Azərbaycanda avtomobil bazarında satış elanlarının sayı bir ayda 2 842 ədəd azalsa da, median təklif qiyməti 700 manat yüksəlib. Bununla belə, satışda qalan eyni avtomobillərin qiymətlərində azalma qeydə alınıb.
Azərbaycanda "İkinci əl" avtomobilləri yeni qaydada satılacaq
FED.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sentyabr və oktyabr ayları üzrə hesabatlarının müqayisəsi bunu göstərir.
Sentyabrda ölkə üzrə 40 373 avtomobil elanı qeydə alındığı halda, oktyabrda bu göstərici 7% azalaraq 37 531-ə düşüb. Median qiymət isə 18 800 manatdan 19 500 manata yüksəlib.
Maraqlıdır ki, hər iki ay satışda qalan 7 156 avtomobilin 39,6%-də qiymət endirilib, yalnız 8,9%-də artırılıb. Həmin avtomobillərin orta qiyməti 1,5% azalıb. AQP-yə görə, ümumi medianın yüksəlməsi bazarda daha bahalı avtomobillərin payının artmasından qaynaqlanıb.
Bölgələrdə median qiymət artımı Bakını üstələyib. Sentyabrda paytaxtda avtomobillərin median qiyməti 23 500 manat olduğu halda, oktyabrda 23 900 manata çatıb. Bölgələrdə isə göstərici 11 800 manatdan 12 500 manata yüksəlib. Beləliklə, median qiymət Bakıda 1,7%, bölgələrdə isə 5,9% artıb.
Bazarda 20 min manatdan ucuz avtomobillərin payı da azalıb. Sentyabrda elanların 53,3%-i bu qiymət kateqoriyasına daxil olduğu halda, oktyabrda onların payı 51,2%-ə enib.
Kütləvi modellər üzrə qiymət dinamikasında da dəyişikliklər müşahidə olunub. Sentyabrda 5,5% bahalaşan “Hyundai Sonata” oktyabrda daha 2,4% yüksələrək 23 750 manata çatıb. Əksinə, sentyabrda 3,2% bahalaşan “Hyundai Santa Fe” oktyabrda 1,4% ucuzlaşaraq 28 500 manata düşüb.
Bu göstəricilər avtomobil bazarında ümumi median qiymətin yüksəlməsinin bütün avtomobillərin eyni dərəcədə bahalaşması demək olmadığını göstərir.













