“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tərəfindən təqdim edilən analitik sənədin məqsədi, regionda aqroturizmin inkişafı ilə bağlı problemləri, strateji məqsəd və hədəfləri təhlil etməklə, bu sahəyə cavabdeh olan qurumlar üçün tövsiyyə xarakterli məlumatların verilməsidir.
Dünyanın heç bir yerində mükəmməl və vahid aqroturizm konsepsiyası mövcud deyildir. Ancaq bütün bunlara ramən, Avropanın əksər dövlətlərində aqroturizm sənayesi uzun illərdir ki, sürətlə inkişaf edir və əlavə gəlir mənbəyinə cevrilib.
Ölkəmizin aqrar sektorunda çalışan insanlara əlavə gəlir mənbəyi təşkil etmək üçün, dağlıq və dağətəyi rayonların kəndlərində aqroturizmin inkişaf etdirilməsi çox böyük əhəmiyyət kəsb edir. Bu turizm növündən ən çox istifadə edənlər isə maliyyə baxımından orta təbəqəni əhatə edən insanlardır. Kənd yerlərində aqroturizmdən gəlir əldə edilməsi davamlı inkişaf konsepsiyası prinsipləri çərçivəsində mümkündür. Kənd təsərrüfatı üzrə mütəxəssis Ç.Gülalıyevin qənaətinə görə aqroturizmlə məşğulluq kənd təsərrüfatının inkişafına böyük stimul verir. Yəni, kənd təsərrüfatında çalışan insanlar nümunəvi müəsissələr yaradaraq, əldə etdikləri bioloji təmiz məhsulları insanlara nümayiş etdirməklə aqroturizm sənayesi yarada biliblər. Əldə olunan nailiyyətlər bir çox Avropa ölkələrində aqroturizm sənayesinin inkişafına yeni və iri həçmli sərmayələrin yatırılmasına təkan vermişdir. Buradan belə nəticəyə gəlmək olur ki, aqroturizm effektiv mikroiqtisadi modelə malikdir və iqtisadi cəhətdən pespektivli sahə sayılır.
Ötən əsrin 80-ci illərindən başlayaraq Qərbi Avropa ölkələrində aqroturizm sürətlə inkişaf etməyə başladı. Kəndin infrastrukturunun yaxşılaşdırılmasına və xüsusiilə kənd yollarının tikintisinə dövlətin dəstəyi artdı. Aqroturizmin inkişafından əldə edilən gəlirlərlə kənd təsərrüfatında yeniləşmə aparıldı və kəndlərdə yeni istiqamətli və perspektivli iş yerləri yaradıldı.
Qeyd etmək lazımdır ki, aqroturizmin inkişafında yerli hakimiyyətin (bələdiyyələr, yerli icra orqanlarının) müstəsna rolu var. Ona görə ki, yerlərdə aqroturizmin inkişafı üçün həvəsləndirici tədbirlərin və müxtəlif normativ sənədlərin qəbuledilməsi məhz onlardan asılıdır. Misal üçün, İtaliyada müxtəlif əyalətlərdə aqroturizmin inkişafı üçün əvvəllər yerli hakimiyyət, sonra isə mərkəzi hökumət qanunlar qəbul edib. Nəticədə İtaliyanın cənubunda, iqtisadi cəhətdən zəif inkişaf etmiş rayonlarda (Kalabri, Sicilya, Sardiniya və s.) aqroturizmin hərtərəfl iinkişafı üçün infrastruktur inkişaf etdirildi.
Aparılan araşdırmalardan məlum olmuşdur ki, aqroturizmin inkişafı üçün ilk addım kimi xüsusi dövlət və yaxud yerli təşkilatlar tərəfindən proqram hazırlanmalıdır. Xarici təcrübənin (məsələn, Almaniya) öyrənilməsi göstərir ki,aqroturizm sektorunda sürətli inkişaf dövlət tərəfindən hazırlanmış və çevik idarəçiliyə əsaslanan xüsusi proqram çərçivəsində daha effektiv olur.
Qeyd etmək lazımdır ki, AR Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmışturizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” 98 səhifədən ibarət olsa da, həmin sənəd strateji məqsəd və hədəf kimi ölkədə bütövlükdə ümumi turizmin inkişafını özündə əks etdirir. Eyni zamanda, bu sənəddə aqroturizmin sürətli inkişafı üçün çevik təsir mexanizmləri çox bəsit ifadə olunmuşdur. Bu sahə üzrə Turizm Şuralarının yaradılması nəzərdə tutulsa da, başqa təcrübələrdən istifadəyə istinad edilməyib. Bu sənəddə ən çox diqqət yetirilən sahə kimi milli parklar səviyyəsində turizmin inkişafı nəzərdə tutulub. Ancaq bununla belə, aqroturizmlə bağlı xüsusi qanun hazırlanana qədər, 23.11.2005-ci il tarixdə imzalanmış Ailə Kəndli Təsərrüfatı haqqında Azərbaycan Respubliksının Qanununa istinad etməklə, bu sahənin inkişaf etdirilməsi mümkündür. Belə ki, həmin qanunvericiliyin də məqsədi kənd yerlərində ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünüməşğulluğun stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin genişləndirilməsi və kənd yerlərinin inkişafının sürətləndirilməsidir. Müxtəlif təcrübələrə istinad etsək, görərik ki, bəzi Avropa ölkələrində aqroturizm sənaye subyektləri assosiasiyalar şəklində fəaliyyət göstərir. Məsələn, İtaliyada torpaq sahiblərinin ümumi konfederasiyası (Agriturist -Confagricoltura), milli aqroturizm və ətraf mühit, İspaniyada aqroturist mülki, fermer və kənd mehmanxanalarını birləşdirən assosiasiyalar fəaliyyət göstərir. Bəzi ölkələrdə isə dövlət aqroturist agentlikləri fəaliyyət göstərir. Məsələn, Macarıstanda birləşmiş kənd turizm aqroturist agentliyi, Polşada isə regionlar üzrə aqroturist birlikləri şəklində fəaliyyətə üstünlük verilir.
Aparılan araşdırmalar göstərir ki, Azərbaycan vətəndaşlarının hələlik bu sahəyə marağı çox aşağı səviyyədədir. Bunun da, ən başlıca səbəbi əhali arasında maarifləndirmə və məlumatlandırmanın aparılmaması ilə yanaşı, yerli infrastrukturların (yol, qaz, işıq, su və s.) istənilən səviyyədə olmamasıdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, aqroturizmlə məşğul olan firmalar da az saydadır. Bu hal keçmiş sovet ölkələrinin çoxuna xas olsa da, Belorus və Gürcüstanda son illərdə bu sahəyə ciddi diqqət yetirilməkdədir. Məsələn, iqtisadi və maliyyə imkanları Azərbaycandan az olan Belarusda bu sahə yeni olsa da, orada artıq müəyyən uğurlar əldə edilib. Bu ölkədə aqroturizmlə məşğul olmaq istəyən insanlara dövlət tərəfindən 7 il müddətinə illik 7%-lə kredit, ucuz torpaq sahəsi və lazımi texniki dəstək verilir. Qalmaq və istirahət etmək üçün normal şəraiti olan həmin kənd evlərində 1 nəfərin 1 gün qalmaq, yemək də daxil olmaqla xərci, təqribən 20-24 manat arasındadır. Gələn turistlərin normal istirahəti üçün hər cür şərait yaradılıb. Bu biznes sahəsi rentabelli sayılır. Bu sahənin inkişafı sayəsində yeni iş yerləri açılmış və kəndlərdən işçi qüvvəsinin axınının qarşısı alınmışdır. Bu ölkənin kəndlərində işsizlik 1,3% təşkil edir.
Halbuki, Azərbaycanda bu sahənin inkişafı üçün kifayət qədər təbiət və təsərrüfat resursları mövcuddur. Düşünürük ki, bu sahənin güclü inkişafı üçün xarici təcrübələri nəzərə alaraq ölkəmizdə də aqroturizmin inkişafına diqqəti artırılmalıdır. Bunun üçün zəruri infrastruktur, aqroturist təsərrüfatının inkişafı üçün idarəetmə mərkəzi, turagentlər üçün mərkəzi və regional səviyyədə məlumat bazası yaradılmalıdır. Yerli əhalinin əmək təcrübələrinin təbliğinə, kustar təsərrüfat mallarının turistlərə satılmasına, tarixi abidələrlə tanışlığa imkan yaratmaqla yanaşı, kəndlərin inkişafına, kənd əhalisinin gəlirlərinin daha da artmasına nail olmaq olar.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda aqroturizmi inkişaf etdirmək üçün münbit şərait çoxdur. Belə ki, ölkənin bir çox bölgələrində (şimal, cənub, şimal-qərb) bu sahənin hərtərəfli inkişafı üçün lazımi coğrafi və iqlim şəraiti mövcuddur. Qeyd etdiyimiz bu regionlar uca dağlar, füsünkar meşələr, dağ çayları, sərin bulaqlar və şəlalələr ilə hərtərəfli əhatə olunmuşdur. Təbiətlə bərabər, zəngin mətbəx də bu regionları daha cəlbedici və əhəmiyyətli edir.
Aqroturizmi inkişaf etdirməklə, insanların səfalı kənd yerlərində nəinki istirahət etmələrini, eləcə də, təbiətlə birbaşa harmoniyasını təşkil etmək mümkündür. Yəni, insanların istirahəti onların istifadə etdikləri evlərdə mövcud olan həm bitki və həm də, ev heyvanları ilə birbaşa təması deməkdir. Eyni zamanda, onların ekoloji təmiz qida qəbul etmələri, təmiz havada gəzmələri, səs-küylü həyatdan qısa müddətli də olsa təcrid olunmalarıdır. Təbii ki, burada maliyyə faktoru da əsas rol oynayır. Qiymətlərin əhəmiyyətli dərəcədə otel qiymətlərindən ucuz olması, bu sahəni daha da cəlbedici edəcəkdir, çünki, bu sahədə qiymətlər əhalinin bütün təbəqələri üçün münasib və əlçatandır.
Aqroturizm sektorunun inkişaf etdirilməsində dövlətimiz və cəmiyyətimiz aşağıda qeyd olunan müsbət nəticələrə nail ola bilər
- Bu sahənin inkişafı üçün seçilmiş kəndlərdə yeni iş yerləri açmaqla əlavə gəlir mənbəyi yaranır və bu da sosial gərcinliyi azaldır;
- Respublikadaxili və xarici miqrasiyya prosesində azalmalar baş verir;
- Yeni ideyalar və yanaşmalar əlavə sərmayə qoyuıuşuna gətirib çıxarır ki, bu da, aqrotuzmin hərtərəfli inkişafına stimul verir;
- Dövlət büdcəsinə daxil olmalar artır;
- Insanlarda sahibkar ruhu güclənir;
- Əhalinin yaşayış səviyyəsi artır və s.
Atılacaq addımlar:
- Ekoturizm üzrə xidmət paketlərinin hazırlanması;
- Elektron baza sisteminin yaradılması;
- Nəqliyyat vasitələrinin təklif etdiyi xidmətlərin təkmilləşdirilməsi;
- Bu sahənin inkişafı üçün müxtəlif dəstəkverici mexanizmlərin işlənməsi;
- Bu sahənin inkişafı üçün, ilkin kapital, bilik və bacarığın artırılması.
- Azərbaycanın şimal-qərb region üzrə mövcud vəziyyətin təhlili:
Rəsmi statistik məlumatlara görə, ölkəmizin şimal-qərb regionunun 72,4%-i kəndlərdə və 27,6%-i isə şəhərlərdə yaşayır. Bu regionun aqrar sektorunun iqtisadi təhlili göstərir ki, kəndlərimiz müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olsalar da, onların əksəriyyətinin əldə etdikləri gəlir ailələrinin normal dolanmaları üçün yetərli deyildir. Bu sektorda çalışan insanlar, əsasən dövlət tərəfindən verilən dotasiyalar hesabına vəziyyətdən çıxmağa çalışırlar. Yaşayış səviyyəsinin aşağı olması və iş yerlərinin azlığı, insanların (əsasən də gənclərin) böyük şəhərlərə və yaxın xaricə axın etməsinə səbəb olur.
Bu baxımıdan, “Uluçay” SİİM aqroturizmin inkişafı üçün müvafiq dövlət qurumlarına qısa tövsiyələrini təqdim edir.
TÖVSİYYƏLƏR
“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi apardığı araşdırmalar nəticəsində bu qənaətə gəlib ki, ölkəmizin şimal-qərb regionunda aqroturizm üçün coğrafi baxımdan geniş imkanlar mövcud olsa da, bu sahə hələ də öz inkişafını tapmayıb. Aqroturizmin inkişafı üçün real imkanlara malik olan kəndlərdə müvafiq infrastrukturu qurmaq üçün uzunmüddətli və böyük məbləğdə maliyyə yatırımı edilməlidir. Bu sahəyə dövlət tərəfindən dəstək göstəriləcək əsas istiqamətlərin aşağıda göstərilən sahələr üzrə verilməsi məqsədəuyğundur:
- Aqroturizmin inkişafı üçün məqsədli dövlət proqramı hazırlansın və tətbiqinə başlanılsın;
- Bu sahənin inkişaf etdirilməsi üçün müvafiq qanun və sərəncamlar hazırlansın;
- Bu sahənin inkişaf etdirilməsi üçün kəndlərdə müvafiq evlərin seçilməsi və təmiri, bərpası və eləcə də, istehlak avadanlıqlarının alınması, məqsədli, uzunmüddətli və aşağı faizli kreditlərin verilməsi təmin edilsin;
- Bu sahə ilə məşğul olan insanlara müəyyən bir müddət üçün vergi güzəştləri tətbiq edilsin;
- Qeyd etdiyimiz məkanlarda insanların bilik və bacarıqlarının artırılması üçün maarifləndirilimə kampaniyaları aparılsın.
Bu sahənin inkişaf etdirilməsi əlavə gəlir gətirən bir biznes növü olmaqla yanaşı, həmin kəndlərin iqtisadi inkişafına hərtərəfli təsir edər və ölkəmizin əyalətlərinin tanınması baxımından da böyük əhəmiyyət daşıyar.
Bunun üçün pilot layihə olaraq, ilk öncə ölkəmizin şimal-qərb bölgəsində yerləşən, tarixi abidələri, füsünkar təbiəti, şəffaf bulaqları olan kəndlərdə müvafiq infrastruktur yaradılmalıdır. Aparılan araşdırmalar göstərir ki, ölkəmizin şimal-qərb bölgəsində yerləşən aşağıdakı kəndlərdə aqroturizmin inkişafı iqtisadi baxımdan daha səmərəli və effektiv ola bilər:
Şəki rayonu üzrə: Kiş, Baş Küncüt, Biləcik kəndləri.
Oğuz rayonu üzrə: Baş Daşağıl, Xal-Xal kəndləri.
Qax rayonu üzrə: İlisu, Qaxbaşı kəndləri.
Zaqatala rayonu üzrə: Car, Yuxarı Tala kəndləri.
Balakən rayonu üzrə: Katex, Mahamalar kəndləri.
Qeyd: Azərbaycanın şimal-qərb regionunda yerləşən və aqroturizmin inkişafı üçün müvafiq potensialı olan kəndlərimiz daha çoxdur və hamısında da, bənzər imkanlar və problemlər mövcuddur. “Uluçay” SİİM olaraq belə hesab edirik ki, yuxarıda adları çəkilən kəndlərdə aqroturizmin inkişafı ilə bağlı pilot layihələr uğurlu olacaq və bu təcrübəni digər kəndlərdə də həyata keçirməklə aqrar sektorun inkişafına hərtərəfli stimul verəcəkdir.
uluchay.org