Naxçıvanın Kəngərli rayonunun Çalxanqala kəndində yaşayan Mətləb Dünyamalıyev ailə təsərrüfatını böyüdür.
Bu ailə təsərrüfatında əsas istiqamət şərab istehsalıdır. Belə ki, təsərrüfatın özünəməxsus üzüm bağı vardır ki, istehsal olunan məhsulun xammalı da buradan tədarük olunur. Yerli şərabçılığın inkişafına töhfə verən təsərrüfat 2019-cu ildə muxtar respublikada keçirilən “Aktiv ailə təsərrüfatı” müsabiqəsinin nəticələrinə görə I yerə layiq görülüb.
Yaşadığı həyətyanı sahədə istehsal sahəsi quraraq işə başlayan təsərrüfat sahibi Mətləb Dünyamalıyev ötən dövrdə bu sahəni daha da genişləndirib. O bildirib ki, həyətyanı sahəsində, ümumilikdə, 110 kvadratmetr sahədə tikinti işləri, 80 kvadratmetr sahədə isə təmir işləri aparılıb. Eyni zamanda təsərrüfatda istehsal üçün istifadə olunacaq 9 yeni ağac çəllək, 10 xum, ümumi tutumu 8 ton olan 3 ədəd Rusiya istehsalı çən quraşdırılıb. Azərbaycanın digər regionlarından sifariş edərək gətirdiyi 150-250 litrlik çəlləklər palıd ağacındandır ki, bu da məhsulun keyfiyyətinə öz təsirini göstərir. Müsahibimizin sözlərinə görə, təmir-tikinti işlərinə və avadanlıqların alınmasına, ümumilikdə, 58 min manat vəsait sərf olunub. Bu vəsaitin 38 min 500 manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşür.
Hazırda təsərrüfatda ağ və qara olmaqla, 5 çeşiddə üzüm çaxırı və 1 çeşiddə üzüm arağı istehsal edilir. Şəxsi təsərrüfatda yetişdirilən “qara mələyi”, “ağ üzüm”, “sarı kişmişi” kimi üzüm sortları tədarük olunduqdan sonra əvvəlcə burada yuyulub təmizlənir, sonra emal prosesinə cəlb edilir. Gigiyenik qaydalara ciddi əməl olunan istehsal sahəsində bütün proseslər nəzarət altında saxlanılır. Ən sonda hazır çaxır məhsulları müxtəlif formalı və ölçüdə qablara doldurularaq satış obyektlərinə göndərilir. İstehsal edilən məhsullar yalnız muxtar respublikada deyil, Azərbaycanın digər regionlarında da satılır. Belə ki, təkcə 2022-ci ilin ötən dövrü ərzində 1 tondan çox məhsul ölkəmizin digər bölgələrinə göndərilib.
Məlum məsələdir ki, istənilən məhsulun istehsalı üçün xammalın olması şərtdir. Mətləb Dünyamalıyev də istehsal sahəsini genişləndirməklə yanaşı, əlavə olaraq 0,4 hektar ərazidə yeni üzüm bağı da salıb ki, bu da gələcəkdə məhsul istehsalının həcminin artmasına öz töhfəsini verəcək. Həmçinin təsərrüfat sahibi gələcəkdə viski istehsal etməyi də planlaşdırdığını qeyd etdi. Bildirdi ki, yerli ənənələrə uyğun olaraq təsərrüfatda istehsal olunan şərab məhsulları gələcəkdə muxtar respublika turizminə də töhfə olacaq. Həm də ona görə ki, burada istehsal olunan şərab məhsulları əl əməyinə əsaslandığına görə turizm baxımından cəlbediciliyi daha yüksəkdir. (naxcivanxeberleri.com)