Azərbaycanda icbari tibbi sığortanın fəaliyyətə başlamasından sonra ilk dəfə olaraq ambulator müalicədəki dərmanlar da icbari tibbi sıoğorta hesabına ödəniləcək.
FED.az xəbər verir ki, gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır.
Bu barədə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev bildirib.
R.Rzayev xatırladıb ki, hazırda icbari tibbi sığorta hesabına yalnız stasionar şəraitdə göstərilən tibbi xidmətlər zamanı istifadə olunan dərman preparatları və tibbi sərfiyyat materialları qarşılanır. Ambulator müalicə zamanı isə xəstələrə yazılan dərmanlar xəstələrin hesabına alınır. Gələn ildən isə vəziyyət dəyişəcək:
«Gələn ilin aprel ayından etibarən bu istiqamətdə də müvafiq mexanizmlərin tətbiqinə başlanılması planlaşdırılır. Bununla bağlı artıq funksional, qanunvericilik və normativ tərəflər hazırlanıb, müvafiq layihələr təsdiqə göndərilib. Yaxın günlərdə onların təsdiqlənəcəyini ehtimal edirik».
R.Rzayev bildirib ki, ilkin mərhələdə daha təxirəsalınmaz xəstəliklərdən biri olan arterial hipertenziyanın, yəni yüksək arterial qan təzyiqinin müalicəsini təmin edən və dəstəkləyən dərman preparatlarının 26 adda xidmətlər zərfi çərçivəsində vətəndaşlara təqdim edilməsi planlaşdırılır.
“Dövlət-biznes əməkdaşlığı müstəvisində özəl təşkilatlar, aptek təşkilatları bu dərman preparatlarının təminatı üçün agentliyimiz tərəfindən sistemə qoşulacaq. Onların həmin sistemə qoşulması elektron resept əsasında təyin olunmuş dərman vasitələrinin təminatının həyata keçirilməsi istiqamətində rolları böyük olacaq. Onların da müvafiq elektron rəqəmsal sistemlərə qoşulması ilə əlaqədar texniki tapşırıqlar hazırlanıb və Agentliyimiz tərəfindən aidiyyəti üzrə Səhiyyə Nazirliyi, eləcə də aidiyyəti strukturlara ötürülür”, – deyə o əlavə edib.













