Azərbaycanda əhalinin düyüyə olan tələbatının yerli istehsal hesabına ödənilməsi, idxalın əvəzlənməsi üçün çəltik əkini və emalı sahəsinə diqqət artırılır, bu sahənin inkişafı stimullaşdırılır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sahibkarlar arasında kənd təsərrüfatının mühüm perspektivli sahələrindən biri sayılan çəltikçiliyə maraq daha da artır.
Dünya bazarlarında düyü - BAHALAŞA BİLƏR
FED.az "Azərbaycan Çəltik İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Rövşən Əliyevin ölkəmizdə çəltik istehsalı ilə bağlı mövcud vəziyyət, düyüyə olan tələbatın ödənilməsi üçün görülən tədbirlər və s. məsələlərlə bağlı müsahibəsini təqdim edir:
- Azərbaycanda çəltik istehsalı ilə bağlı vəziyyət necədir? Ölkədə nə qədər düyü istehsal edilir?
- “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edildikdən sonra ölkədə bu sahəyə maraq kifayət qədər artıb. Hazırda ölkə üzrə 2000-2200 nəfər çəltikçiliklə məşğuldur. Bildiyimiz kimi, ənənəvi olaraq çəltik əkən iqtisadi rayon Lənkəran-Astara bölgəsidir. Dövlət proqramında Biləsuvar rayonunda 1000 hektar sahədə çəltik əkmək nəzərdə tutulsa da, təəssüf ki, su problemi səbəbindən son 3 ildə burada işlər dayandırılıb. Buğda əkinindən fərqli olaraq, çəltik əkini daha gəlirli olduğundan İmişli, Salyan rayonlarında bu sahəyə maraq artıb, hektarlarla torpaq icarəyə götürülərək istifadə edilir. Şirvan bölgəsində - Zərdab, Ucar, Ağdaş, Göyçay rayonlarında da çəltik əkini artıb. Əkin sahələrinin 50 faizi cənub bölgəsində, 50 faiz isə adlarını qeyd etdiyim rayonlardadır. Bu, təqribən 4000 hektardan çox sahədə çəltik əkininin aparılması deməkdir.
- Çəltik istehsalı sahəsində builki məhsuldarlığın necə olacağı gözlənilir?
- Astara bölgəsində artıq çəltik yığımına başlanılıb. Builki istehsal göstəriciləri bizi qane edir. “Haşimi” sortu olan düyülər üçün hər hektardan 43 sentner məhsul götürəcəyi gözlənilir. Digər sortlar üzrə məhsuldarlığın daha çox olacağı proqnozlaşdırılır. Ümumilikdə builki istehsalın ötən ilkindən yüksək olacağı, təxminən 15-16 min tondan yuxarı məhsul yığılacağı gözlənilir. Bu, ötən illə müqayisədə 3-4 min ton çoxdur. Onu da qeyd edim ki, yaz aylarının yağmurlu olmasına, əkinin gec başlamasına baxmayaraq, əkin sahələrini artıra bildik.
- Yaxın perspektivdə ölkəmizdə daxili tələbatı ödəyə biləcək qədər düyü istehsal etmək mümkün olacaqmı?
- Zənnimcə, bu barədə danışmaq hələ çox tezdir. Çünki hazırda ölkə əhalisinin düyüyə olan illik tələbatı təqribən 45-50 min tondan çoxdur və bunun da 80-85 faizi idxal yolu ilə təmin edilir. Azərbaycanda ildə 15-20 min ton çəltik istehsal olunur.
Azərbaycanda ildə 15-20 min ton çəltik istehsal olunur.
Emaldan sonra isə bunun təqribən 30-40 faizi, başqa sözlə desək, 8-10 min tonu hazır məhsul kimi təqdim edilir. Tələbatı ödəmək üçün Özbəkistan, Qazaxıstan, Rusiya, Hindistan, Pakistandan düyü idxal edirik. Uzun düyülərin əsas satıcısı Şərq ölkələridir, yumru düyüləri isə Qazaxıstan, Rusiya və Özbəkistandan gətiririk. Yerli istehsal genişləndirilərsə, idxal nisbətən azala bilər.
- Sizcə, dünya bazarına ən çox düyü satan Hindistanın bu məhsulun ixracına məhdudiyyət qoyması nə ilə əlaqədardır?
- Hər bir ölkənin ərzaq təminatı ilə bağlı öz proqramı var. Dünyada ən çox əhali sayına malik ölkələrdən olan Hindistanda qidalanmanın az qala 80 faizini düyü təşkil edir. Buna baxmayaraq, Hindistan dünyanın ən böyük düyü ixracatçısıdır. Təbii ki, qlobal iqlim dəyişikliyi bitkilərin fizioloji inkişafına, məhsuldarlığına, keyfiyyətinə təsir edir. Digər tərəfdən, aqrotexniki baxımdan Hindistanda da buğdanın və düyünün istehsalında problemlər yaranıb, istehsalda müəyyən azalmalar müşahidə edilir. Ona görə Hindistan özü də buğda idxalı üçün ayrı-ayrı bazarlar axtarır. Bu səbəblərlə əlaqədar Hindistan istehsal etdiyi düyünün ixracına kvota tətbiq edib, ixrac qiymətlərinin 3-4 faiz artmasına qərar verib. Bu kvotalar əhalinin istifadə etdiyi nisbətən ucuz, ağ düyülərə aiddir. O ki, qaldı “Basmati” və s. kimi bahalı düyülərə, gəlirli olduğundan, Hindistan onların ixracını azaltmaq fikrində deyil. Bu qərarın verilməsinin əsas səbəbi əhalinin ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq, yerli bazarda qiyməti tənzimləməkdir. Hindistanın xaricə satdığı məhsulun qiymətini 3-4 faiz artırması, təbii ki, bizim bazara da təsir edəcək. Ancaq bu məsələ ilə bağlı bir narahatlıq görmürəm. Çünki bizim anbarlarda həm yerli istehsal, həm də idxal edilən düyümüz kifayət qədərdir.
- Çəltikçilk sahəsində toxumçuluqla bağlı vəziyyət nə yerdədir?
- Bu, istehsalçılarımızı narahat edən mühüm amillərdəndir, bütün görüşlərdə sahibkarlarımız keyfiyyətli, məhsuldar toxumla bağlı çatışmazlıqları qabardırlar. İndiyədək bu məsələ tam həllini tapmasa da müvafiq işlər gedir. Qeyd edim ki, bu il dövlət tərəfindən Pakistandan sınaq məqsədilə 16 tona yaxın toxum gətirilib və ayrı-ayrı fermerlər arasında bölüşdürülüb. Sınaq nəticələri yaxşı olarsa, gələcəkdə ölkədə düyü istehsalını artıra bilərik. Fikrimcə, gübrə və dərmanların gətirilməsində də dövlət dəstəyi artırılmalıdır.
Bu il dövlət tərəfindən Pakistandan sınaq məqsədilə 16 tona yaxın
toxum gətirilib və ayrı-ayrı fermerlər arasında bölüşdürülüb.
Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istərdim. Çəltiyin istehsalı ƏDV-dən azad edilsə də satışı ilə bağlı bəzi problemlər qalırdı. Sevindirici haldır ki, artıq bu məsələ öz həllini tapıb və çəltiyin satışı da ƏDV-dən azad edilib. Bütün bunlara baxmayaraq, xüsusən istehsalda subsidiyanın artırılmasına ciddi ehtiyacımız var. Ümidvarıq ki, dövlətin dəstəyi ilə bu istiqamətdə də istəyimizə nail olacağıq…
- Bir mütəxəssis kimi, bütövlükdə ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı mövcud durumu və bu sahədə çəltikçiliyin rolunu necə qiymətləndirərdiniz?
- Azərbaycan Prezidentinin yürütdüyü məqsədyönlü social-iqtisadi siyasət əminliklə bunu söyləməyə imkan verir ki, ölkə əhalisi ərzaq məhsulları ilə təminat baxımından heç bir çətinlik çəkməyəcək. Dövlətimizin ərzaq təhlükəsizliyi ilə bağlı mövcud proqramı var və müvafiq qurumlar bu proqram çərçivəsində əməli tədbirlər həyata keçirirlər. Hesab edirəm ki, çəltikçiliyi inkişaf etdirmək, özümüzü düyü ilə heç olmasa 50 faiz təmin etmək üçün bəzi torpaqları bu məqsədlər üçün istifadə edə bilərik. Korporasiya formasında birləşməklə müəyyən investorları cəlb edərək, dövlət dəstəyi ilə çəltikçiliyi köklü şəkildə dəyişdirmək olar. Muğan bölgəsində su altında qalan torpaqları, eləcə də cənub bölgəsində bəzi torpaqları çəltikçiliyə cəlb etməklə düyü idxalından olan asılılığımızı azalda bilərik. Buna nail olmaq üçün ölkəmizin kifayət qədər qüdrəti, çəltikçilik üçün yararlı torpaqlarımız, mütəxəssislərimiz var. Dövlət proqramının qəbulundan sonra Lənkəran-Astara bölgəsində 5 çəltik emalı fabriki qurulub.
Dövlət proqramının qəbulundan sonra Lənkəran-Astara
bölgəsində 5 çəltik emalı fabriki qurulub.
Hazırda müasir tipli iki dəyirman, qurutma, çeşidləmə fabriki inşa edilir. Bu, sahibkarların çəltikçiliyə olan marağının artmasının göstəricisidir. Bütün bunları nəzərə alaraq, Azərbaycanda çəltikçiliyin inkişaf perspektivlərinin uğurlu olacağına inanıram. (Vergilər.az)