Azərbaycanda xarici dövlətlərdə qeydiyyatda olan avtomobillərdən yol vergisi tutulması ilə bağlı yeni prosedur müəyyənləşir.
Eləcə də bax: "Elektromobillərə gömrük rüsumları düz tətbiq olunmur" - QANUN DƏYİSMƏLİDİR
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Gömrük Məcəlləsinə əsasən, yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.
Dəyişikliyə əsasən, yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulacaq və 1 bank günü ərzində dövlət büdcəsinə köçürüləcək.
Vergi Məcəlləsinə də analoji məzmunda dəyişiklik təklif olunur.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib. (Apa)