"Dünya Bankı 2023-cü ildə apardığı qiymətləndirmədə göstərib ki, düzgün investisiya və səmərəlilik tədbirləri 2030-cu ilədək Orta Dəhliz üzrə ticarət axınlarını iki dəfə artıra, daşınma müddətini isə yarıya endirə bilər".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Onun sözlərinə görə, bu yanaşma hazırda Avropa İttifaqının Orta Dəhlizlə bağlı siyasətinin formalaşdırılmasında da öz əksini tapır.
Bundan başqa, nazir bildirib ki, bu gün Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycandan keçərək hər iki istiqamətdə fəaliyyət göstərir:
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Logistika Mərkəzi, dəmir yollarımız, gəmiqayırma zavodumuz və Xəzər yük donanması Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Cənubi Qafqaz və Avropa ilə birləşdirən Orta Dəhlizin əsas arteriyalarından və elementlərindən yalnız bir neçəsidir".












