehtiyatların tədarükü sahəsində ixtisaslaşdığını və bu sektorda Yaponiyanı uğurla təmsil etdiyini bildirib. Görüşdə sözügedən şirkətlə potensial əməkdaşlıq prespektivləri, təcrübə mübadiləsi, dağ-mədən sənayesinə investisiya qoyuluşlarının cəlb edilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Səfir investisiya qoyuluşu ilə yanaşı, daha bir perspektivli məsələnin Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllərin və ən qabaqcıl innovativ modellərinin Azərbaycanda tətbiq edilməsinin ola biləcəyini bildirib. Z.İbrahimov öz növbəsində, yataqlarla bağlı məlumatların rəqəmsallaşdırılması prosesində faydalı ola biləcək, o cümlədən yataqların geoloji kəşfiyyatdan istismaradək tələb olunan müddətin azalmasına şərait yaradacaq innovativ təşəbbüslərə Cəmiyyətin açıq olduğunu diqqətə çatdırıb.
Bu tip görüşlərin ölkələr arasında əməkdaşlığı daha da genişləndirməsi baxımından faydalı imkanlar yaradacağı xüsusi olaraq qeyd olunub.