“Azərmaş Group” MMC-nin 10 milyon manat həcmində istiqrazlarının Bakı Fond Birjasında ticarətə buraxılmasına icazə verilib.
FED.az xəbər verir ki, istiqraz emissiyasıının anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Buraxılış çərçivəsində hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd istiqraz investorlara təklif edilir. Beləliklə, emissiyanın ümumi həcmi 10 milyon manatdır.
İstiqrazlar üzrə illik gəlirlilik 13%, tədavül müddəti isə 3 il müəyyən edilib. Faiz ödənişləri hər üç aydan bir – rüblük həyata keçiriləcək.
Emissiyanın mühüm xüsusiyyətlərindən biri istiqrazların nominal dəyərinin 60%-i üzrə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən zəmanətin verilməsidir. Emissiya prospektində qiymətli kağızlar təmin edilməmiş istiqraz kimi göstərilsə də, nominal məbləğin 60%-i İKZF zəmanəti ilə əhatə olunur.
İstiqrazların əsas göstəriciləri belədir:
• Buraxılış həcmi: 10 000 000 manat
• İstiqrazların sayı: 10 000 ədəd
• Nominal dəyəri: 1 000 manat
• İllik gəlirlilik: 13%
• Faiz ödənişi: hər 3 aydan bir
• Tədavül müddəti: 3 il
• İKZF zəmanəti: nominal dəyərin 60%-i
• Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC
«PAŞA Kapital» budəfəki istiqraz emissiyasının ölkədə ilk zəmanətli korporativ istiqraz buraxılışı olduğunu bildirib. Şirkətin məlumatına görə, həm fiziki, həm də hüquqi şəxslər istiqrazların alınması üçün anderrayterə müraciət edə bilərlər.













