Ötən həftə ABŞ Ticarət Nazirliyi noyabr ayı üçün şəxsi gəlir və istehlak xərcləri məlumatlarını açıqlayıb.
Hesabata görə FED-in inflyasiyanın gedişatını izləmək üçün yaxından izlədiyi Şəxsi İstehlak Xərclərinin Baza İndeksi (PCE) noyabr ayında 3.2% artıb. Bu indeksin 2021-ci ilin aprelindən bəri illik əsasda ən kiçik artım olaraq qeyd edilə bilər. İqtisadçıların proqnozları 3.3%-lik artımın olacağı yönündə idi.
Eyni dövrdə şəxsi xərclərin artımı ehtimal ediləndən aşağı olmuşdur. Məlumata görə, noyabrda fərdi xərclər 0.2% artıb. Proqnozlar isə 0.3% idi.
Noyabrda real şəxsi xərclər isə proqnozlara uyğun olaraq 0.3% artıb.
Şəxsi gəlir məlumatları da proqnozlara uyğun gəlib. Müvafiq olaraq, ABŞ-da şəxsi gəlirlər noyabrda 0.4% artıb. Oktyabr ayındakı məlumatlar 0.2%-dən 0.3%-ə redaktə edilib.
Analitiklər, FED-in inflyasiya göstəricisi olan Şəxsi İstehlak Xərclərinin Baza İndeksindəki yavaşlamanın inflyasiyanın aşağıya doğru getdiyinə işarə etdiyini və bankın gələn il faiz dərəcələrini azaltmağa başlayacağına dair ehtimalları gücləndirdiyini bildirib.
Dolların altı valyuta səbəti qarşısında gücünü ölçən dollar indeksi geridə qoyduğumuz həftə ərzində 101.46 bəndə qədər gerilədikdən sonra, bir qədər bahalaşdı və həftəlik şamını 101.74 bənd səviyyəsində bağladı. Analitiklər hesab edirlər ki, DXY 103.50 bənd səviyyəsindəki müqavimət həddinin altında qaldığı müddətcə, dollarda eniş tendensiyası davam edə bilər.
Qeyd edək ki, Yeni il tətili ilə əlaqədar olaraq cari həftə ərzində ticarət həcmlərinin kəskin aşağı olacağı gözlənilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.