2026-cı ilin oktyabr ayında Azərbaycanın avtomobil bazarında median qiymət sentyabrla müqayisədə 3,7% artaraq 19 500 manata çatıb. Lakin bu artım avtomobillərin faktiki bahalaşmasından deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin strukturunun dəyişməsindən qaynaqlanıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) oktyabr ayı üzrə avtomobil bazarı hesabatında bildirilir.
Hesabata əsasən, oktyabrda avtomobil elanlarının sayı 7% azalaraq 37 531-ə düşüb. Orta satış qiyməti isə 1,9% artaraq 30 089 manat təşkil edib.
Bazarda nisbətən ucuz avtomobillərin payı azalıb, daha bahalı markaların xüsusi çəkisi isə yüksəlib. Belə ki, “LADA”nın elanlardakı payı 9,4%-dən 8,8%-ə, “Kia”nın payı isə 7,5%-dən 5,7%-ə enib.
AQP-nin hesablamalarına görə, dəyişən struktur qiymət indeksi oktyabrda 3,7% yüksəldiyi halda, eyni marka-modellərin qiymət dinamikasını ölçən sabit struktur indeksi cəmi 0,4% artıb.
Həm sentyabrda, həm də oktyabrda satışda qalan 7 156 avtomobilin 39,6%-də qiymət endirilib, yalnız 8,9%-də artırılıb. Bu avtomobillər orta hesabla 1,5% ucuzlaşıb.
Kütləvi seqmentdə “Hyundai Sonata”nın median qiyməti 2,4% artaraq 23 750 manata, “Ford Fusion”un qiyməti 1,6% yüksələrək 18 500 manata çatıb. “Hyundai Santa Fe” isə 1,4% ucuzlaşaraq 28 500 manata düşüb.













