Zaqatalada şabalıd əsasən Car, Mamrux, Yuxarı Çardaxlar, Ələsgər və Sabunçu kəndlərində həm şəxsi təsərrüfatlarda, həm də meşə ərazilərində yetişir. Yığım noyabra qədər davam edir.
Aqrar Subsidiya Şurası 2026-cı il üçün subsidiya əmsallarını açıqlayıb - ƏKİNLƏR, MƏBLƏĞLƏR, ŞƏRTLƏR
FED.az xəbər verir ki, rayonda fındıq mövsümü qurtarmamış kənd adamı artıq növbəti işin hazırlığına başlayır. Əvvəlcə bağlar təmizlənir, ağacların altı süpürülür ki, şabalıd çırpılanda yığmaq asan olsun. Havalar münbit keçəndə isə bu iş əsl bayrama çevrilir. Mamrux sakinləri şabalıdı da fındıq kimi iməciliklə toplayırlar.
Dağın ətəyindəki təsərrüfatda Gözəl İbrahimova ilə rastlaşırıq. O, artıq bir neçə gündür ki, hər səhər bura gəlir. Yığım yorucu olsa da, bu işin sahibləri can-başla çalışır.
– Gözəl xala, xeyirli olsun, bu ilin yığımına başlamısız. Necədi məhsulunuz?
– Şükürlər olsun, pis deyil. Amma hər il ağaclar quruyur, məhsul azalır. Bu il də onu görə bilərik, – deyir. Sonra əlavə edir ki, ağacların niyə quruduğunu, bu xəstəliklərin haradan yayıldığını özləri də anlaya bilmirlər.
Söhbət şabalıdın mətbəxdəki yerinə keçəndə Gözəl xanım bir anlıq əlini saxlayır:
– Əlbəttə, şabalıddan müxtəlif xörəklər hazırlayırıq. Axşamlar ailəyə bəs edəcək qədər qovurub yeyirik. Plov dəmləməsində isə möhtəşəm olur. Plovu dəmləyəndən sonra ya ət, ya çolpa ilə qaraaltısını edirik, başqa dadı olur. Bir də bizdə “cint”i deyilən özəl xörək var, onu tez-tez bişiririk.
Bir az aralıda şabalıd çırpanlar işə başlayıb. Onlara yaxınlaşıb məhsuldarlıqdan, xəstəliklərdən soruşuruq. Mamrux sakini Calal Davudov başını yelləyir:
– Məhsuldarlıq yenə əvvəlki illər kimi azalıb. Bu, ağacların qurumasından irəli gəlir. Üstəlik böcəklər peyda olub, mənşəyi bilinməyən xəstəliklər çıxıb.
O, keçmişi xatırlayır. Vaxtilə ildə bir neçə dəfə təyyarə və ya helikopterlə dərmanlama aparılarmış, xəstəlik də az olarmış.
– İndi bu işlər tamam unudulub, – deyir.
Digər təsərrüfat sahibi Ramazan Əhmədov isə problemin başqa tərəfini göstərir. Özü hər il ağaclarına lazım olan aqrotexniki qulluğu göstərir. Amma qonşuluqda bir-iki nəfər kimyəvi və ya digər qulluq etməyəndə, zərərvericilər sonra onun bağına da keçir. Nəticədə xəstəlik zəifləmir, davam edir. Ona görə də Ramazan kişi hesab edir ki, tədbirləri hamı birlikdə görməlidir.
Qiymətlərdən danışanda isə deyir:
– Əvvəlki illərə baxanda indi şabalıdın qiyməti qənaətbəxşdir. 5 manatdan başlayır, 11 manata kimi dəyişir. Bizim camaat məhsulunu nadir hallarda bazara aparır. Kəndimizə Şəkidən, Qəbələdən, Gəncədən gələnlər olur. Uzun illərdi bu işlə məşğul olanlar bəri başdan razılıq əsasında məhsulu alıb aparırlar.
Bağda gözümüzə dəyən bir şey də var. Şabalıd əsasən ağacları çırpmaqla yığılır. Bu ağacların hündürlüyü isə 20–30 metrə çatır. İnsanlar ora heç bir təhlükəsizlik tədbiri olmadan qalxır. Bu, həm cəsarət, həm də xüsusi çeviklik tələb edir. Yaşından asılı olmayaraq, bu işi təcrübəsi olanlar görür.
Ağacların qurumasının və xəstəliklərin səbəbini soruşmaq üçün Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zaqatala Dayaq Məntəqəsinin aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Nərgiz Abdullayevaya müraciət edirik.
– Son illərdə Şəki-Zaqatala bölgəsində qərzəkli meyvə bitkilərində xəstəlik və zərərvericilər yayılıb. Bunlardan biri “Dryocosmus kuriphilus” həşəratıdır. Son illərdə şabalıdda həddindən artıq çoxalıb. Həm məhsuldarlığa təsir edir, həm də ağacın qurumasına səbəb olur, – deyir.
Nərgiz Abdullayeva mübarizə tədbirləri barədə də danışır. Bildirir ki, əsasən texniki və mexaniki üsullardan istifadə olunur. Amma son üç ildir ki, bioloji mübarizə də aparılır. Həmin zərərverən həşərata qarşı “Torymus sinensis” adlı faydalı həşərat da gətirilib.
– Faydalı həşəratların çoxalması zərərvericilərin məhvinə müsbət təsir göstərir, – deyir alim. Bununla belə, o, kimyəvi, mexaniki və aqrotexniki tədbirlərin də görülməsini vacib sayır.
Sovet dövründə helikopterlə dərman çiləməsi barədə də danışan alimi sözlərinə görə, o vaxt bu üsul ümumi mübarizə vasitəsi idi və yetərincə fayda verirdi. Amma indi keçərli deyil. Çünki əksər təsərrüfatlarda arıçılıq inkişaf edib, mal-qara və quşların da kimyəvi çiləmədən zərər görmə ehtimalı böyükdür.
Son vaxtlar bəzi təsərrüfatlarda dronla kimyəvi çiləmə tətbiq olunur. Lakin hər kəs bunu öz vəsaiti hesabına etməli olduğu üçün geniş fayda vermir. Nərgiz Abdullayeva bütün hallarda yeni əkinlərin aparılmasını və kimyəvi mübarizənin davam etdirilməsini məqsədəuyğun hesab edir. (Azərtac)
















